”Aqrar sektora ayrılan kreditlər effekt verməyəcək”

Vahid Məhərrəmov: ”Son illər kənd təsərrüfatına kredit qoyuluşu dollar ifadəsində 4 dəfə azalıb və bu istiqamətdə heç bir addım atılmır”

Source:


Vahid Məhərrəmov: ”Son illər kənd təsərrüfatına kredit qoyuluşu dollar ifadəsində 4 dəfə azalıb və bu istiqamətdə heç bir addım atılmır”

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2016-cı il ərzində müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 36 rayonunda fəaliyyət göstərən 233 fiziki və hüquqi şəxsə 11,4 mln manat güzəştli kredit ayırıb. Bu kreditlərin 78,4%-i heyvandarlığa yönəldilib.

Bu barədə “Turan”-a nazirlikdən bildiriblər.

Eyni zamanda Dövlət Xidməti beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 98 nəfərə 11846,9 min manat kredit verib.

Beləliklə, 2016-cı ildə Dövlət Xidmətinin xətti ilə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (23 mln 279 min manat) əvvəlki ilə nisbətən 0,4% azalıb.

2017-ci ildə hökumət Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə dövlət büdcəsindən 2007-ci ildən başlayan maliyyələşməni dayandırıb. Bu il onun xəti ilə kreditlər revolver vəsaitlər hesabına veriləcək

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhhərəmov Meydan TV

-yə deyib ki, ayrılan kreditin həcmi az olduğundan bu addımın aqrar sektora müsbət təsir edəcəyinə inanmır.

”Çünki hazırda kənd təsərrüfatına daha çox sərmayəyə ehtiyac var, qoyulan az sərmayələr normal effekt vermir. Ümumiyyətlə, son illər kənd təsərrüfatına kredit qoyuluşu dollar ifadəsində 4 dəfə azalıb və bu istiqamətdə heç bir addım atılmır. Məsələn, su sisteminin bərpasına ehtiyac var, bunun üçün 2 milyard dollar lazımdır. Əgər su sistemi qaydasına düşməsə ayrılan vəsaitlərin heç bir effekt olmayacaq. Səbəb aqrar sektorun kompleks yanaşma tələb etməsidir. Torpağın münbitləşdirilməsi, su sisteminin bərpası, mineral, üzvi gübrələrin alınması, yeni texnologiyanın tətbiqi, yeni sortların, cins heyvanların yetişdirilməsi, yəni bunlar az vəsaitlə aradan qaldırılası məsələlər deyil. Hökumətin hər il yaydığı hesabatlar isə inandırıcı deyil, çünki ötən ilki nəticələrə baxdıqda, mənzərənin acınacaqlı olduğunu görərsiniz”.

Ekspert yaranmış durumu hökumətin aqrar sektoru gəlirli saymaması, bankların isə bu sahəyə etibar etməmələrilə bağlayır:

“Bundan əlavə, fermerlərdən girov tələb edirlər, girov da paytaxtda mənzil olmalıdır. Bu amillər bir yerdə aqrar sektora kredit qoyuluşunu sıfra endirib”.

Ana səhifəXəbərlər”Aqrar sektora ayrılan kreditlər effekt verməyəcək”