Anar Məmmədlinin məhkəməsinə start verildi [ VİDEO ]

21 apreldə Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və digər əməkdaşları Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı qaldırılmış cinayət işi üzrə ilk hazırlıq məhkəməsi keçirilib. Prosesdə bir neçə vəsatət qaldırılıb. İşə xitam verilməsi ilə və həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər təmin edilməsə də, Anar Məmmədlinin vəkilinin yanında əyləşməsinə imkan verilib.

Vəkil Fariz Namazlı deyir ki, zərər görmüş şəxslər istintaqa verdikləri ifadələrdə nə Anar Məmmədlidən, nə də digər şəxslərdən şikayətçi olmadıqlarını bildiriblər: “Hər hansısa zərər görmədiyinə görə, biz onların ümumiyyətlə prosesdə iştirakına xitam verilməsini məhkəmədən xahiş etdik. Eyni zamanda iş üzrə bir zərərçəkən şəxs isə yalan ifadə verdiyinə görə onun haqqında xüsusi qərar qəbul edilməsini xahiş etdik”.

Anar Məmmədli 16 dekabrda saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılaraq, Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq fəaliyyəti maddəsi ilə ittiham olunub. Elə həmin gün də QHT sədri barəsində Nəsimi rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. İstintaq zamanı Anar Məmmədliyə qarşı vergidən yayınma maddəsi ilə əlavə ittiham irəli sürülüb. Bu maddələrlə təqsiri sübuta yetirilərsə Anar Məmmədli 8 ilədək azadlıqda məhrum oluna bilər.

Ana səhifəVideoAnar Məmmədlinin məhkəməsinə start verildi [ VİDEO ]