Anne Brasseur: “Biz siyahıda olan insanların azad olunmasını tələb edirik”(VİDEO)


“İlqar Məmmədovla görüşmək üçün yenidən Azərbaycana qayıdacam”


Mayın 23-də “Alov qüllələri” hotelində AŞ PA sədri Anne Brasseur mətbuat konfransı keçirdi.

Səfər çərçivəsində prezident İlham Əliyevlə, parlament spikeri Oqtay Əsədovla, XİN rəhbəri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə keçirdiyi görüşlər barədə məlumat verən Anne Brasseur bildirdi ki, Azərbaycan AŞ-nin konvensiyalarının əksəriyyətini ratifikasiya edib: “İkincisi Avropa Şurası olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək məqsədi ilə qəbul etdiyimiz qətnamələri xatırlatmaq istərdim. Ərazi bütövlüyü şura yaradılandan üzv olan hər bir ölkə üçün əsas məqsəddir. Əlbəttə, irəliləyişlər barədə danışıramsa, nöqsanları da deməliyəm. Görülməli olan işlərin sayı xeyli çoxdur. Xüsusi ilə insan hüquqları, sərbəst toplaşmaq, söz, ifadə azadlığı sahələrində problemlər mövcuddur”.

Anne Brasseur bildirdi ki, o, bir neçə həftə əvvəl azadlıqdan məhrum olunan şəxslərlə görüşmək üçün müvafiq dövlət orqanlarına müraciət edib: “Onların arasında xüsusən İlqar Məmmədovu qeyd etmək istəyirəm. Amma səfərim zamanı görüş baş tutmayıb. Əgər dönəcəyim müddətdə onlar cəzaçəkmə müəssisələrində qalarlarsa, görüşmək üçün yenidən Azərbaycana gələcəm. İlqar Məmmədovun işinə gəldikdə, mayın 22-də Avropa Məhkəməsi vacib qərar qəbul etdi. Qərara görə, Məmmədovun məhkəməsi Avropa Konvensiyasının pozuntusuna səbəb olub. Sadəcə, ümid edirəm ki, İlqar Məmmədov sərbəst buraxılacaq”.

AŞ PA sədri assambleya üzvlərindən Fransa nümayəndə heyətinin rəhbəri Rene Rükenin Azərbaycana vizasının ləğv olunmasına da toxundu. Onun sözlərinə görə, vizanın ləğv olunması onlar üçün qəbulolunmazdır: “Çünki vizanın ləğvi Parlament Assambleyası üzvlərinin sərbəst şəkildə bütün toplantılarda iştirak hüququ barədə Paris Protokolunun pozulmasıdır. İstərdim ki, problemin həlli üçün jurnalistlər də bu cür sualları qaldırsınlar”.

O, 6 aylıq sədrlik dövründə Azərbaycanın islahatlar prosesini gücləndirmək üçün fürsət və imkanının olacağına ümid etdiyini də bildirdi.

Daha sonra Anne Brasseur jurnalistlərin suallarını cavablandırdı.

Meydan TV: “Azərbaycanda siyasi məhbuslar var, ya yoxdur? Çünki prezident Əliyev siyasi məhbusun olmadığını bildirir və Avropa Şurasının bununla bağlı meyarının müəyyənləşmədiyini söyləyir. Ona görə sualıma konkret cavab verin…”

Anne Brasseur: “Bu məsələlərlə bağlı AŞ PA-da müzakirələr keçirilsə də, qətnamə qəbul olunmadı. Amma Monitorinq Komitəsinin Azərbaycanla bağlı hesabatında siyasi məhbuslar məsələsinə aydın şəkildə toxunulub. Bəli, siyasi məhbusları vicdan məhbuslarından ayıran hansısa meyarlar mövcud deyil. Amma mayın 22-də vətəndaş cəmiyyətinin  nümayəndələri ilə görüşümüz zamanı bizə siyahı verildi. Mən prezident Əliyevlə və spiker Oqtay Əsədovla həmin siyahını müzakirə etmişəm. Biz siyahıda olan insanların azad olunmasını tələb edirik”.

Meydan TV: “Mən sualımı bir daha başqa cür qoyuram: Siz Azərbaycanda siyasi məhbusların olduğunu təsdiqləyirsiniz, ya yox?”

Anne Brasseur: “Mənim burda hüququm yoxdur və rolum da ondan ibarət deyil ki, siyasi məhbuslar tərifini verib, meyarlarını müəyyən edim. Bir daha deyirəm, bizə QHT-lər tərəfindən siyahı təqdim olunub və bu siyahını prezidentə, baş nazirə, parlament sədrinə vermişik. Siyahılarla bağlı problem mövcud idi, çünki müxtəlif təşkilatlar müxtəlif siyahılar təqdim edirdilər. İndi vahid yanaşma var və bu siyahını hökumətə göndərəcəyik, onlar da müəyyən edəndən sonra sualınıza cavab verəcəm. Amma o zaman ölkənizdə olmayacam”.

Meydan TV: “Azərbaycanda belə təəssürat yaranıb ki, üzv olandan sonra Azərbaycan Avropa Şurasını dəyişib, Avropa Şurası Azərbaycanı yox. Konkret, “Kürü diplomatiyası” hesabatı göstərilir, bəs nə oldu bu hesabatın sonu?”

Anne Brasseur: “Xeyr, Avropa Şurası nə Azərbaycan, nə digər dövlət tərəfindən dəyişdirilməmişdir. Çünki Avropa Şurası 147 dövlətin eyni bərabər zəmində fəaliyyət göstərdiyi, üzərinə bərabər öhdəlikləri götürdüyü bir təşkilatdır. Ona görə də biz eyni dəyərlərə xidmət edirik. Amma tənqidə gəldikdə, mən öz ölkəmdə, Lüksemburqdaydım, orda da hakimiyyət dairələrini bir sıra Avropa Şurasə konvensiyalarını ratifikasiya edilməməsi səbəbindən tənqid etmişdim. Tənqid çox vacibdir, zəif cəhətlər tənqid olunmalıdır ki, inkişaf da olsun. Tənqidi etməkdə məqsəd nə Avropa Şurasına, nə də hakimiyyətdə olan hansısa qüvvələrə fayda gətirməkdən ibarət deyil.  Bu, bütövlükdə 820 milyon əhalinin rifahı naminə tənqidlər edərək, nailiyyətlər əldə olunması üçün olduqca vacibdir”.

Amerikanın Səsi: “Krımın, Abxaziyanın, Osetiyanın işğalı ilə Qarabağın işğalı arasında Avropa dəyərləri baxımından hansı fərqlər var? Çünki AŞ PA Abxaziya, Osetiya, Krım işğalına görə Rusiyanın səs hüququndan məhrum etdi. Ermənistanla bağlı isə hələ də qərar yoxdur. Bu mənada dəyərlər nədən ibarətdir?”

Anne Brasseur: “Xeyr, biz eyni icmanın üzvü olduğumuzdan dəyərlərimiz fərqli deyildir və olmamaldır. Biz hansısa ikili standartlara yol verməməliyik. Dəyərlərdə heç bir fərq olmamalıdır. Bizim ən ümdə dəyərimiz ərazi bütövlüyüdür. Bütün ölkələrə münasibətdə bu məsələdə sadiq qalmalıyıq”.

Amerikanın Səsi: “ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı son seçkilərə qiyməti belə oldu: demokratik olmayan seçkilər. Müşahidəçilər səslərin sayılması zamanı 58 faiz çox və daha çox qanun pozuntuları müşahidə etdilər. Amma AŞ PA-nın müşahidə qrupu demokratik və ədalətli seçkilər keçirildiyini bildirdilər. Bilmək istərdik, Avropa Şurası ilə ATƏT-nin dəyərləri fərqlidirmi?”

Anne Brasseur: “Bizim müşahidə missiyamız qısamüddətlidir. Ancaq seçki günü ayrı-ayrı müşahidəçilər tərəfindən texniki pozuntuların olub-olmaması haqda informasiyalar əsasında hesabatımızı hazırlayırıq. 2010-cu il seçkilərində özüm müşahidə aparsam da, texniki qüsurlarla rastlaşmadım. Amma razıyam ki, iki bir-birinə ziddiyyət təşkil edən bəyanatlar olmamalıdır. Bu, demokratiyaya xidmət baxımından düzgün deyil, buna yol vermək olmaz”.

Ana səhifəVideoAnne Brasseur: “Biz siyahıda olan insanların azad olunmasını tələb edirik”(VİDEO)