“Amnesty İnternational”: İranda etirazçılara şokedici işgəncələr verilib

Təşkilat hesabat yayıb

Source: google


Təşkilat hesabat yayıb

Beynəlxalq Əfv Təşkilatı “Amnesty İnternational” İranı 10 yaşındakı uşaqlar da daxil olmaqla 2019-cu il noyabr ayında keçirilmiş etiraz nümayişlərində tutulanlara qarşı “şokedici insan haqları pozuntuları” törətməkdə günahlandırıb.

Şiddətli nümayişlər benzinin qiymətindəki qəfil artımdan sonra başlamış və 100-ə yaxın İran şəhər və qəsəbəsinə yayılmışdı.

“Amnesty International”a görə, rəsmilər etirazları yatırarkən ən azı 304 etirazçının ölümünə səbəb olub. “Bir neçə min nəfər həbs edilib. Etirazlar zamanı məlumat axınını dayandırmaq üçün İnternetin istifadəsini bir neçə gün dayandırıblar”, -qurum bildirib.

Londonda yerləşən insan haqları qrupu 2 sentyabrda yayımladığı hesabatında İran polisinin, kəşfiyyat, təhlükəsizlik qüvvələri və həbsxana məmurlarının 2019-cu il etirazları zamanı hakim və prokurorların iştirakı ilə özbaşına həbs, yox etmə, işgəncə və digər qeyri-insani rəftarlara əl atdıqlarını qeyd edib.

Hesabat 60 qurban, onların yaxınları və yaxın tanışları, gizlənən iki etirazçı və 14 məlumatlı şəxslə müsahibələrə əsaslanıb.

“Amnesty International”ın Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini Diana Eltahavi (Eltahawy) “kütləvi etirazlardan sonrakı günlərdə İranın təhlükəsizlik qüvvələrinin silahsız nümayişçiləri və ətrafdakıları qəsdən öldürdüyünü və yaraladığını” deyib.

“İran rəsmiləri tərəfindən tutulanlara və ailələrinə qarşı edilən zülm ictimaiyyətdən uzaq tutulub”,- Eltahavi deyib.

“Amnesty International” etirazlarla əlaqədar olaraq “ədalətsiz cinayət işinə” məruz qalan 500-dən çox etirazçının və digər jurnalistlərin və insan haqları müdafiəçilərinin adlarını qeydə aldıqlarını bildirib.

Qrup “milli təhlükəsizlik əleyhinə cinayət törətmək və cinayətdə əlbir olmaq”, “sistemə qarşı təbliğat aparmaq” və İranın Ali Lideri Ayətullah Xamneyi “təhqir etmək” daxil olmaqla qeyri-müəyyən ittihamlarla mühakimə olunanların həbs müddətlərinin bir aydan 10 ilə qədər dəyişdiyini deyir.

“Üç etirazçı ölüm cəzasına məhkum edilib”, -qrup bildirib. Onların işlərinə ictimai etirazlardan sonra baxılmaqdadır.

“Amnesty International” həbs olunanların bir çoxunun işgəncə və digər pis rəftara məruz qaldığını vurğulayıb.

“Qurbanlar yumruqlanıblar, təpikləniblər, döyülüb və uzun müddət stresli formada dayanmağa məcbur ediliblər. Onlar uzun müddət təcridxanaya salınıb və onlara tibbi yardım edilməyib”, – hesabatda qeyd edilib. Bir qurban ona su işgəncəsi verildiyini deyib.

“[Dindirənlər] bir dəsmalı suya batırıb üzümün üstünə qoyardılar. Sonra dəsmalın üstünə yavaş-yavaş su tökərdilər, boğulduğumu hiss edirdim”, – Xorasan Rəzavi əyalətinin şimal-şərqindən qurban deyib.

Tehrandan olan bir qurban əllərindən və ayaqlarından dirəyə asıldığından danışıb.

“Ağrı dözülməz idi. Bədənimdə o qədər təzyiq və ağrı var idi ki, öz üzərimə sidik ifraz edirdim”,- İranın paytaxtından olan qurban “Amnesty International”-a deyib.

Ana səhifəDünya“Amnesty İnternational”: İranda etirazçılara şokedici işgəncələr verilib