Angela Merkelə açıq məktub

Ürəkdən gülmək üçün…

Source:

Mən Azərbaycan Respublikası vətəndaşıyam. Başqa vaxt olsa, izah edərdim ki, Azərbaycan haradır. Amma sizin ölkənin federal parlamentinin mütəmadi qəbul etdiyi qətnamələrdən görünür ki, siz bizim ölkəni yaxşı tanıyırsınız. Ona görə də izah etməyə ehtiyac yoxdur ki, biz necə bir qeyri-demokratik rejim altında yaşayırıq. Amma bir şeyi bilib-bilmədiyinizə əmin deyiləm.

Deməli, siz hər dəfə Almaniyada bizdəki insan hüquqlarının vəziyyətini pisləyən qətnamə qəbul etdikcə, bizim prezident və digər dövlət məmurları əsəbləşirlər. Onlar bizim hüquq və azadlıqlarımızı beynəlxalq yox, bizim yox, məhz özlərinin daxili işi hesab edirlər. Ona görə də sizin tərəfdən gələn hər hansı etiraz bizimkiləri əsəbləşdirir.

Dövlət televiziya kanalı, nazirlərin internet saytları (bizdə çox oxunan “müstəqil” internet saytlarının əksəriyyətini nazirlər maliyyələşdirir) Almaniya haqda o qədər komik böhtanlar yayırlar ki, biz ürəkdən gülmək üçün sizdən yeni qətnaməni səbirsizliklə gözləyirik.

Amma məsələ bunda deyil. Əsas problem odur ki, Qərbdən gələn hər hansı qınaq, etiraz bizdə siyasi məhbusların həbs müddətini daha da uzadır. Məsələn, əfv sərəncamı hazırlanır, müxtəlif kanallarla cəmiyyətə məlumat verilir. Lakin bayrama (Azərbaycanda əfv sərəncamları nədənsə bayram günlərindən bir gün öncə verilir) bir neçə gün qalmış avropalılar bizdəki insan hüquqlarını pisləyən bəyanat, qətnamə verirlər, ardınca bizim rəsmi şəxslər əsəbləşirlər, deyirlər ki, “bizə heç kim göstəriş verə bilməz” və əfv sərəncamı verilmir.

Əziz xanım Kansler!

Mən Sizə nə isə öyrətmək fikrində deyiləm. Lakin hesab edirəm ki, sizin prinsiplərə sadiqlik naminə verdiyiniz bəyanat və qətnamələr sadəcə gözdən pərdə asmaqdır. Çünki prinsipiallıq qətnaməni, bəyanatı verib ardınca qeyri-demokratik rejimlə ticarət etməyi, onu strateji tərəfdaş adlandırmağı, geopolitik maraqlara görə 1 ölkənin tədrici məhvinə göz yummağı istisna edir.

Siz prinsipial davranmaq istəyirsinizsə, gərək Azərbaycana bu münasibətinizi əməldə də göstərəsiniz. Yoxsa bu rejimin yaşaması üçün bütün tədbirləri görüb, üstündən də vəziyyəti tənqid edən, qınayan bəyanat, qətnamə vermək sadəcə siyasi həbsləri uzatmağa xidmət edir. Bu bəyanatları, qətnamələri mətbuata verməyə ehtiyac yoxdur. Rəsmi görüşlərdə yarım saatlıq gizli görüş olur, onda deyin üəryinizdəkiləri, onda hədələyin ki, sizinlə əlaqəni kəsərik və s.. Yoxsa gizli görüşlərdə legitimliyi tanıyıb parlamentdən “sizdə insan hüquqları pozulur” demək prinsipiallıq deyil.

Bizdə bir qrup “hüquq müdafiəçisi” var ki, hər bayramdan əvvəl “siyasi məhbuslar buraxılacaq” deyirdilər. O qədər yalançı çıxdılar ki, indi susublar. İndi siyasi məhbus ailələri bayramlara bir müddət qalmış tanrıya dua edir ki, xanım Merkel dövlətlərarası ticarət münasibətlərindəki kimi davransın, bizimkilərin əlini sıxsın, onlara güldən ağır söz deməsin, yoxsa onların övladları daha çox həbsdə qalacaqlar.

Hörmətli Angela xanım!

Qarşıdan Qurban bayramı, parlament seçkiləri gəlir. İnanırıq ki, bizim xalqın xilası ilə bağlı ciddi planınız yoxdur. Ona görə lütfən, bəyanat verməyin, qətnamə qəbul etməyin. Bunu Bundestaqa da çatdırın, xahiş edirəm. Buraxın başımızı, görək, kimi buraxırlar, kim qalır içəridə.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAngela Merkelə açıq məktub