SMDT sədri qanunsuz sahibkarlıq, vergilərdən yayınmaq, vəzifə səlahiyyətlərini aşmaq ittihamları ilə həbs edilib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı və Könüllərin Beynəlxalq Əməkdaşlığı Birliyinin prezidentli Elnur Məmmədovun məhkəməsi başlayacaq.
SMDT-dən verilən məlumata görə, cinayət işi üzrə ilk məhkəmə prosesi aprelin 21-də, saat 10.30-da Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq.
Anar Məmmədli 16 dekabr 2013-cü ildə qanunsuz sahibkarlıq, vergilərdən yayınmaq, vəzifə səlahiyyətlərini aşmaq ittihamları ilə həbs edilib. Məhkəmə onun 3 aylıq həbsinə icazə verib.
Martın 19-da ibtidai istintaq yekunlaşıb. Anar Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179.3.2-ci (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
Anar Məmmədlinin həbsinin əsl səbəbi kimi ötən ilin oktyabrında prezident seçkiləri zamanı hakimiyyətin saxtakarlıqlarını ifşa etməsi göstərilir.