Anar Məmmədli Leyla Yunusun durumundan narahatdır

SMDT rəhbəri siyasi hakimiyyət tərəfindən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə imkan verilməməsindən də narazıdir

Source:


SMDT rəhbəri siyasi hakimiyyət tərəfindən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə imkan verilməməsindən narazıdir

Sentyabrın 26-da vəkil Fariz Namazli  Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, vicdan məhbusu Anar Məmmədli ilə görüşüb. Görüş zamanı A.Məmmədli saxlanılma şəraitindən şikayət etməyib. Ancaq hazırda hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraiti ilə bağlı yayılan məlumatlar digər siyasi məhbuslar kimi onu da narahat edir.

SMDT-nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı məlumata görə, A.Məmmədli tezliklə Leyla xanıma qarşı baş verən təzyiqlərin aradan qalxacağına ümid edir.

Departament bildirir ki, A.Məmmədlinin digər narazılığı siyasi hakimiyyət tərəfindən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə imkan verilməməsidir: “Məsələn, bugünlərdə Bakıda səfərdə olan Avropa Şurasının Parlament Assambleyasının sədri Ann Brosser Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçiləri ilə görüşmək istəyib, amma buna imkan verilməyib. Eyni zamanda indiyədək ATƏT, BMT, Avropa Birliyinin və digər beynəlxalq qurumların nümayəndələri onunla və həbsdəki digər hüquq müdafiəçiləri ilə görüşmək istəsələrdə, buna şərait yaradılmayıb”.

A.Məmmədlinin fikrincə, onlara qarşı  qondarma və əsassız məhkəmə hökmlərinin çıxarılmasına sifariş verən hakimiyyət bu cür davranışı ilə hüquq müdafiəçilərini haqsız yerə həbs olunmasını təsdiq etmiş olur. Ancaq A.Məmmədli hesab edir ki, insan hüquqlarının müdafiəsi sahəsində çalışan 10-dək şəxsin həbsxanada olması nəzərə alınmalıdır. Beynəlxalq təşkilatların Azərbaycana ənənəvi səfərləri zamanı onlarla görüşə şərait yaradılmalıdır. Çünki, beynəlxalq təşkilatların insan hüquq və azadlıqları sahəsində çalışan müstəqil və obyektiv qeyri-dövlət təşkilatlarının alternativ rəylərini öyrənmək imkanı olmalıdır.

“Hazırda azadlıqda olan hüquq müdafiəçilərinin sayının az olması, bəzi şəxslərin isə təqiblər şəraitində çalışması faktları da nəzərə alınmalıdır”,-deyə Anar Məmmədli bildirib.

Ana səhifəXəbərlərAnar Məmmədli Leyla Yunusun durumundan narahatdır