"Məhkəmə Azərbaycana qarşı hər hansı təminetmə tədbiri görə bilməz"
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüşlərin getdiyi bir vaxtda Ermənistan tərəf Avropa İnsan Hüquqları Məhkəməsində Konvensiyanın 39-cu maddəsi ilə (müharibənin dərhal dayandırılması) müraciət edib.
Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Azərbaycan tərəfininin belə bir analoji addım atıb-atmaması gündəmə gəlib. Çünki rəsmi açıqlamalarda Azərbycan Müdafiə Nazirliyi mülki əhalinin və obyektlərin ziyan çəkdiyi bildirilir. Hətta Azərbaycan Respublikasının Baş Prokurorluğu da mülkü şəxslərin ölməsi və yaralanması ilə bağlı cinayət işi açıb.
Meydan Tv Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan Azərbaycan tərəfinin belə bir müraciət edib-etməməsini öyrənməyə çalışıb.
Kollegiya sədri bildirib ki, Ermənistan tərəf işğal olunmuş ərazilərdə qanunsuzluqlara yol verib: "Avropa Şurasının veb səhifəsində Ermənistanın Avropa Məhkəməsinə müraciətinə yer ayırıb və göstərilib ki, məhkəmə Konvensiyanın 39-cu maddəsinə əsaslanaraq Azərbaycana qarşı təmin etmə tədbirləri görsün. “Çıraqov Ermənistana qarşı” iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə effektiv nəzarəti həyata keçirən məhz işğalçı Ermənistanın silahlı birləşmələridir. Açığı Ermənistanın özü Azərbaycanın mülki şəxslərinə qarşı qanunsuzluğa yol verib, insanlar qətlə yetirlib, səhhətlərinə zərər vurulub, əmlakları məhv edilib və son günlər bunu təsdiqləyən çoxlu faktlar da var. Baş Prokurorluq da son günlər mütəmadi olaraq bununla bağlı cinayət işi qaldırıb və ictimaiyyəti məlumatlandırıb".
Vəkillər Kollegiyasının bu istiqmaətdə addım atmasına gəlincə, Bağırov deyib ki, onlar bununla bağlı hazırda təhlil aparırlar: “Bu, elə də sadə məsələ deyil. Ermənistanın məqsədi odur ki, şikayəti verməklə Azərbaycanın əks-hücumunu dayandırsın. Ermənistan özünün hücuma keçdiyini, Azərbaycanın da əks-hücuma keçib onun qanunsuzluğuna cavab verdiyini xatırlatmır. Bu gün Azərbaycan tərəfi müdafiə olunur”.
“Axı ölkə başçısı da deyib ki, Azərbaycan işğal altındakı ərazilərini azad edir, yəni əməliyyatlar bizim ərazilərdə gedir” sualına Anar Bağırovun reaksiyası belə olub: “İşğalçı orduya qarşı biz müdafiə tədbirləri həyata keçiririk. Belə olanda, Ermənistan Azərbaycanın da eyni qaydada müraciət etməsini çox arzulayır. Nəticə etibarilə məhkəmə hər iki tərəf qarşısında hərbi əməliyyatların dayandırılması məsələsini qoysun”.
“Əgər məhkəmə onların şikayətini təmin etsə, necə olacaq?” sualına cavabında kollegiya sədri bildirib ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqların Konvensiyasına qoşularkən xüsusi bəyanat qəbul edib: "Bəyanatda göstərilib ki, Azərbaycan işğal olunmuş ərazilər azad olunana qədər Konvensiyanın müddəlarının yerinə yetirilməsinə təminat vermək iqtidarında deyil. Beləliklə, Azərbaycan Konvensiyaya bu qeyd-şərtlə qoşulub. Bunu nəzərər alaraq məhkəmə Azərbaycana qarşı hər hansı təminetmə tədbiri görə bilməz. Elə bir qərar versə, bu, beynəlxalq hüququn pozulmasıdır və açıq şəkildə ermənipərəst mövqe ola bilər".