ANS-in fəailiyyəti, mahiyyəti, xidmətləri və ya antixidmətləri barədə heç nə yazmaq istəmirəm. Ona görə yox ki, sözügedən telekanal bu gün fəaliyyətini məcbur dayandırmalı olub və özü də qurbanlardandır və bu gün onlara qarşı “yıxılana balta vurmazlar” məntiqi ilə yanaşmaq lazımdır. Yox. Ona görə heç nə yazmaq istəmirəm ki, bu gün Putin rejiminin çəpikçalanına çevrilmiş Vladimir Bortkonun urvatlı vaxtlarında çəkdiyi “İt ürəyi” filminin qəhrəmanı professor Preobrajenski demiş, sadəcə, istəmirəm.
Yaxın keçmişdən bir mətbu orqan xatırlayıram. Gəncliyin tribunası olan, bir deputatın maddi dəstəyi ilə çıxan “Alma” qəzeti barədə. 2010-cu ildə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə qəzetdə özü barədə tənqidə davam gətirə bilmədi və qəzetin bağlanmasına nail oldu. Yadımdadır ki, o vaxt nəinki “Alma” ilə əməkdaşlıq edənlər, bu qəzetdən çıxıb, başqa gəlirli yerə gedənlər, hətta qəzetin sadəcə redaksiyasına gəlib, çay içən uşaqlar, oxucular belə qəzetin səsinə səs verdi, yazan, dəstəkləyən oldu. Bu gün də fəxrlə “mən “Alma” qəzetin oxuyub dəyişmişəm” deyən, qəzeti xoş hisslərlə xatırlayanlar az deyil.
“Alma”nın cəmi 4-5 illik bir tarixi vardı, özü də həftədə bir dəfə çıxan kasıb, yetim bir qəzet idi ki, ilk həmlədə də yox elədilər. Konservativ oxucu kəsiminin də bu qəzetə babat nifrəti vardı, həftə səkkiz, mən doqquz kiminsə yazısını oxuyub, özünü təhqir edilmiş hesab edənlərin redaksiyaya hücum etməsi də sıradan bir hal idi.
Dediyim odur ki, kifayət qədər marginal bir qəzet belə, bağlananda tərəfdar, dəstək tapdı.
İndi iyirmi ildən artıq bir tarixi olan telekanal bağlanır. Bu kanaldan bu iyirmi il ərzində nə qədər adam çıxıb. ANS-dən çıxıb, deputat olan, vəzifəyə gedən, məmur olan, şöhrət qazanan, başqa telekanala keçən nə qədər insan var. İndi mən ad çəkmək istəmirəm. Onsuz da həmin adamlar o qədər məşhurdular, adları o qədər üzdədir ki, hamı bilir söhbət kimlərdən gedir.
Maraqlı olan budur ki, ANS-çi vaxtlarında təpədən-dırnağa “aenesçi”olan, efir bir yana, normal halında da ANS dili, ritorikası, havası ilə danışan bu adamlar indi əzilən, sıxılan, bağlanan, məhkəmələrdə qalan ANS-ə heç olmasa sözlə, müsahibə ilə, nə bilim nə iləsə dəstək vermirlər? Tam ciddi deyirəm, bu ironiya-filan deyil, ittiham da deyil, bu sual, doğrudan da, məni çox düşündürür. Axı niyə ANS-dən çıxan o qədər adam bu gün susur, ANS-ə dəstək vermir? Yəni, doğrudan, ölkədə vəziyyət o qədər pisdir ki, insanlar özünü təhlükəyə atmaq istəmir? Yoxsa sadəcə özləri istəmirlər? İstəmirlərsə, niyə istəmirlər? ANS onlara nəsə bir pislik edibmi? Edibsə, nə pislik edib? Bu, necə bir əməkdaşlıq, necə bir jurnalist-telekanal münasibəti olub ki, insanlar ordan gedən kimi ANS-i unudub, yox bilib, kanalın başına iş gələndə isə bu qədər laqeyd dayana bilirlər?
Doğrudan da, bu suallar məni çox düşündürür və nə qədər axtarsam da, cavablarını tapa bilmirəm. Elə bil, təsəvvür edin ki, yaşlı-başlı bir adam ölür. Meyidi ortada, oğlu-qızı ağlaşır. Amma yasa gələn, təsəlli, başsağlığı verən, əl-qolunu çırmayıb ehsan hazırlayan heç kim tapılmır. Yas evi boşdur, bir insan da gəlib “yaxşı adam idi rəhmətlik, axır qəminiz olsun” demir. Halbuki bu adamın sağ vaxtı imkanları, dostları, gücü, nüfuzu olub, özü də çox olub, qılıncının dalı da, qabağı da kəsib. Bu, necə bir adam ola bilər? Bu, necə bir ölüm ola bilər? Ya o adamlar necə dost olublar, ya o imkanları bu adam nəyə xərcləyib ki, bu gün yas yeri boşdur, oğluna-qızına təsəlli verən tapılmır?!