İqtisadçı: ”Əsl korrupsiya mənbəyidir”
Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında
sərəncam
imzalayıb.
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya veriləcək.
Arıçılara subsidiya veriləcək
Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Kənd Təsərrüfatı Nazirliyinə isə Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat təqdim etmək, yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək tapşırılıb.
Pulu nazirlik, yerli icra strukturları və fermerlər 3 yerə bölüb-yeyirlər
İqtisadçı Natiq Cəfərli deyir ki, dövlət kənd təsərrüfatının istənilən sahəsində inkişaf istəyirsə, son məhsulun həcminə və keyfiyyətinə görə subsidiyalar ayırmalıdır. Fermerdə daha çox, daha keyfiyyətli məhsul istehsalı üçün maraq olmalıdır:
“Amma korrupsiya iştahı və bu sahənin lobbiçiləri həmişə formal say göstəricilərinə görə (məsələn, əkin sahəsinin həcminə görə) subsidiyalar ayırmaqla bağlı qərarlar çıxartdırırlar. Nəticədə “kağız üzərində” əkin sahələri artır, ayrılan pulu nazirlik, yerli icra strukturları və fermerlər 3 yerə bölüb-yeyirlər. Bunun isə iqtisadiyyata heç bir xeyri olmur”.
Məmurların kağız üzərində yeni “arı ailələri” peyda olacaq
İqtisadçı bildirir ki, “Arıçılığın inkişafı ilə bağlı” imzalanan sərəncam da bu qəbildəndir. Arı saxlayanlara hər pətəyə görə 10 manat subsidiya veriləcək:
“Əsl korrupsiya mənbəyidir. Kənd Təsərrüfatı Nazirliyinin işçiləri, yerli icra nümayəndələri üçün əla yem yeridir. Hətta regionlarda bəzi məmurların kağız üzərində yeni “arı ailələri” peyda olacaq. Kağızda pətək sayı artacaq, büdcədən pulu əməcəklər, bal istehsalı isə artmayacaq”.
İqtisadiyyata nə qədər “kolxoz” düşüncəsi ilə baxacaqsız?!
Natiq Cəfərli istehsalı artırmağın yollarını da izah edir. Deyir, bal istehsalını artırmaq istəyirlərsə, iki indikator müəyyən etməlidirlər:
“Həcm və Keyfiyyət. Kim daha çox, daha keyfiyyətli bal istehsal etsə, ona daha çox subsidiya verilsin ki, maraq yaransın! Bunu 3-cü kursda olan, yaxşı oxuyan istənilən tələbə deyə bilər. Heç olmasa, aranızda 3-cü kurs səviyyəsində təhsili olan birisi yoxdurmu?! İqtisadiyyata nə qədər “kolxoz” düşüncəsi ilə baxacaqsız?!”
Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin dövlət tərəfindən dəstəklənməsi 2016-cı ildən prioritet məsələyə çevrilib. Həmin il prezident İlham Əliyev pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında, eləcə də 2017-ci ildə “Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” sərəncamlar verib.
Həmin sənədlərə əsasən istehsalçılara iki ildir, tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat verilir. Bu ildən başlayaraq isə şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilməyə başlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin bilgilərinə görə, ötən mövsüm xam pambığa görə 20 719,3 min, quru və yaş tütünə görə 201,1 min, şəkər çuğunduru istehsalçılarına isə 1584,6 min manat subsidiya ayrılıb.