Apolitik lider

Yaxud siyasi romantiklik dövrü qayıdır?!

Source:

Yaxud siyasi romantiklik dövrü qayıdır?!

Bütün böyük hadisələr kiçik, ən xırda və əhəmiyyətsiz şeylərdən başlayır. Böyük inqilabların, qanlı müharibələrin, dünyanın axarını birdəfəlik dəyişən hadisələrin təməlində əksərən ağıla gəlməyən, sadə, bəzən ümumiyyətlə, heç bir ilkin diqqətə layiq olmayan məsələlər durur. Ancaq bir sıra hallarda bu qaydadan istisnalar da olur, elə baş verənlərin özü kimi səbəbi də böyük və əhəmiyyətli olur. Ermənistanda baş verən son hadisələrin nümunəsindəki kimi. Serj Sarkisyanın hakimiyyəti növbəti dəfə əldə saxlamaq və siyasi ömrünü üçüncü (mahiyyət etibarilə sonsuza qədər) dəfə uzatmaq istəyi onun özünün və cəmiyyətin (?!) təəccübünə rəğmən sarsıdıcı və artan xətlə böyüyən etiraza səbəb oldu. Sözsüz ki, bunda kövrək siyasi yetkinlik və yaxud da hələ tam məhv edilməmiş siyasi iqlim qalıqları həlledici rol oynadı; erməni cəmiyyəti aldadıcı formada ona təqdim edilən siyasi konfiqurasiya varisliyi ilə barışmadı və qiyam etdi.

***

Qiyam balaca şeydi, bu, heç üsyan da deyil. Qansız-qadasız inqilabdı. Geniş xalq kütlələrinin aktiv cəlbi və iştirakı ilə baş tutan inqilab. İnqilabın tapıntısı isə əvvəllər heç kimin tanımadığı, yaxud az tanıdığı Nikol Paşinyan oldu. Onun gözlənilməz və ssenaridənkənar liderliyi düşündürücüdür. Paşinyan kimdi? Deputat, jurnalist, hansısa azsaylı parlament fraksiyasının lideri, keçmiş siyasi məhbus və s. Bunlar statistik məlumatlardı və düşünmürəm ki, bu təyinlər onun siyasi liderliyinin dərin sosial-psixoloji səbəblərini izah etmək üçün yetərlidi, nəsə doğru-dürüst, dolğun məlumat mənbəyidi. Bəs başqa nə(lər)? 43 yaşlı Paşinyan, Ermənistanın “qızıl gəncliyinin” – 70-cilərin nümayəndəsidir. Bizdə olduğu kimi, düşmən ölkədə də 70-cilərin bütün şüurlu ömrü siyasi təlatümlərdə, ağılsız və heç kimə lazım olmayan müharibədə və ekzistensial tərəddüdlərdə keçib. Bu təbii paraleldə yeganə bir fərq var, onlar ilk baxışda qalibdirlər. Amma bu qalibliyin xoş və aldadıcı illüziya olduğu bir balaca ağıl sahibləri üçün şübhə yeri qoymur.

***

Paradoks başqadır: Paşinyan obrazı köhnə, buna baxmayaraq cəlbedicidir və üstəlik də, yeni siyasi kontekstdə işə yarayır, həyat qabiliyyətlidir. Biz bu cür obrazlara ən yaxşı halda siyasi passionarlığın son illərində – 90-ların sonunda təsadüf edə bilərdik. Asketik sima, tük basmış batıq ovurdlar, bir balaca əyilmiş çiyinlər, sadə və nimdaş geyim, ağır, ləngərli yeriş hər əlaməti ilə siyasi romantiklik illərinin xarizmatik liderlərini xatırladır. Bu köhnə obrazı yalnız irəliləyən zamanın gətirdiyi modern aksesuar tamamlayır: hətta ən vacib görüşlərdə belə, heç kimə etibar etməyib, yanında saxladığı ruqzaqı. Yəqin ki, bu ruqzaq olmasaydı, mən özümü 80-ların, 90-ların ağılsız fədakarlıq və özündənkeçmə illərində hiss edərdim. İndi bütün dünyanı, o cümlədən erməni (azərbaycanlı) siyasi mühitini aşkar praqmatizm və ürəkbulandıran faydalılıq, üstəlik də lotu liberalizm bürüdüyü halda, bu köhnə obrazın yeni qayıdışı, bu azmış kimi aşkar uğur qazanması və cəlbedicliyi suallar doğurur. Siyasətdə “hər şeyin təzəsi, liderin (burda obrazın) köhnəsi” tezisi işləmir, ən azı son onillərin sınağı, birgə yaşadığımız acı təcrübələr bunu deyir. Bəs onda nədir, hansı əlahiddə səbəblərdir yüzminlik kütlələri onun ardınca çəkib aparan? Konkret bir cavab vermək çətindir hər halda. Məncə, Paşinyan öz xalqına, təmsil etdiyi kütləyə bənzəyir, onun bugünkü sosial durumu və həyat tərzini simvolizə edir. Ağır kasıbçılıq və sağalmaz ümidsizliyin süslədiyi fərəhsiz gündəlik həyat tərzinə yalnız və yalnız sonsuz xəyal gücü – rəngli və xoş arzular məna qatır. Erməni xalqı qarşısında dikələn şəxsin, ona rəhbərlik etmək iddiasında olan liderin ona oxşadığını, ondan biri olduğunu, onunla eyni ağır, gündəlik fərəhsiz həyatı bölüşdüyünü, amma gələcəyə inanılmaz işıqlı xəyal qurduğunu, vəd etdiyini bilir və bu obrazla özü arasında irreal əlaqə, rabitə qurur. Onun liderliyindən harın və eqoist, istənilən çətin situasiyada özünü düşünmə və laqeydlik instinkti tökülmür.

***

Erməni inqilabının nə ilə nəticələnəcəyi, Paşinyanın sonadək uğur qazanıb-qazanmayacağı hələlik məlum deyil, bilinmir. Amma bu, indi təfərrüatdır, heç vacib olan şey də deyil və daha çox üstündə dayanılası mövzu başqadı. Ortalıqda bir Paşinyan reallığı var, bu “obraz reallıq” müasir siyasi liderlə bağlı bütün streotip düşüncə və doğmaları alt-üst edir. Məncə, siyasi mübarizə müntəğəbatına əyani dərs vəsait kimi düşəcək bu hadisənin əsas özəllliyi dözülməz və riyakar siyasi mühitdə fərqli, bir az da qeyri-siyasi xarakter kəsb etməsidir: avtoritar, əbədiliyə iddialı siyasi rejimləri dəyişib, islah etmək işində müxalif özülə bir çimdik, yaxud bir az da çox apolitik elementlər qatmaq. Başqa uğur formulu var ki?!…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəApolitik lider