Arif Hacılı: Seçkilərin boykot edilməsi üçün kifayət qədər əsas var

Ölkədə seçki öncəsi demokratik şərait, bərabər hüquqlu rəqabət mühiti yoxdur, demokratik seçkilərin keçirilməsi üçün normal qanunvericilik bazası mövcud deyil, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altındadır

Source:


Ölkədə seçki öncəsi demokratik şərait, bərabər hüquqlu rəqabət mühiti yoxdur, demokratik seçkilərin keçirilməsi üçün normal qanunvericilik bazası mövcud deyil, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altındadır

Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi qətnaməni Müsavat Partiyasının üzv olduğu Avropa Liberallar İttifaqı hazırlayıb. Bu baxımdan sənəddə yer alan bəndlərin və hakimiyyətin sərt mövqeyinin doğurduğu sualları Müsavat Partiyasının başqanı Arif Hacılıya ünvanladıq.





Arif bəy, Avropa Parlamentinin 10 sentyabr qətnaməsini şərh edən hakimiyyət müdafiəçiləri hesab edir ki, sənəddəki məlumatlar Bakıdan ötürülüb. Qətnaməni isə Müsavat Partiyasının üzv olduğu Avropa Liberal-Demokratlar İttifaqının fraksiyası hazırlayıb. Bu baxımdan ittihamları necə qiymətləndirirsiniz və ittifaqla əlaqələriniz hansı səviyyədədir?

– Məlumatların Azərbaycandan verilməsi tamamilə doğrudur və bunları kiminsə ötürməsinə ehtiyac yoxdur. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə sirr olan bir məsələdə yoxdur. Bütün dünya Azərbaycanda siyasi məhbusların olduğunu, fundamental insan haqlarının pozulduğunu, iqtisadiyyat üzərində monopoliyanın, gömrük, vergi və başqa sahələrdə rüşvətxorluğun, ölkə miqyasında korrupsiyanın mövcudluğu hamıya məlumdur. Ona görə bu məsələlərin konkret kiminsə tərəfindən ötürülməsi ilə bağlı deyilənlər daxili təbliğata yönəlib. Diqqəti qətnamənin mahiyyətindən yayındırmaq məqsədi daşıyır. Müsavat Partiyasının Liberal İttifaqın nümayəndələri ilə intensiv əlaqəri var, sonuncu dəfə ittifaqın prezidenti, vitse-prezidentləri, fraksiya üzvləri ilə görüşümüz 2 ay əvvəl Brüsseldə olub. Görüşlərdə Azərbaycana aid problemlər müzakirə olunub. Hakimiyyət mövcud problemlərlə bağlı diqqəti başqa istiqamətə yönəltməkdənsə qətnamənin qəbuluna gətirib çıxaran səbəblər barədə düşünməlidir. İlk növbədə siyasi məhbusların azad olunması, siyasi və iqtisadi islahatların aparılması ilə vəziyyəti qismən də olsa dəyişdirmək olar. Yalnız bu yolla Azərbaycanı gözləyən ümumi böhrandan yayındırmaq mümkün ola bilər.



– Ancaq prezidentin köməkçisi Əli Həsənov Avropa Parlamentinin reallıq hissini itirdiyini deyir…

– Məncə, reallıq hissini itirən Azərbaycan hakimiyyətidir. Çünki Azərbaycan dünyaya meydan oxuyacaq gücə malik ölkə deyil. Azərbaycan hakimiyyətinin bütün dünyaya meydan oxuması yalnız iqtidar üçün yox, bütün ölkə üçün təhlükəlidir. Ona görə də iqtidar mənsubları beynəlxalq birliklə davranışlarında ritorikalarını dəyişdirməlidir.



– Qətnamənin 21-ci maddəsində qeyd olunur ki, Avropa Parlamenti Avropa Ittifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət Idarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq. Bu mənada Müsavat Partiyasının 1 noyabr seçkilərində iştirakını necə izah edərdiniz?

– Bu çağırış siyasi təşkilatların seçkilərdə iştirakına yox, Avropa İttifaqı tərəfindən seçkilərin müşahidə edilməsinə aiddir. Avropa İttifaqı adətən seçki kampaniyaları dövründə məhdud tərkibli müşahidə qrupu göndərir. Avropa ölkələrində müşahidə missiyasını yerinə yetirən əsas təşkilat ATƏT-dir. Artıq ATƏT 1 noyabr seçkilərini 380 müşahidəçi ilə müşahidə edəcəyi barədə qərar qəbul edib. Həm seçkilərdə iştirak, həm müşahidə olunması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. 25 illik siyasi fəaliyyətim dövründə hansısa beynəlxaq təşkilatın bizə seçkiləri boykot etməyə nəinki çağırışının, heç təklifinin də şahidi olmamışam. Bu mümkün də deyil. Ona görə də belə qərarlara soyuqqanlı yanaşmaq lazımdır. Müsavat Partiyası bütün məsələlərdə qərarlarlarını ilk növbə cəmiyyətin, demokratik düşərgənin və təşkilatın mənafelərini əsas götürərək, öz strukturlarında müzakirə edərək qəbul edir. Biz razılaşmışıq ki, baykot mövzusunu seçki kampaniyasının bir neçə mərhələsində, namizədlərin qeydə alınması, təbliğat kampaniyası və bilavasitə seçki ərəfəsi dövrdə müzakirə edək. Bu müzakirələr zamanı da qeyd etdiyim amillər əsas götürüləcək.



– Paradoks deyilmi, üzv olduğunuz ittifaqın fraksiyası seçkini müşahidənin onun legitimləşdirməsinə xidmət etdiyini vurğulayır, amma partiyanız prosesə qatılır və bununla seçkini legitimləşdirmirsinizmi?

– Bu məntiqlə sizin də məndən müsahibə almağınız Azərbaycanda azad mətbuatın legitimləşdirməsi kimi qələmə verilə bilər. Bugün partiyaların normal siyasi rəqabət şəraiti mövcud deyil. Bu o deməkdirmi ki, partiyalar öz fəaliyyətini davam etdirməklə ölkədə çoxpartiyalı sistemin mövcudluğu görüntüsünü yaradır? Yaxud azsaylı media orqanları fəaliyyət göstərməklə azad medianın mövcudluğu görüntüsünümü yaradır? Təəssüf ki, bu məsələlərə yanaşmalarda bəzi ekspertlərin və opponentlərin mövqeyi qüsurludur. Avropa Parlamentinin qətnaməsi bütövlükdə Azərbaycan hakimiyyətinə qarşıdır. Çox təəssüf ki, bəzi opponentlərimiz qətnamənin müddəalarını ölkə və müxalifdaxili siyasi mübarizənin predmetinə çevirməyə çalışırlar. Bu məsələləri qarışdırmaq laqzım deyil. Avropa İttifaqı Müsavat Partiyasına seçkiləri boykot etmək barədə müraciət etməyib. Belə müraciətin olması da mümkün deyil.



– Siz qətnamənin 21-ci maddəsini haqlı, yoxsa qeyri-real sayırsınız?

– Hesab edirəm ki, Azərbaycanda seçkiləri boykot edilməsi üçün kifayət qədər əsas var. Ölkədə seçki öncəsi demokratik şərait, bərabər hüquqlu rəqabət mühiti yoxdur, demokratik seçkilərin keçirilməsi üçün normal qanunvericilik bazası mövcud deyil, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altındadır. Belə bir şəraitdə seçkilərin azad və ədalətli olmayacağını indidən iddia etmək olar. Uzun illər bir çox seçki kampaniyalarına rəhbərlik etmiş bir adam kimi tam məsuliyyətimlə deyirəm: 1993-cü ildən bugünə qədər keçirilən bütün seçkilərdə qeyd etdiyim qüsurlar mövcud olub. Amma Azərbaycan müxalifət qüvvələri siyasi reallıqları, cəmiyyətin mənafelərini nəzərə alaraq seçkilərdə iştirak ediblər. Yalnız 1998 və 2008-ci il prezident seçkilərini boykot etmişik. Mən həmin qərarların da səhv olduğu qənaətindəyəm və o zaman da boykotun əleyhinə olmuşam. Hesab edirəm ki, Azərbaycanda demokratik dəyişikliklər hökmən seçki kontektsində baş verəcək. Müsavat Partiyası olaraq biz seçki kontekstdən kənarda olan hər hansı dəyişikliyin əleyhinəyik. Çünki biz Azərbaycanın demokratik inkişafının tərəfdarıyıq. Bir çox Şərqi Avropa və bəzi postsovet ölkələrində də demokratik dəyişikliklər məhz seçki kontekstində baş verib. Bu, Serbiyaya da, Ukraynaya da, Gürcüstana da aiddir. Hansı ölkələrdə ki, dəyişikliklər seçki kontekstindən kənarda baş verib bu ölkələr hələ də normal cəmiyyət qurmağa nail olmayılblar. Biz Azərbaycanın inkişaf yolunu təxminən Ukrayna və Gürcüstanda olduğu kimi görürük.



– Son Ukrayna hadisələri, Maydan hadisələri seçki çərçivəsindən kənara çıxmadımı?

– Xeyr, Ukraynada da demokratik dəyişikliklər seçki kontekstində baş verdi.




Əgər komissiyalarda müxalifətin bir nümayəndəsi yoxdursa, özünüzün dediyi kimi şərait anti-demokratikdirsə, seçki kontekstində vəziyyəti necə dəyişmək olar?

– Dəyişikliyə nail olmaq üçün buna heç olmasa cəhd etmək vacibdir. 2013-cü il prezident seçkiləri zamanı da seçki komissiyalarında bizim nümayəndələrimiz yox idi. Amma biz dəyişikliklərə nail olmaq üçün cəhd etdik. Hesab edirəm ki, müxalifətin həmin seçkilərdə əldə etdiyi nəticələr 2008-ci ildə boykotla əldə etdiyi nəticələrindən qat-qat üstün idi.

Ana səhifəXəbərlərArif Hacılı: Seçkilərin boykot edilməsi üçün kifayət qədər əsas var