ANS-də daha bir verilişin yayımı dayandırılıb (yenilənib)

“Hesabat” analitik-informasiya proqramının yayımı 1 ay müddətinə dayandırılıb

Source:


“Hesabat” analitik-informasiya proqramının yayımı  1 ay müddətinə dayandırılıb

————————————————————-



Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb. Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-ya suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı”.

ANS PRESS-in məlumatına görə, bu sözləri ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, milli serialların çəkilməsi üçün dövlət tərəfindən ANS-ə 40 min manat ayrılmışdı.

“İndi isə biz Şuradan soruşuruq — büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Qoy xalqın qarşısında cavab versinlər. Bu pullar hara gedib? Onları hara xərcləyirlər? Onlar gözləyirlər ki, biz belə xoş olmayan suallar verməyək. Lakin biz bu və digər tikanlı sualları verməyə davam edəcəyik. MTRŞ bununla bağlı göndərdiyimiz məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir.

Biz qanun çərçivəsində sabah məhkəməyə müraciət edəcəyik. Öz hüquqlarıımızı hüquqi yolla müdafiə edəcəkəyik. “Hesabat” verilişinin bağlanması qərarına qarşı mübarizə aparacağıq, məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanır və yəqin ki, yanvarın 23-də məhkəməyə müraciət edəcəyik. Artıq söz azadlığının başının üstünü məmurun aldığı ortadadır. MTRŞ-nın qərarı Azərbaycanda demokratiyaya zərbədir”, – deyə Mir Şahin Ağayev bildirib.Mir Şahin Ağayevin sözlərinə görə, məmurlar Azərbaycanda sovet senzurasını bərpa etmək istəyirlər: “Bu nə deməkdir? 2 cümləyə görə verilişi bağlayırlar. Əgər bu, senzura deyilsə, bəs nədir? Məmurlar jurnalistləri nəzarətə götürməyə çalışırlar ki, biz onların dediyi ilə oturub duraq. Lakin demokratik mətbuat buna yol verə bilməz. Əslində, MTRŞ dekorativ bir orqandır. Prezident ictimai nəzarətin gücləndirilməsini və bütün hadisələrə tənqidi yanaşma tələb edir. Məmurlar isə, əksinə, ictimai nəzarəti və prezidentin demokratik prinsiplərin qorunmasına yönəlmiş siyasətini əngəlləyirlər. Mən əminəm ki, prezident mütləq bu məsələyə münasibət bildirəcək və bu ədalətsiz qərarın ləğvi üçün hər şey edəcək. Mən prezidentə və onun ədalətliliyinə inanıram”.

ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova isə bildirdi ki, bu gün ANS-in əməkdaşlarını MTRŞ-nin iclasından qovublar və qərarı onlar olmadan veriblər.

Yanvarın 22-də  Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Toplantıda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilir ki, “ANS” televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması – proqramlarda  informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.

Qeyd olunub ki, ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunda  nəzərdə tutulmuş proqrama verilən tələblərin və televiziyanın fəaliyyət prinsiplərinin  pozulması ilə əlaqədar olaraq 30.09.2015-ci il tarixdə “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının, 05.10.2015-ci il tarixdə isə “Salam Azərbaycan” proqramının yayımı Milli Televiziya və Radio Şurasının qərarı ilə müvəqqəti dayandırılıb. “Reklam haqqında” qanunun tələblərini pozduğu üçün ANS TV Milli Televiziya və Radio Şurasının 05.10.2015-ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 6000 manat olmaqla  9 fakt üzrə 54 000 manat, Milli Televiziya və Radio Şurasının 13.10.2015–ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 5000 manat olmaqla 5 fakt üzrə 25 000 manat, ANS ÇM radiosu isə Milli Televiziya və Radio Şurasının 23.12.2015-ci il tarixli qərarı ilə 13 fakt üzrə 5000, 8 fakt üzrə 7000, 5 fakt üzrə 8000 manat məbləğində, ümumilikdə 26 fakt üzrə 161 000 manat məbləğində cərimə edilib.

MTRŞ ilə “ANS Müstəqil Yayım və Media Şirkəti” arasında milli televiziya serialı məhsulunun hazırlanmasına dair 02 dekabr 2014-cü il tarixdə bağlanmış 33 saylı müqavilənin tələbinə əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti” “Abşeron” serialının çəkilməsinə dair öhdəlik götürüb, buna müvafiq olaraq şura tərəfindən  “ANS Müstəqil Yayım və Media Şirkəti”nə 160 000 (yüz altmış min) manat vəsait köçürülüb. “ANS Müstəqil Yayım və Media Şirkəti” “Abşeron” serialını müqaviləyə uyğun olaraq 10 iyul 2015-ci il tarixədək təhvil vermək barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icra müddətindən xeyli sonra – 28 avqust 2015-ci il tarixdə müqaviləyə dəyişiklik edilməsi təşəbbüsünü irəli sürüb. Bundan sonra isəmüqaviləyə aidiyyatı olmayan tam başqa bir serialın – “Sevgi naminə” adlı serialın hesabatı MTR-ya təqdim edilib. MTRŞ tərəfindən isə bağlanmış müqaviləyə uyğun olaraq öhdəliklərin icra edilməməsi ilə əlaqədar olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı köçürülmüş vəsaitin geri qaytarılması barədə məhkəmədə iddia qaldırılıb: “Təssüflə bildiririk ki, ANS rəsmiləri yuxarıda qeyd olunan qanun pozuntuları ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən verilən qərarlardan, habelə həmin qərarlarla bağlı ANS Müstəqil Yayım və Medi Şirkəti tərəfindən məhkəmələrə olan şikayətlərin təmin olunmamasından düzgün nəticə çıxarmaq əvəzinə, öz efiri vasitəsilə Milli Televiziya və Radio Şurasınının ünvanına davamlı olaraq əsassız ittihamlar səsləndirilməklə ictimai rəyi çaşdırmaq yolu tutub.

Ana səhifəXəbərlərANS-də daha bir verilişin yayımı dayandırılıb (yenilənib)