Anar Məmmədli və Anar Abdullanın apellyasiya şikayəti üzrə bütün vəsatətlər rədd edilib

Anar Məmmədli və Anar Abdulla – Mənbə: Şəxsi Facebook profilləri

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə ictimai fəal Anar Abdullanın həbs cəzalarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin iclasda müdafiə tərəfinin irəli sürdüyü vəsatətlərin heç biri qəbul edilməyib.

Hakim Mehriban Qarayevanın sədrlik etdiyi iclasda vəkillər təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılmasını, məhkəmə qərarı verilənədək ev dustaqlığına buraxılmalarını və iş materiallarındakı sübutların yenidən araşdırılmasını istəyiblər.

Müdafiəçi Elçin Sadıqov bildirib ki, Anar Məmmədli və Anar Abdulla məhkəmə zalında şüşə kabinədə deyil, vəkillərinin yanında əyləşməlidirlər. Məhkəmə bu tələbi təmin etməyib. İmtina qərarına əsas kimi zalın pəncərələrinin açıq olması və təqsirləndirilən şəxslərin qaçmaq ehtimalı göstərilib.

Sadıqov iş materiallarında olan bəzi sənədlərin sübut kimi qəbul edilməsinə də etiraz edib. Vəkilin sözlərinə görə, həmin sənədlər müdafiə tərəfinin iştirakı olmadan araşdırılıb. O qeyd edib ki, məsələ birinci instansiya məhkəməsində də qaldırılıb, lakin müdafiənin etirazı nəzərə alınmayıb.

“O sənədlərə müdafiə tərəfinin iştirakı olmadan baxış keçirilib, bu da qanunsuzdur və etibarsız sayılır, sübut kimi qəbul edilə bilməz”, – Elçin Sadıqov məhkəmədə deyib. Hakim bu vəsatəti də rədd edib.

Məhkəmə iclasında Anar Məmmədli həbs olunarkən evindən götürülən kompüterinin taleyini də gündəmə gətirib. O bildirib ki, iki il yarımdır şəxsi əşyasını geri ala bilmir.

Məmmədlinin sözlərinə görə, kompüterdə ailə fotoları, övladlarının videoları, elektron kitablar və uzun illər ərzində topladığı şəxsi arxiv saxlanılır. O, elektron formada aldığı ədəbiyyatlara təxminən 2 min dollar xərclədiyini və onların arasında nadir əsərlərin olduğunu bildirib.

“Mən 2 min dollara yaxın pul xərcləyib, elektron formada ədəbiyyatlar almışdım. Nadir əsərlərdən sayılır. Kompüterimdə öz fəaliyyətimə aid illərlə topladığım arxivim vardı. Əvvəl istintaq gedirdi, başa düşdüm. Hökm də çıxıb, niyə qaytarılmır?” – Anar Məmmədli bildirib.

Onun kompüterinin geri qaytarılması barədə müraciəti də nəticəsiz qalıb.

Müdafiə tərəfi həmçinin Anar Məmmədli və Anar Abdullanın apellyasiya araşdırması başa çatanadək ev dustaqlığına buraxılmasını tələb edib. Vəkillər ekspertin məhkəmədə dindirilməsi və əlavə sübutların araşdırılması üçün məhkəmə istintaqının aparılması barədə də vəsatət veriblər. Məhkəmə bu tələblərin heç birini qəbul etməyib.

Növbəti iclas noyabrın 2-nə təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-da həbs olunub. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq ittihamı irəli sürülüb. İstintaqın sonrakı mərhələsində ittihamlar genişləndirilib. Məmmədli qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər əməllərdə də ittiham olunub.

Anar Abdullaya da eyni maddələr üzrə ittihamlar verilib. Onun barəsində ilkin olaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, sonradan həbs qərarı çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 13 il, Anar Abdullanı isə 12 il müddətinə azadlıqdan məhrum edib. Hər iki şəxs hökmdən apellyasiya şikayəti verib.

Anar Məmmədli əvvəllər də həbs olunub. O, 2013-cü ilin dekabrında həbs edilib və 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə Vatslav Havel mükafatına layiq görülüb.

Hüquq müdafiəçilərinin son hesabatında Azərbaycanda 322 siyasi məhbusun olduğu bildirilir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bəyan edir. Rəsmi mövqeyə görə, həbs edilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar.

Ana səhifə ▸ Xəbərlər ▸ Anar Məmmədli və Anar Abdullanın apellyasiya şikayəti üzrə bütün vəsatətlər rədd edilib