“Anti-Azərbaycan” Qərb: burada təhsil alan deputatlar, məmurlar və onların övladları…

Azərbaycan-Qərb. Foto: arxiv

Avropada təhsil alan gənc fəal: “Prezident və məmurlar səmimi deyillər”

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyəti və səsvermə hüququ bir il müddətinə dayandırılıb.

Bundan bir neçə saat öncə isə Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırdığını açıqlayıb.

Bəyanatı səsləndirən Səməd Seyidov qərarı Azərbaycana qarşı olan ədalətsiz mövqe, “islamafob”, “azərbaycanafob” meyllərlə əlaqələndirib.

Sənəddə deyilir ki, 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb.

Bundan əvvəl də dəfələrlə Azərbaycanın hökumət rəsmiləri Qərbdə fəaliyyət göstərən təşkilatları, ayrı-ayrı dövlətləri anti-Azərbaycan və islamafob yanaşmalar sərgiləməkdə günahlandırıblar.

Həqiqətən də, belədir?

Görünür, nümayəndə heyəti bəyanatı hazırlayarkən ya bəzi məqamları unudub, ya da bilərəkdən təhrif edib.

Sərsəng su anbarı. Foto: Wiki

Məsələn, AŞPA ilk təşkilatdır ki, 26 yanvar 2016-cı ildə Sərsəng su anbarında ekoloji böhranın yaranması ilə bağlı 2085 saylı qətnamə qəbul edib.

Həmin sənəddə erməni silahlı qüvvələrinin də dərhal Qarabağdan çıxarılması öz əksini tapıb.

“Fəxri legionun kavaleri” rütbəli Seyidov və onun Parisdə təhsil alan oğlu…

Yaxud Avropa Şurasını “islamafob” və “azərbaycanafob” adlandıran nümayəndə heyətinin sədri, Fransanın “Fəxri legionun kavaleri” rütbəsinə layiq görülən Səməd Seyidov oğlunu xaricdə oxutdurub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Foto: Meydan TV

Onun oğlu Urxan Seyidov Fransanın paytaxtı Parisdə təhsil alıb. Halbuki Azərbaycanın rəsmi təbliğatında da Fransa ilə bağlı tez-tez “azərbaycanafob”, “islamafob”, yaxud “türkəfob” kimi ifadələr işlədilir.

Buna baxmayaraq, Səməd Seyidov Fransanın “Fəxri legionun kavaleri” rütbəsindən də imtina etməyib.

AŞPA-da nümayəndə heyətindəki Avropa və qərbtəhsilli deputatlar…

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin digər üzvləri Kamal Cəfərov, Pərvin Kərimzadə, Könül Nurullayeva də Qərb universitetlərində təhsil alıblar.

Kamal Cəfərov Böyük Britaniyanın London Kral Kollecində Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Antikorrupsiya elmləri üzrə” magistr, ABŞ-ın Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını bitirib.

Pərvin Kərimzadə Portuqaliyanın Minho Universitetinin, Avstriyanın Tətbiqi Elmlər Universitetinin, Böyük Britaniyanın Middleks Universitetinin, İsveçin KTH Kral İnstitutunun Beynəlxalq sertifikatları ilə təltif edilib.

Könül Nurullayeva İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alıb.

Ümumiyyətlə, Azərbaycan Milli Məclisinin üzvləri arasında həm özləri, həm də övladları Avropa universitetlərində təhsil alanlar az deyil.

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

Şəmkirdən mandat alan deputat Nurlan Həsənov Almaniyanın Bremen Universitetinin hüquq fakültəsinin “Alman hüququ və müqayisəli hüquq” ixtisası üzrə magistr pilləsini bitirib.

Bremen Universitetinin hüquq fakültəsində doktorluq elmi işi müdafiə edərək hüquq doktoru elmi dərəcəsi alıb.

Onun həmkarı Müşfiq Cəfərov da ABŞ-ın Minnesota Universitetinin dövlət idarəçiliyi təhsil kursunu keçib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq iqtisadiyyat və beynəlxalq siyasət” ixtisası üzrə xüsusi proqramını bitirib.

Digər deputat Məlahət İbrahimqızı Harvard Universitetinin Kennedi Proqramının ictimai səhiyyə, qadın və hakimiyyət kurslarında təhsil alıb, oğlu isə Londonda yaşayır.

Prezident Administrasiyası. Foto: Ovchinnikova Irina/shutterstock

Avropada təhsil alan Prezident qızı...

Eyni zamanda, bir qisim məmur var ki, özləri Qərbdə təhsil alıb, hazırda övladları da xaricdə yaşayır və ya təhsil alır. Hətta Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın bioqrafiyasında onun da İsveçrə və Böyük Britaniyada ali təhsil aldığı qeyd olunur.

Nyu-Yorkda bahalı mülklər alan nazir övladları, təhsil alan rəsmi şəxslər…

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlunun Nyu-Yorkda bahalı mənzil alması hökumətə yaxın mediada aylar əvvəl müzakirə predmeti olmuşdu.

Harvard Kennedi Məktəbini bitirənlər arasında Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun, Prezidentin köməkçisi Şahmar Mövsümovun, Vergilər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mətin Kərimlinin, Prezident Administrasiyasında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynlinin, Administrasiyanın baş məsləhətçisi Vüsal İsayevin, ABŞ-in Pasifik Universitetinin Makcorc Hüquq Məktəbində hüquq üzrə magistr dərəcəsi alan iqtisadiyyat naziri  Mikayıl Cabbarovun,  ABŞ-ın Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini alan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digərlərinin adını xatırlamaq yetər.

O zaman sual yaranır: əgər deputatların dediyi kimi, Avropa, Qərb “islamafob”, “türkəfob”durlarsa, onda özləri, övladları niyə məhz Avropada, Amerikada təhsil alıblar?

Deputat və məmur övladları üçün çətin olsa da, bilik almaq istəyirlər”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Meydan TV-nin bu mövzu ilə bağlı sualına belə cavab verib:

Asim Mollazadə
Mənbə: Meydan TV

“Təhsilin Avropa Şurasının və Avropa Birliyinin apardığı siyasətə bilavasitə aidiyyatı yoxdur”.

O əlavə edib ki, deputat və məmur övladlarının orada yaşamaqları çətin olsa da, bilik almaq istəyirlər:

“Avropanın səviyyəli universitetlərinin siyasətə aidiyyatı yoxdur”.

Tarixin ən böyük nailiyyəti kimi dərsliyə salınan “Əsrin müqaviləsi” Qərb şirkətləri ilə imzalanıb”

Norveçdə təhsil alan gənc fəal Rüstəm İsmayılbəyli  Meydan TV-yə deyib ki, Prezident və digər məmurların, deputatların Avropanı “azərbaycanafob”, “islamafob” və “türkəfob”luqda ittiham etməsi səmimi deyil:

Ola bilsin ki, Avropa müəyyən səviyyədə islamafobdur, bir qədər ksenofobiya problemləri var. Amma çox qəribədir ki, Avropanın çoxlu sayda dövlətinə neft-qaz satan Azərbaycan hakimiyyəti “köhnə qitə”ylə də problemlər yaşayır. Yaxud bütün dərsliklərə Azərbaycan diplomatiyasının nailiyyəti kimi salınan “Əsrin müqaviləsi” də Qərb şirkətləri ilə imzalanıb. Eyni zamanda, ölkənin başqa təbii ehtiyatlarını da Avropa şirkətləri istismar edir, Gədəbəyin Söyüdlü kəndində Böyük Britaniya Şirkətinin sianidin suya axıdılmasına razı olurlar, amma diskurs olaraq Qərbin islamafob və ksenofobundan danışırlar”.

Rüstəm İsmayılbəyli
Foto: Rüstəm İsmayılbəylinin şəxsi arxivi

İsmayılbəyli deyib ki, səmimi olaraq məmurların, deputatların iqtisadi və təhsil baxımından inkişaf edən ABŞ və Avropada təhsil almalarına əsaslar gətirmək olar:

Amma onların Qərb haqda tənqidləri siyasi fəaliyyətləri ilə üst-üstə düşmür. Onların siyasi baxışları Azərbaycanın təbii ehtiyatlarını Qərb dövlətlərinin istismarına verməkdən ibarətdir. Bəli, sabah bundan imtina etsələr, səmimiyyətdən danışmaq olar. Amma “Əsrin müqaviləsi”ni tarixin ən böyük nailiyyəti kimi dərsliyə salan hökumət Qərblə qarşıdurmadan danışa bilməz”.

Azərbaycanın irqçi adlandırdığı təşkilatda nə işi vardı?”

Milli Şuranın beynəlxalq məsələlər üzrə katibi Gültəkin Hacıbəyli Avropa Şurasını “irqçilik”də, “islamafob” və “azərbaycanafob”da ittiham etməyi ədalətsiz və ağır hesab edir:

Azərbaycan 22 ildir ki, Avropa Şurasının üzvüdür və ən azı xarici siyasətinin ən böyük uğuru kimi bu təşkilatla əməkdaşlıq təbliğ edilib. Sual yaranır: Azərbaycanın irqçi adlandırdığı təşkilatda nə işi vardı? Nə üçün 22 il gözlədilər, yalnız Avropa Şurası məlum qərarı verəndən sonra belə sərt bəyanat səsləndirildi?”.

Hacıbəyli deyir ki, İlham Əliyevin ilk dəfə Prezident seçkisinə qatılması da məhz onun nümayəndə heyətinin rəhbərliyi üzərində qurulmuşdu:

Foto: Gültəkin Hacıbəylinin “Facebook” səhifəsindən

“Azərbaycanın AŞ PA-ya üzv olması mütərəqqi addım idi və götürülən öhdəliklər də mütərəqqi idi. Amma nə yazıq ki, onların hamısı heçə endirildi, yalnız siyasi məhbuslar məsələsində fərqli mənzərə yarandı, 716 nəfər azadlığa buraxıldı. Amma sonradan məhbus konveyri işə salındı. İctimai Televiziya yaradıldı, ancaq hökumətin ruporuna çevrildi, Ombudsman İnstitutu da hökumətin maraqlarının müdafiəçisinə çevrilib, qanunvericilik, mülki-prosesual, cinayət məcəllələri qəbul edilsə də, icrası ilə bağlı böyük problemlər var. Yəni son 20 ildə Azərbaycan irəli yox, geri gedib. Hörmətli Cəmil müəllim demişkən, Azərbaycan Avropa Şurasını öz standartlarına yaxınlaşdıra bilib”.

Azərbaycanda baş verənləri yalnız erməni amili ilə bağlamaq düz deyil”

Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurasına qınaqları varsa, yalnız insan hüquqları ilə bağlı ola bilər:

Yəni niyə bu vaxta qədər reaksiya verilməyib? Əslində, “kürü diplomatiyası” ifşa olunanda Azərbaycana qarşı sərt tədbirlər tətbiq edilməliydi. Amma o prosesdə iştirak edən nümayəndə heyətinin rəhbəri sonradan AŞPA-nın digər qurumlarına seçildi. Bu, qəbuledilməzdir. Məncə, burada erməni məsələsi rol oynadı, onların Qarabağdan könüllü getməsini Avropa Şurasında zorakılıqla təqdim etməsi cəhdləri, etnik təmizləmə ittihamları var ki, tamamilə əsassızdır. Hətta BMT onlara heç bir zorakılıq edilmədiyini təsdiqləyirsə, üstəlik, hərbçilərin və hüquq-mühafizə orqanlarının ermənilər yaşayan ərazilərə daxil olmamışdan öncə, rusların olduğu bölgələrdən getmələri faktı varsa, bu ittihamlar əsassızdır”.

Avropa Şurası Parlament Assambleyası. Foto: Leonid Andronov/shutterstock

Hacıbəyli deyir ki, Azərbaycanda baş verənləri yalnız erməni amili ilə bağlamaq düz deyil:

İşgəncələr, repressiyalar, 200-dən artıq siyasi məhbus olmasaydı, seçki institutu bir parodiyaya çevrilməsəydi, azad media məhv edilməsəydi, bizim Avropa Şurasında deməyə çox sözümüz olardı. Amma bu gün insan haqları və demokratiya sahəsində o qədər bədnam durumdayıq ki, avropalı deputatlar ermənilərlə bağlı istənilən ittihama inanırlar. Çünki o qədər vədlər verilib və onlar yerinə yetirilməyib, ona görə hökumətin dediklərinə inanmırlar, Qarabağ məsələsini də buna şamil edirlər”.

İslahatlar həyata keçirilsə, azərbaycanlı deputatlar daha tez qayıda bilərlər”

AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak “Turan”a bildirib ki, nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi “azərbaycanafobiya” və “islamafobiya”nın təzahürü deyil:

Səbəb odur ki, Azərbaycan AŞPA-ya saymazlıq edir”.

Şennakın sözlərinə görə, Azərbaycan Assambleyanı qarşıdan gələn Prezident seçkilərinə dəvət etməməklə öz öhdəliklərini yerinə yetirmədi və Strasburqun müraciətlərinə məhəl qoymadı.

Stefan Şennak
Stefan Şennak. Foto: “Turan”

O əlavə edib ki, öhdəlikləri yerinə yetirmək məqsədi daşıyan addımlar Azərbaycan nümayəndə heyətini vaxtından əvvəl AŞPA-ya qaytara bilərlər:

“Biz qətnaməyə düzəliş etdik ki, islahatlar həyata keçirildiyi təqdirdə azərbaycanlı deputatlar daha tez qayıda bilərlər. Hesab edirəm ki, hökumət bundan istifadə etməlidir”.

Şennak azərbaycanlı deputatları “emosional olmamağa” çağırıb.

Bu, son deyil. Azərbaycanlı deputatları emosional olmamağa çağırıram. Bu qərarda irqçilik və islamofobiya yoxdur”, – deyə Şennak qeyd edib. 

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

Sabiq dövlət başçısı Heydər Əliyev Avropa Şurasında. Foto: “aliyevheritage.”

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Ana səhifəSiyasət“Anti-Azərbaycan” Qərb: burada təhsil alan deputatlar, məmurlar və onların övladları…