Anar Məmmədli: XİN-in ATƏT-də mövqeyi ölkənin nüfuzuna ziyandır

Onun fikrincə, ola bilər ki, Arlem Dezir hakimiyyətin ayağını harada isə tapdalayıb:

Source:


“Bu, söz və azadlıq məsələlərində barışmazlığın göstəricisidir”

“Azərbaycanın Arlem Dezir barədə arqumentlərinin ciddi və əsaslı olduğuna inanmıram. Bütün hallarda yaranan mənzərə Azərbaycan üçün yaxşı hal deyil”.

Bunu Meydan TV-ə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyib.

O, ATƏT-də Azərbaycanın bir sıra təyinatların qarşısını almaq cəhdini şərh edib. “Turan” İnformasiya Agentliyinin məlumatına görə, ATƏT Daimi Şurasının növbəti üç il üçün ATƏT-in Baş Katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi və milli azlıqların işləri üzrə Ali Komissarı vəzifəsinə təyinatlar haqqında ilkin qərarlar paketi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilməyib.

Qərarda ATƏT-in üzvü olan ölkələrin yuxarıda sadalanan bütün rəhbər vəzifələrə təyinatı bir ümumi paketlə həyata keçirməsi nəzərdə tutulurdu. Azərbaycan XİN ATƏT Daimi Şurasına göndərdiyi etiraz notasında ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi vəzifəsinə növbəti üç il üçün Fransalı diplomat Arlem Dezirin təyin edilməsi ilə razı olmadığını bildirib. Azərbaycan XİN öz mövqeyini ilk üç illik mandatı ərzində Dezirin Azərbaycanda söz azadlığı sahəsində vəziyyətlə bağlı hədsiz tənqid nümayiş etdirməsi ilə izah edir.

Fransalı diplomat, Fransa XİN nəzdində Avropa işləri üzrə keçmiş dövlət naziri Arlem Dezir 2017-ci il iyulun 18-də üç il müddətinə ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi təyin edilib. ATƏT Daimi Şurasının qərarlarının qəbulu prosesinin konsensus əsasında baş verdiyini nəzərə alaraq, Azərbaycan XİN-in bu addımı cari ilin sentyabrında yay məzuniyyətindən qayıdan Daimi Şura üzvlərinin təşkilatın qərargah mənzilinin yerləşdiyi Vyanada iclaslarını keçirə biləcəyi vaxta qədər ATƏT rəhbərliyini başsız qoya bilər.

Yeni qərar layihəsində, çox güman ki, sözügedən rəhbər vəzifələrə ayrı-ayrılıqda təyinat nəzərdə tutulacaq, amma mövcud məlumata görə, ATƏT-in hazırki sədri Albaniya (Albaniya 2020-ci ildən ATƏT-in Nazirlər Şurasına sədrlik edir) hələlik ATƏT-in yüksək vəzifəli nümayəndələrinin təyinatı ilə bağlı yeni qərar layihəsini təqdim etməyib.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Anar Məmmədli hesab edir ki, XİN-in mövqeyi söz və azadlıq məsələlərində barışmaz olduğunun göstəricisidir:

“Əgər bütün üzv dövlətlər bir şəxsin təyinatına etiraz etmirsə, yalnız bir, yaxud iki dövlət etiraz edirsə, bu, diplomatik çevrələrdə bir qədər cığallıq kimi qiymətləndirilir. Həm beynəlxalq, həm də daxildə bu məsələ təəssüf doğuracaq və ölkənin nüfuzuna ziyandır. Belə addımlarla Azərbaycan insan hüquqları sahəsində etibarını itirir. Görünür, hökumət bu mövqeyi ilə hansısa dövlətlərin onlarla bazarlıq etməsini gözləyir”.

Anar Məmmədli qeyd edib ki, Arlem Dezir KİV-in müstəqilliyi, söz və mətbuat azadlığının qorunmasında çox fəal olub. O xatırladıb ki, son 3 ildə Azərbaycan KİV-in vəziyyəti çox da ürəkaçan olmayıb, olduqca ciddi problemlər var.

“Konkret olaraq, saytlar bloklanıb, Əfqan Muxtarlı həbs olunub, sonra azad ediləndə ölkədən çıxarılıb. Sadaladıqlarım isə daim ATƏT-in diqqət mərkəzində olub. Arlem Dezir də öz mandatından irəli gələrək təşəbbüskarlıq göstərib, açıqlamalarla çıxış edib. İndi onun təyinatı məsələsinə üzv ölkələrdən yalnız Azərbaycanın qarşı çıxması yalnız bununla bağlı ola bilər”.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə Avropa təşkilatları ilə münasibətlərinin dalğavari inkişaf etdiyini bildirib.

Rauf Mirqədirov xatırladıb ki, rəsmi Bakı vaxtaşırı beynəlxalq qurumları Azərbaycana düşmən, yaxud erməni lobbisinin əlaltısı elan edir:

“Bu damğa yeni deyil. Vaxtilə Avropa Şurası Parlament Assambleyasının siyasi məruzəçisi ölkəyə buraxılmayıb. Hətta Azərbaycan rəsmiləri, hakim partiyanı təmsil edən deputatlar Avropa Şurasının əhəmiyyətini itirdiyini deyir, gizlətmədən şuranı tərk edə biləcəklərini də söyləyirlər. Eyni problemlər Avropa Birliyi ilə də yaşanıb. Səbəb birliyin ölkədə siyasi məhbuslar, işgəncə hallarının olması barədə qətnamələri idi. Azərbaycan hökuməti həmin qətnamələrə “ermənilərin maraqlarına xidmətdir” deyə reaksiya vermişdi. Halbuki, Avropa Birliyinin Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli haqqında qətnamələri də olub”.

85290.jpg
Rauf Mirqədirov

Onun sözlərinə görə, oxşar problemlər ATƏT-lə də yaşanmışdı və hökumət Bakı Bürosunun bağlanmasını tələb etmişdi.

İndiki vəziyyətə gəldikdə, Mirqədirov bildirib ki, ATƏT-lə Bakı arasında hansı problemlərin yaşandığına baxmaq lazımdır.

Onun fikrincə, ola bilər ki, Arlem Dezir hakimiyyətin ayağını harada isə tapdalayıb:

“Prinsip etibarı ilə Arlem Dezir və onun sələflərinin Azərbaycandakı durumu tənqid etmələri yenilik deyil. Amma bəzi hallarda tənqid çox ağrılı olduğundan problem yaradır”.

Ana səhifəSiyasətAnar Məmmədli: XİN-in ATƏT-də mövqeyi ölkənin nüfuzuna ziyandır