ANS rəhbərliyinin ölkədən çıxışına niyə qadağa qoyulmayıb?

Respublika Prokurorluğu ayrı-seçkiliyə aydınlıq gətirmir

Source:
Mirşahin Ağayev və Vahid Mustafayev
Mirşahin Ağayev və Vahid Mustafayev


Respublika Prokurorluğu ayrı-seçkiliyə aydınlıq gətirmir

2015-ci ilin sonlarından etibarən Respublika Prokurorluğu Meydan TV rəhbərliyinə qarşı açılmış cinayət işi ilə əlaqədar bir qrup jurnalistin ölkədən çıxışına qadağa qoyub.

Ötən həftənin sonu məlum olub ki, fəaliyyəti dayandırılan ANS televiziyasının əməkdaşı Qənirə Ataşovanın da ölkədən çıxışına qadağa qoyulub və ANS rəhbərliyinin fəaliyyətinə qarşı da cinayət işi açılıb. Lakin həmin cinayət işi üzrə yalnız bir nəfər jurnalistin ölkədən çıxışı məhdudlaşdırılıb.

Terrorçuluğun təbliğinə yönələn çağırış?

İstintaq İdarəsinin jurnalistin vəkili Elçin Sadıqovun sorğusuna göndərdiyi cavab məktubunda deyilir:

“Vəkili olduğunuz Ataşova Qənirə Möhübbət qızının ölkədən çıxışına qadağanın hansı əsasla tətbiq edilməsi və həmin qadağanın nə vaxt götürüləcəyinə dair məlumat verilməsi barədə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ünvanladığınız 07.11.2016-cı il tarixli, 801 nömrəli müraciətinizə baxılmış və ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işinə əlavə edilmişdir”.

Vəkilin prokurorluğa ünvanladığı sorğudan düz 13 gün sonra – 22 noyabr 2016-cı ildə ANS Şirkətlər Qrupunun rəhbərlərindən olan Mirşahin Ağayevin Türkiyədə olduğuna dair məlumat və videogörüntülər

yayılıb.

ANS rəhbərliyində təmsil olunan şəxslərin mütəmadi olaraq xarici ölkələrə səfər etdiyini telekanalın keçmiş əməkdaşlarından bir neçəsi də Meydan TV-yə təsdiqləyiblər. Onların sözünə görə, yalnız Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub və həmin qadağa da onun Fətullah Güləndən müsahibə alması ilə bağlıdır. Həmin müsahibənin ANS-in lisenziyasının ləğvinə səbəb olduğu bildirilir.

Aynur Elgünəş, foto: sosial şəbəkə
Aynur Elgünəş, foto: sosial şəbəkə

Baş prokurora açıq məktub

Vəkil Elçin Sadıqovun sorğusuna cavabdan sonra jurnalist Aynur (Elgünəş) Qənbərova onu dindirən Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Pərviz İbayevlə əlaqə saxlayıb qoyulan qadağanın nə vaxt götürüləcəyini soruşub. P.İbayev bu barədə istintaqın rəhbəri Əli Babayevlə əlaqə saxlamağı məsləhət görüb. Əli Babayev isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlamağı tövsiyə edib. Eldar Sultanovdan da münasibət öyrənə bilməyən Aynur Elgünəş “Facebook” vasitəsilə Baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb. Həmin məktubda deyilir:

“Cənab Baş prokuror, sizin qəbulunuza düşməyin çətin məsələ olduğunu bildiyim üçün bu soyuqda ayağımı Respublika Prokurorluğunun qarşısında dondurmaq istəmirəm. Bilirəm ki, ən yaxşı variant elə bura yazmaqdı, özünüz oxumasanız da, dostluğumda və ya izləyicilərim arasında olan poçtalyonlarınız yetişdirəcək. Ona görə də dərdimi anladım. Deməli, ölkədən çıxışımıza qoyulan qadağa ilə bağlı Ağır Cinayətlər Dair İşlər üzrə İstintaq İdarəsinə, ifadəmi alan Pərviz İbayevə zəng edirəm, deyir “mənim məlumat verməyə ixtiyarım yoxdur, Əli Babayevlə əlaqə saxla”, Əli Babayevə zəng edirəm, deyir “mənim məlumat verməyə ixtiyarım yoxdur, mətbuat xidməti ilə əlaqə saxla”, mətbuat xidməti də məlumat vermir, çünki ixtiyarı yoxdur. Belə başa düşdüm ki, əlac sizədir. Əgər sizin məlumat verməyə ixtiyarınız varsa, bir zəhmət sualımı cavablandırın; ANS Şirkətlər Qrupunun vəzifəli şəxslərinə qarşı “terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri faktı üzrə” cinayət işi açılıb. Necə olur ki, ANS-in rəhbərliyi və əməkdaşları ölkədən sərbəst çıxıb dünyanı dörd dolanırlar, amma biz 1 ildir ölkədə dustağıq? Bildiyim qədərilə suçumuz ancaq hakimiyyəti sevməmək və tənqid etməkdi. Sizin təmsil olunduğunuz hakimiyyəti sevməmək “terrorçuluğun təbliğinə yönələn çağırışlar etmək” ittihamından ağırdır?”

Eldar Sultanov
Eldar Sultanov

Yanvarın 9-da Meydan TV ilə əməkdaşlıqda günahlandırılan və ölkədən çıxışına qadağa qoyulan digər jurnalist Natiq Cavadlı mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb.

E.Sultanov bildirib ki, jurnalistlərin qadağanın qoyulması ilə bağlı müvafiq qaydada Baş Prokurorluğun rəhbərliyinə müraciət etmək hüquqları var.

Ona Baş Prokurorluğun rəhbərliyinə dəfələrlə müraciət olunduğunu və artıq məhkəmədə iddia qaldırıldığını söylədikdə, Eldar Sultanov “Əgər işə məhkəmədə baxılırsa, məhkəmə orqanlarına müraciətinizi davam etdirin” – deyə cavab verib.

Natiq Cavadlı
Natiq Cavadlı

Mətbuat xidmətinin rəhbəri bu iki cinayət işinə görə istintaqa cəlb edilmiş şəxslər arasında niyə ayrı-seçkilik qoyulduğuna aydınlıq gətirməyib.


Xatırlatma:

Meydan TV-yə qarşı başlanan cinayət işində 15 jurnalistin adı keçir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “Meydan TV”nin “vəzifəli şəxsləri”nə qarşı CM-in 192.2.2. (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkalkıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və  308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri üzrə cinayət işi aparılır. İlyarımdan artıq vaxt keçsə də, nə jurnalistlərin ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılır, nə də istintaqın gedişi barədə ictimaiyyətə məlumat verilir.

Ana səhifəXəbərlərANS rəhbərliyinin ölkədən çıxışına niyə qadağa qoyulmayıb?