“Biz müharibəni başlamamaşıq, ancaq gəlin bunu biz bitirək”
27 sentyabrda başlayan 44 günlük müharibənin doğurduğu suallara vətəndaş cəmiyyətinin təmsilçisi Anar Məmmədli ilə müsahibədə cavab almağa çalışdıq.
–
Anar bəy, 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinə milli səviyyədə 2 aparıcı yanaşmanın olduğunu deyibsiniz: birincilərin müharibənin nəticəsini tam qələbə hesab etdiyini, amma Rusiya sülhməramlılarının statusu və Qarabağda yurisdiksiyanın bərqərar olmaması mövzusunda susmağa üstünlük verdiklərini, ikincilərin isə sülhməramlıların gəldiyini fəlakət saydığını və ümumiyyətlə, müharibədə əldə olunmuş qələbəyə skeptik yanaşdıqlarını ifadə etmisiniz. Ancaq bildirirsiniz ki, bunların hansının daha əsaslı olub-olmaması deyil, mövcud siyasi reallığa uyğun şəkildə dövlətin resursları və cəmiyyətin potensialını ədalətli sülhün əldə olunmasına cəlb etmək zərurətidir. Sizin bu açıqlamanızı reallıqla barışmaq anlamı hesab edənlər var. Doğrudanmı, Azərbaycan ictimaiyyəti də reallıqla barışmalıdır?
– Ortada faktlar var və biz onları dəyişmək iqtidarında deyilik. Əvvəla, müharibə baş verib və nəticələri tamamilə dəyişmək iqtidarında deyilik. İstər Ermənistan, istərsə də Azərbaycan müharibənin nəticələrini tanıyır. 44 günlük müharibədə Azərbaycanın xeyli sayda əraziləri işğaldan azad olundu, Rusiyanın vasitəçiliylə atəşkəsi bəyanatı imzalandı. Artıq post-müharibə dönəminə qədəm qoymuşuq və bu dövrün özünün reallıqları var. Bu reallıqlar dəyişmək və strategiyamızı müəyyən etmək üçün cəmiyyət olaraq vaxtımız çox azdır. Əgər bu gün üçtərəfli bəyanatı müzakirəyə vaxt ayırsaq, zaman itirərək, bu məsələləri tarixçilər və təhlilçilər araşdıracaqlar. Amma məsələ ondadır ki, biz münaqişənin başa çatması üçün dövlət olaraq resurslarımıza, cəmiyyət olaraq potensialımıza baxmalıyıq. Məqsəd tez zamanda münaqişəni bitirməkdir. Yəni müharibə oldu, üçüncü müharibə baş verməsin.
–
Artıq üçüncü müharibə haqqında fikirlər səslənir, konkret olaraq, erməni politoloq Aleksandr İsgəndəryan və jurnalist Maksim Şevçenko gələn ilin mart-aprel aylarında üçüncü müharibə təhlükəsindən danışıblar…
– Ermənistanda müharibənin nəticələrini qəbul etməyən revanşist qüvvələr hazırlaşıb yenidən müharibə etmək istəyirlər. Bəli, nəzəri olaraq yenidən müharibə ehtimalının olduğunu düşünmək mümkündür. Ancaq Ermənistanın üçüncü müharibəyə başlamaq potensialının olduğunu düşünmürəm. Çünki Ermənistan II Qarabağ müharibəsində kifayət qədər hərbi itkilərə məruz qaldı. Yenidən bərpa olunma və savaşa başlamaq üçün ən azı yaxın 5-6 ildə bu mümkün deyil, bu barədə ciddi ekspertlər də danışır. İkinci, Rusiya bölgəyə sülhməramlı missiyayla gəlib, əgər müharibə baş verəcəksə, Moskvanın sülhməramlı missiyası şübhə altına düşəcək. Məncə, müharibənin baş verməməsində, atəşkəsin təmin olunmasında ən maraqlı tərəf Rusiyadır. Düşünmürəm ki, Rusiya regiona 1, yaxud 5 aylıq gəlib, onlar uzun müddət qalmaq istəyir. Bunu şərtləndirən amillərdən biri də hərbi əməliyyatların olmamasıdır. Hərbi əməliyyatlar baş verəcəyi halda, Qərb və başqa dövlətlər Rusiyanın sülhməramlılıq missiyasını mübahisələndirirlər və onların bölgədən çıxarılması ilə bağlı öz təbliğatlarını və mövqelərini gücləndirmiş olacaqlar. Ona görə də Rusiyanın kifayət qədər Ermənistana təsir etmək imkanları var. Bu mənada üçüncü savaşın baş verməməsi üçün Rusiyanın əlində çox ciddi imkanlar var.
– Hadrut istiqamətində atəşkəsin pozulmasından sonra belə fikir irəli sürürlər ki, SSRİ vaxtilə Türkiyə ərazisində PKK-nı yaratdı, indi də Rusiya bu rolu Qarabağda oynamaq istəyir. Bu ehtimalı bölüşürsünüzmü, yaxud təhlükəni görürsünüzmü?
– Xeyr. Gedişatın yaratdığı informasiyalarla tanış olanda aydın olur ki, bir qrup erməni silahlı dəstə Rusiya sülhməramlılarının dayandığı xətdən kənardakı əraziləri tərk etmək istəmirlər. Hadrut olayı 10 noyabrdan sonra artıq üçüncü hərbi toqquşmadır. Bu, onu göstərir ki, bölgədə bəyanatın nəticələri ilə barışmayan qüvvələr var, bunu inkar etmək olmaz. Amma Rusiyanın onları silahlandıracağına, yenidən Azərbaycana yönəldəcəyinə gəlincə, coğrafi və strateji duruma baxmalıyıq. Məncə, hərbi-strateji baxımdan Azərbaycan o qədər ciddi mövqelər əldə edib ki, yenidən silahlanıb hücuma keçmək ən azı Ermənistan üçün fiaskoya çevrilər.
– Ancaq Vitali Balasanyan fenomeni də var, onun son açıqlamalarından xəbərdarsınız. Bu adam Xocalı qətliamında iştirak edib. Bu mənada söylədikləriniz nə dərəcədə inandırıcıdır?
– Balasanyan I Qarabağ müharibəsinin veteranlarındandır, Ermənistan cəmiyyətində və Qarabağ erməniləri arasında kifayət qədər populyar şəxs sayılır. Bəli, onun ortaya çıxması təəccüblü deyil. Onlar indi yaranmış acınacaqlı durumdan sui-istifadə etmək istəyirlər. Digər tərəfdən, onun Rusiyanın müəyyən çevrələrilə sıx münasibətlərinin və xüsusən də Robert Köçəryan komandasına yaxın olduğu bildirilir.
–
Robert Köçəryan da Prezident Putinlə yaxındır…
– Onların ciddi fəallaşacağını çətin proqnozlaşdırıram. Axı Rusiya tamamilə Ermənistanın yanında mövqe tutsa, Azərbaycanı itirmiş olur. Amma Azərbaycanı da itirmək istəmir.
– Bununla belə, Rusiya imperiya siyasətini, “dovşana qaç, tazıya tut” siyasətini də saxlayır. Bu amili kənara qoymursunuz yəqin ki?
– Xeyr. Amma düşünürəm ki, Azərbaycanın içində olduğu münaqişəni Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrlə müqayisə etmək olmaz. Çünki onlardan fərqli olaraq bizim əsas opponentimiz Ermənistandır. Baxın, abxazların, osetinlərin ermənilər qədər dəstəkçisi yoxdur, eyni şey Moldova haqda da deyə bilərik.
–
Amma Rusiya onları dövlət kimi tanıyıb…
– Rusiya ümumiyyətlə onları dəstəkləyir. Yəni Moskvanın ordakı münaqişələrə və Qarabağ münaqişəsinə münasibəti fərqlidir. Biz faktiki olaraq Ermənistanla ərazi mübahisəsi konfliktinə başlamışıq, yəni bizim aramızda etnik konflikt var.
– Etnik, yoxsa ərazi…?
– Problem ərazi kimi başlayıb, sonradan etnik konfliktə çevrilib. Hiss etmirsinizmi ki, Azərbaycan xalqında ermənilərə qarşı etnik nifrət var, yaxud Ermənistanda da həmin vəziyyətdir?
– Ancaq bu nifrəti də Rusiya yaradıb…
– Mən də onu demək istəyirəm ki, necə yaranmasından asılı olmayaraq bizim dövlət və cəmiyyət olaraq üzərimizə düşən odur ki, qalib tərəfik. Biz müharibəni başlamamışıq, ancaq gəlin bunu biz bitirək. Ona görə də mövqeyimizdə kifayət qədər korrektələrə ehtiyac var. İmkan verməməliyik ki, münaqişə kənardan Azərbaycan cəmiyyətinin erməni xalqına qarşı etnik münaqişəsi kimi görünsün. Bəli, qarşı tərəfdə ciddi şəkildə irredentist yanaşan, millətçi, faşist dünyagörüşündə olan qüvvələr. O adamlarla proqressiv tərəfi ayırmalıyıq. Baxmalıyıq ki, Ermənistanda sülh, xalqların bərabər şəkildə yaşamasını, ölkələr arasında kommunikasiyanın qurulmasını istəyənlər var. Biz onlara “stavka” etməyə çalışmalıyıq.
– Gəlin, Rusiya məsələsində sizə opponentlik edim. Dövlət kanalı RBK Dağlıq Qarabağı müstəqil dövlət, separatçıların lideri Arutunyanı prezident kimi təqdim edir. Hətta Dövlət Dumasının deputatları da bu cür açıqlamalar verirlər…
– Bəli, Rusiyanın istər liberal, istər mediasında, Dövlət Dumasında bir neçə şəxs kifayət qədər neoimperialist açıqlamar verdilər. Bunlar ciddi mənada təəssüf doğurur. Amma Azərbaycan tərəfi də indikindən fərqli şəkildə reaktiv olmalıdır. İkinci, Azərbaycan Rusiyaya mandat verib, amma sülhməramlıların mandatına nələr daxildir, bilinmir. Azərbaycan tərəfi tez-tez Rusiya rəsmi dairələrində hansısa xəritələrin yayılmasına aydınlıq gətirməlidir.
– Siz yəqin ki, hüquqşünasların Milli Məclisin qərarı olmadan Rusiya sülhməramlılarının ölkəyə buraxılmasını işğal saymasından xəbərdarsınız?
– Ümumiyyətlə, BMT-nin sülhməramlı missiyalarla bağlı davranış qaydaları var. Ev sahibi ölkəyə sülhməramlı çağırırsa, onun mandatına nələr daxil ola bilər, hansı şəkildə yerli reallıqla məsələləri uzlaşdırmalıdır… Bax, bu məsələlər açıq qalır. Azərbaycan hansı formada reinteqrasiya aparacaq, yaxud milli valyutanın işlənməsini, bank sisteminə inteqrasiyanı, orda əhalinin sosial hüquqlarını necə quracaq? Tutalım, Rusiya sülhməramlısı erməni milliyyətindən olan adamın hüququnu pozacaq, bu məsələ hüquqi baxımdan necə araşdırılacaq, onun mühakiməsi hansı şəkildə aparılacaq? Çox ciddi suallar var, biz bunları tezliklə aydınlaşdırmalıyıq. Mən Rusiya ilə Azərbaycan arasında kontingentin mandatı və səlahiyyətləri haqda ikitərəfli saziş imzalanmasının tərəfdarıyam.
– Azərbaycan rəsmilərinin dediyiniz məsələlərdə susmasının səbəbi nədir?
– Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin 90-cı illərin sonundan başlayaraq çox yarıtmaz kommunikasiya siyasəti var. Müharibə zamanı da bəzi məsələlərə vaxtında reaksiya verə bilmirdilər. Bir gün əvvəl sərhədlə bağlı sosial şəbəkədə informasiya yayılsa da, rəsmi orqanlar hələ də bu barədə susur. Biz informasiyaları Ermənistandan alırıq. Dövlət orqanları təbliğat yox, həqiqəti yaymaqla məşğul olmalıdırlar. Deputatlar, hökumətyönlü QHT-lər təbliğatla məşğuldurlar, yəni hökumətin daim dəstəklədiyi bir şəxs deyir ki, Ermənistan bir daha filan addım atsa, biz 25 kilometr onların ərazisinə daxil olacaq. Dövlətin kommunikasiya siyasəti formalaşmalıdır ki, Ermənistan, Rusiya və hətta Gürcüstan mətbuatı yox, Azərbaycan mətbuatı birinci mənbəyə istinad edib xəbər yaysın. Təəssüf ki, biz kommunikasiya siyasətində uduzuruq.
–
Yekun suala gələk, düzdür, müəyyən qədər cavab versəniz də, sizin sosial şəbəkədəki paylaşımınıza görə yenidən qayıtmalıyam. Deyirsiniz ki, 4 post-sovet ölkəsi arasında Azərbaycan ərazisinin ən az hissəsi – 3,6 faiz torpağı yurisdiksiyası olmayan ölkəyə çevrilib. Hazırda Ukrayna ərazisinin 7 faizi, Moldovanın isə 12 faizi Rusiyanın nəzarətindədir. Bu, sanki istər-istəməz altşüurda pozitiv təəssürat oyadır. Ancaq nəzərə alın ki, Rusiya həmin ölkələrdə hansı faciələr yaradıb. Konkret olaraq, Rusiya Moldovadan qoşunlarını çıxartmaq istəmir…
– Azərbaycan Moldovadan fərqli olaraq münaqişənin elə bir mərhələsində deyil ki, Rusiya sülhməramlı kontingentinin ölkədən çıxması aktuallaşsın. Bu reallığı qəbul etməliyik. Rusiya sülhməramlıları 5 ölkədə, Suriya, Gürcüstan, Moldova və Azərbaycanda var, aydındır ki, Ukraynaya zorakılıqla daxil olub, təcavüzdür. Qalan ölkələrə saziş əsasında daxil olub. Yeganə Azərbaycandır ki, qərb mediası və siyasi çevrələrində Rusiya sülhməramlılarının daxil olması məmnuniyyətlə qarşılandı. Ona görə ki, Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qalacağı, öldürüləcəyi, köçürüləcəyi ilə bağlı ciddi bir təbliğat getmişdi.
–
Ancaq AXCP sədri Əli Kərimli etnik təmizlənmənin, genosidin olmasını mükünsüz sayır…
– Aydın məsələdir ki, mən də Azərbaycan tərəfinin hansısa etnik təmizlənməyə gedəcəyini gözləmirəm, inanmıram da buna. Amma biz inanmırıq, dünya, qərb fərqli yanaşır. BMT Azərbaycan Dağlıq Qarabağa daxil olandan sonra sabah qətnamə qəbul etsəydi ki, təcili addımlar atılsın, Rusiya başqa formada girsəydi, o zaman necə olacaqdı? Əvvəla, müharibənin bu şəkildə bitməsində qüsurlar varsa, gəlin orda bizim payımızı araşdıraq. Bu, Azərbaycanda demokratik idarəçiliklə olan məsələdir. Yəni cəmiyyət olaraq Xarici İşlər Nazirliyinin, mərkəzi icra hakimiyyətinin, Milli Məclisin fəaliyyəti üzərində heç bir nəzarətimiz yoxdur. Birdən-birə 10 noyabr sənədi ortaya çıxırsa, dünya bizi yaxşı tanıyır, bilirlər ki, bir şəxslə hər şeyi həll etmək olar. Ona görə biz özümüzün militarist yox, sülh tərəfdarı olduğumuzu, ermənilərin bütün mədəni-siyasi hüquqlara sahib olacaqlarını bəyan etməklə dünyanı fakt qarşısında qoyaq. Dünya da 5 ildən sonra desin ki, Rusiya sülhməramlısına Azərbaycanda ehtiyac yoxdur.