Mingəçevir sakini deyir, oğlu əsgərlikdə minaya düşərək ölüb, ancaq vərəm xəstəliyindən ölməsi kimi qeydə alıblar
“İllərdir oğlumun xəstəlikdən yox, minaya düşmə səbəbindən öldüyünü deyirəm, ancaq heç kəs səsimi eşitmir”.
Mingəcevir sakini Şölə Məmmədova Meydan TV-yə danışır ki, 1980-ci il təvəllüdlü oğlu Ramil Gülməmmədov 20 il əvvəl Füzulinin Əbdürrəhmanlı kəndində minaya düşərək həlak olub. Bu xəbəri ona oğlunun əsgərlik yoldaşları verib. Ancaq sonradan anaya oğlunun ölüm kağızı təqdim olunanda görüb ki, həmin sənəddə onun vərəmdən öldüyü qeyd edilib.
4 ay sonra ölüsü gəldi
“Ramil hərbi xidmətə gedəndən cəmi 4 ay sonra ölüsü gəldi. Sənədlərdə qeyd olunurdu ki, guya Lənkəran Hərbi Hospitalında agciyərin hər iki divarinin irinli pnevmaniyasından ölüb. Mən elə ilk gündən bu yalanı rədd edirdim. İstintaqdan onun məzarının açılmasını tələb edirdim. Sona qədər də tələbim yerinə yetirilmədi. İşi aparan müstəntiqlər məni görəndə qaçıb gizlənirdilər. Çünki özləri də yaxşı bilirdilər ki, oğlumun ölümünün əsl səbəblərini ört-basdır edirlər”, – anası deyib.
Ana deyir, oğlu hərbi xidmətə yollanarkən hərbi həkim komissiyasının müayinələrindən də sağlam çıxıb:
“Tibbi müayinənin nəticəsi olan arayışda oglumun fiziki cəhətdən tam sağlam olduğu göstərilib. Onun cəsədinə özümüz də baxış keçirmişdik. Bədənində xəsarət izləri vardı. 6 ay bala itkisinin şokunu yaşamışam. Özümə gələndə isə xəbər tutmuşam ki, onun ölüm səbəbləri gizlədilib. Ramillə birlikdə Mingəcevirdən dörd əsgər xidmət edib. Onlar da ilk gündən dedilər ki, Ramil odun kimi istifadə üçün şalban yığarkən minaya düşüb. Ölümünün səbəblərini də ona görə gizlədirlər ki, onu vəzifəsinə aid olmayan işin dalınca yollayıblar. Gedib, kimin üçünsə odun topladığı yerdə minaya düşüb, ölüb. Əsl səbəbi qeyd etsəydilər, iş dərinləşəcəkdi. Rüşvətdən verib, ört-basdır ediblər”.
Oğlumun ölümü yenidən araşdırılsın
Şölə Məmmədova dəfələrlə Baş Prokurorluğa və Hərbi Prokurorluğa müraciət etdiyini deyir. Ancaq imkansızlıqdan vəkil tuta bilməməsi ona məsələni hüquqi cəhətdən daha əsaslı və effektli şəkildə nəzərə çatdırmağa mane olub.
“Bu yaxınlarda yenə hər yerə yazmışam. Baş prokurora da, Birinci vitse-prezidentə də, hərbi prokurora da… Bir adamım yoxdur ki, düşsün qabağa, uşağımın ölümünün əsl səbəbinin üstünün acılmasında, ona şəhid statusu verilməsində köməklik eləsin. Tələbim odur ki, oğlumun ölüm işi yenidən araşdırılsın, keçmiş əsgər yoldaşları dindirilsin, həqiqət ortaya çıxsın, haqq yerini tapsın, oğluma da şəhid statusu verilsin”.
Hərbi Prokurorluqdan bildirilib ki, əsgərin ölüm faktı vaxtilə araşdırılıb və hüquqi qiymət verilib. Əsgərin ölümündən 20 il ötüb və ailə öz narazılıqları ilə bağlı vaxtında hüquqi addımlar atmayıb.
Hüquqşünas Vaqif Alıyev deyir, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Bununla bağlı konkret qaydalar mövcuddur:
“Bu qaydaların təsdiq olunması haqqında 1994-cü ildə qəbul edilmiş Qərar var. Həmin Qərara görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifənin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlıqların verdiyi arayışlarla təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara isə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiqlənir. Ancaq qanunvericilikdə konkret olaraq əsgərin minaya düşərkən və ya komandirin səhlənkarlığı nəticəsində həlak olduğu zaman onun şəhid statusu alıb-almayacağı göstərilməyib. Qanundakı bu boşluq döyüş xəttində qeyd olunan səbəblərdən ölən əsgər ailələrində narazılığa səbəb olur”.
Hüquqşünas deyir ki, Türkiyə qanunlarına görə isə hərbi xidmətə çağırıldığı ilk gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən əsgər Şəhid statusu alır.