“Şurada ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, buna səbəb kimi ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları göstərilib: “Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Şura onun yayımını dayandıra bilər”.
MTRŞ sədri qeyd edib ki, “ANS Müstəqil Yayım və Media” Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaq.
***
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
APA-nın yaydığı məlumata görə bu barədə qərar MTRŞ-nin dünən keçirilən iclasında qəbul olunub. Bundan başqa iclasda 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.