Əhəd Əliyev baldızını və onun iki azyaşlı övladını öldürməkdə ittiham edilir
Bakıda 39 yaşlı ananın 14 və 11 yaşlarında iki övladıyla birlikdə qətlə yetirilməsiylə bağlı məhkəmə araşdırmaları başlayıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri Əhəd Əliyevdir.
İyunun 30-da hakim Rahib Salmanovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim təqsirləndirilən şəxsdən soruşub ki, Şüvəlandakı 3 saylı istintaq təcridxanasına onun üçün göndərilən məhkəmə bildirişini alıbmı?
O, cavabında bildirib ki, sənədi üç gün əvvəl alıb.
Hakim deyib ki, məhkəmənin hazırlıq iclası bildiriş alınandan ən azı 7 gün sonra keçirilməlidir. Bu səbəbdən məhkəmə prosesi təxirə salınıb.
Sabirabad sakini olan 1981-ci il təvəllüdlü Əhəd Əliyev əvvəllər müəllim, daha sonra Saatlı rayonunda 7 il məktəbin direktoru vəzifəsində çalışıb.
O, baldızını, eləcə də onun 14 yaşlı qızı Lamiyə ilə 11 yaşlı oğlu Ataxan Qaraxanlıları tamah məqsədilə qətlə yetirməkdə təqsirləndirilir.
İddia olunur ki, Əhəd Əliyev bu ailənin ev almaq istədiyini, evdə 25 min manata qədər pul olduğunu bilib.
O, Gülnar Qaraxanova və ailəsinin Bakıda kirayə qaldığı mənzilə gəlib. Öncə baldızını bıçaqlayaraq qətlə yetirib. Uşaqlar hadisənin şahidi olduğuna görə onları da öldürüb. Evdə olan pulu isə götürüb.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Gülnar Qaraxanovanın həyat yoldaşı, uşaqların atası Fəsahət Qaraxanov iştirak edib.
Beynəlxalq yükdaşıma ilə məşğul olan Fəsahət Qaraxanov yük avtomobillərini idarə edir. Hadisə günü – 20 fevral 2022-ci ildə də o, evdə olmayıb, işiylə əlaqədar Rusiyaya gedibmiş.
Hadisənin baş verdiyi Bakının Nizami rayonunda yerləşən mənzildə Qaraxanovlar ailəsi kirayə qalırmış. Onlar evdə olan pulu ev almaq üçün saxlayıblarmış.
Fəsahət Qaraxanov deyir ki, Əhəd Əliyevin belə bir cinayət törətməsinə inanmazmış.
Onun sözlərinə görə, hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilkin ehtimalı belə olub ki, ana və uşaqlarını öldürən ailəni tanıyan şəxs və ya şəxslər olub.
Zərərçəkmiş bildirib ki, həmin vaxt bu versiyanı qəbul etməyib. Yaxın adamların belə bir əməl törətməsini istisna edib: “Bu adamla bağlı heç vaxt belə şeyə inanmazdım. Çünki müəllim, məktəb direktoru olub, Kərbəlaya gedib-gəlib…”.
Zərərçəkmiş əlavə edib ki, Əhəd Əliyevin həyat yoldaşı bir müddət öncə ondan yalanlarına görə ayrılıb.
Əhəd Əliyev istintaqa ifadəsində özünü təqsirli bilib.
O, iki və daha çox şəxsi tamah məqsədilə qəsdən öldürməkdə ittiham olunur.
Ona ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.