Apellyasiya Məhkəməsi Rüfət Səfərovun həbs hökmünü qüvvədə saxlayıb

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsi “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində çıxarılmış 8 illik həbs hökmünü qüvvədə saxlayıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səfərovun hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsinin iyunun 12-də çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Rüfət Səfərov iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Dövlət ittihamçısı onun 9 il həbs olunmasını istəmişdi.

Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

İttihama görə, Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmanquliyevdən 60 min manatdan çox pul alıb, lakin torpağı verməyib və pulu geri qaytarmayıb. İstintaq həmçinin iddia edir ki, 2024-cü il dekabrın 3-də İmanquliyev pulunu tələb etmək üçün Səfərovun yaşadığı binanın qarajına gedib, orada tərəflər arasında mübahisə yaranıb və İmanquliyev xəsarət alıb.

Rüfət Səfərov isə ittihamları qəbul etmir. O, məhkəmə proseslərində Natiq İmanquliyevi hadisədən əvvəl tanımadığını və ondan pul almadığını bildirib. Səfərovun sözlərinə görə, qarajda avtomobilindən düşərkən həmin şəxs ona hücum edib, az sonra polislər hadisə yerinə gələrək onu saxlayıblar. Hüquq müdafiəçisi cinayət işinin saxta olduğunu və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. Bir gün sonra Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Həbs onun ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində mükafatını almaq üçün Birləşmiş Ştatlara getməyə hazırlaşdığı vaxt baş verib. Səfərov daha sonra yaydığı bəyanatda həbsini həmin mükafat və hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib.

Dekabrın 10-da ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Müdafiəçisi Mükafatı ona qiyabi şəkildə təqdim olunub. O vaxtkı ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan hökumətini Rüfət Səfərovu və digər həbsdə olan şəxsləri azad etməyə çağırmışdı. “Amnesty International” və bir sıra digər beynəlxalq təşkilatlar da Səfərova qarşı ittihamların ləğvini və onun azadlığa buraxılmasını tələb etmişdi.

Rüfət Səfərov əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyib. O, 2015-ci ilin dekabrında prokurorluq sistemində işləmək istəmədiyini açıqlayaraq vəzifəsindən istefa verib.

Bundan sonra ona rüşvət alma ittihamı irəli sürülüb. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi Səfərovu 9 il müddətinə azadlıqdan məhrum edib. O, ittihamları qəbul etməyərək siyasi baxışlarına və hökumətə qarşı tənqidi mövqeyinə görə cəzalandırıldığını bildirirdi.

Səfərov 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. Sonrakı illərdə insan haqlarının müdafiəsi ilə məşğul olub və “Müdafiə Xətti” təşkilatının rəhbərlərindən biri kimi fəaliyyət göstərib.

2026-cı ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi onun 2016-cı ildəki məhkumluğu ilə bağlı şikayəti üzrə qərar verib. AİHM həmin cinayət işində Səfərova qarşı istifadə olunan sübutların etibarlılığının lazımi qaydada yoxlanılmadığı qənaətinə gəlib və onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyıb.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi Rüfət Səfərovun həbs hökmünü qüvvədə saxlayıb