Rauf Mirqədirov: ”Avropa Birliyi üzərinə məsuliyyət götürmür”
“Biz Azərbaycan və Ermənistanla tərəfdaşlıq haqqında razılaşma imzalayacağıq”.
“Report” yazır ki, bunu Almaniya kansleri Angela Merkel noyabrın 24-də Brüssel şəhərində “Şərq Tərəfdaşlığı” sammitinin açılışında
bildirib
.
Onun sözlərinə görə, Avropa İttifaqı üçün “Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətinin mərkəzi rolu aydındır:
“Şərq tərəfdaşlığı”nın bizim üçün də böyük əhəmiyyəti var. Bir tərəfdən insanların yaşayış səviyyəsi yaxşılaşır, demokratiya inkişaf edir, digər tərəfdən isə bizim təhlükəsizliyimizə təsir göstərir. Bu səbəbdən Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya sazişi imzalamağımızdan məmnunam”.
A.Merkel deyib ki, indi isə belə bir razılaşmanı Azərbaycan və Ermənistanla imzalayacağıq.
“Əlbəttə, assosiasiya razılaşması intensiv xarakterli deyil, ancaq biz onlarla əməkdaşlıq edəcəyik. Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdə əsas rolu bizim üçün aydındır. Bu səbəbdən ümid edirəm ki, bugünkü danışıqların gedişində həmin dövlətlərin ölkədaxili siyasi vəziyyətini də anlayacağıq”.
Almaniya kanslerinin açıqlamasını Meydan TV-yə şərh edən mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov Avropa Birliyinin üzərinə məsuliyyət götürməməsinə təəssüfləndiyini bildirib.
“Bu, ya bacarıqsızlıq, ya gücünün çatmaması, ya da istəyin olmamasından irəli gəlir. Məsələn, Ukrayna və Gürcüstanın durumu aydındır, Rusiya hər iki ölkənin ərazilərini işğal edib. Bəşəriyyət XXI əsrin əvvəllərində böyük bir dövlətin qonşu ölkələrin ərazilərinin işğalının şahidi olur, amma heç nə edə bilmir”.
R.Mirqədirov xatırladıb ki, 2008-ci ilin avqust hadisələrindən əvvəl NATO Ukrayna və Gürcüstana üzvlüklə bağlı planı təsdiqləməliydi. Amma Rusiyanın təzyiqi altında NATO bu planı təsdiqləmədi.
“Bununla Rusiya Avropa ölkələrinin onun təzyiqini qəbul etdiklərini anladı, ardınca da Gürcüstana qarşı hərbi müdaxilə etdi. 2014-cü ildə isə Avropa Birliyi ilə “Assotiativ Sazişi”ni imzalayan Ukrayna ərazilərini itirdi. Biz Krımın ilhaqın və Donbasın işğalını gördük. Əgər Gürüstanda açıq işğal var idisə, bu dəfə Rusiya heç bir beynəlxalq qanunları saymadan iradəsini gerçəkləşdirdi. Krım buna misaldır”.
Ekspert bu mənada Ermənistan prezidentinin 2013-cü ildə “Assotiativ Sazişi”ni imzalamasına bir neçə gün qalmış mövqeyindən imtina etməsini anlaşılan olduğunu deyib.
“Sözsüz ki, Azərbaycanın NATO və Avropa Birliyi ilə münasibətlərində Moskvanın reaksiyası mühüm rol oynayır. Çünki Avropa Birliyi və NATO bu dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyəti üzərinə götürmür. Hətta NATO üzvü olan Polşa və Baltikyanı respublikalar da özlərini o qədər arxayın hiss etmirlər, Rusiyadan qorxduqlarını açıq şəkildə bəyan edirlər”.
Ekspert hesab edir ki, demokratiya amili Ermənistan və Azərbaycanda mühim məsələ olaraq qalır:
“Bu dövlətlərin hakim elitaları Avropa Birliyi standartlarına uyğunlaşmaq istəmirlər. Merkel də “həmin dövlətlərin ölkədaxili siyasi vəziyyətini də anlayacağıq” deyəndə bu məsələni nəzərdə tutur. Əslində, Merkel “siz bizim standartlara uyğun cəmiyyət qurmaq istəyirsinizmi” sualını verir həmin cümləylə. Güman ki, Avropa Birliyində də bu ətrafda müzakirələr olacaq, bu qurum yeni müstəqil dövlətlərə seçim təklif edir, amma seçimi gerçəkləşdirmək üçün təhlükəsizlik təminatlarını vermir. Bu mənada Merkelin dedikləri havadan asılı qalacaq”.
Noyabrın 24-də Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrinin beşinci sammiti keçirilib.
Tədbirdə “2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması” adı altında yekin bəyannaməsi qəbul
olunub
.
Bəyannamədə Avropa Birliyi bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.
Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.
Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.
2009-cu ildən yaradılan “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.