“Rusiya istehsallı dərmanlar daha gətirilmir“
Azərbaycanda koronavirusa yoluxanların sayının artdığı bir vaxtda apteklərdən bəzi dərmanlar yoxa çıxıb. Xüsusilə antibiotik, ağrı kəsici, öskürək əleyhinə dərmanların qıtlığı yaranıb. Şəhərin müxtəlif istiqamətində yerləşən apteklərdən bildiriblər ki, rus istehsallı ucuz dərmanlar gətirilmir.
Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı aptekin satıcısı Meydan TV əməkdaşına bildirib ki, tələbat artdığından “Aspirin”, 90 qəpiyə satılan “Solotki” öskürək əleyhinə dərman çoxdandır gətirilmir. 90 qəpiklik dərmanın əvəzedicisi isə 5 manat 90 qəpiyə satılır. Bundan əlavə, öskürək əleyhinə istifadə olunan daha bir preparat,“ACC” də satışda yoxdur.
Ərazidə yerləşən digər aptekdən isə bildiriblər ki, “Teraflu”, Rusiya istehsalı “Naftizin” burun damcısı da artıq ölkəyə gətirilmir.
“Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən aptekin satıcısı jurnalistə deyib ki, öskürək və soyuqdəymə əleyhinə olan “Sulfakamfokain” bəzi apteklərdə yalnız daimi müştərilərə satılır. Çünki artıq bu dərmanın da ölkəyə gətirilməsi dayandırılıb.
Meydan TV əməkdaşı bir neçə aptekdən həmin dərmanla maraqlanıb və hamısından “yoxdur” cavabını alıb.
Aptek satıcısı Sevda Əliyeva bildirib ki, son 1 həftədə cəmi 2 dənə “Sulfakamfokain” gətirilib, onu da daimi müştərilərə satıblar:
“Son günlər dərmanlara tələbat artıb. Buna görə də bir çox dərman satışda yoxdur. Bir tərəfdən də Rusiya istehsalı dərmanların çox gətirilmir”.
“Zeytun” Apteklər Şəbəkəsindən isə bildiriblər ki, dərmanlara tələbat artdığından problemlər yaranır, amma bütün dərmanların əvəzediciləri var.
“Avromed Company”dən Meydan TV-nin suallarına cavab verilməyib.
Səhiyyə Nazirliyindən isə bildiriblər ki, dərman satışı özəl sektordadır, onlar bu məsələyə qarışmırlar.