Anası Qiyas İbrahimovla görüşə bilmir

”Həftədə 1 dəfə görüşməli olduğumuz halda, Qiyas həbs olunandan bir dəfə görüşmüşük”

Source:


”Həftədə 1 dəfə görüşməli olduğumuz halda, Qiyas həbs olunandan bir dəfə görüşmüşük”


Bakı İstintaq Təcridxanasında saxlanılan Qiyas İbrahimova anası ilə görüşməyə icazə verilmir. Bu barədə Meydan TV-yə gənc fəalın anası Şura Əmiraslanova məlumat verib.

Şura Əmiraslanova bildirib ki, təcridxanada ona oğluyla görüşə icazə verilməməsinin səbəbləri izah olunmayıb: “Sadəcə, dedilər ki, bu məsələ onların səlahiyyətində deyil, yalnız sovqatın məhbusa verilməsinə cavabdehdirlər. Həftədə 1 dəfə görüşməli olduğumuz halda, Qiyas həbs olunandan bir dəfə görüşmüşük. Bunları xatırlatsam da, konkret reaksiya almadım. Əlavə etdilər ki, təcridxana rəhbərliyinə müraciət edin. Sonra vəkil Elçin Sadıqova müraciət etdim, hazırda vəkil məsələni araşdırır”.

Şura Əmiraslanova oğluyla iyunun 24-də telefonla danışıb: “Qiyas vəziyyətinin yaxşı olduğunu dedi, mən də inandım. Telefon danışığı zamanı məlum oldu ki, Qiyasa sovqatın içində qoyduğum kofeni boşaldıb azca saxlayıblar, belə hallar olub, ötən dəfə saqqızın birini götürmüşdülər. Qalan şeylər yerində olub, amma dəqiq bilmirəm daha nələri götürüblər”.

Məhbusun anası daha bir narahatlığını ifadə etdi: “Qiyas həbs olunanda cibində 400 manat olub, düzdür, bununla bağlı qəbzi veriblər. Ancaq qəbz vasitəsilə pulu hardan alacağımı bilmirəm. Çünki mənə dedilər ki, qəbzi təcridxananın dəftərxanasına ver, hələ indiyə qədər təcridxananın dəftərxanasının yerini öyrənə bilməmişəm, müraciətlərimə isə cavab belə vermirlər”.

Şura Əmiraslanova iyunun 28-də də oğluyla danışacağına ümid etdiyini bildirib.

Qiyas İbrahimovun vəkili Elçin Sadıqov da bu problemi öz Facebook səhifəsində yayımlayıb. Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq həbsdə saxlanılan şəxs ən azı həftədə bir dəfə qohumları ilə görüşmək hüququna malikdir.

Qiyas İbrahimovla birgə Bayram Məmmədov da həbs edilib. Onlar mayın 10-da eks-prezident Heydər Əliyevin heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazdıqlarından sonra saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternotional” Qiyas İbrahimovu və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərAnası Qiyas İbrahimovla görüşə bilmir