Altıncı barmaq

Əli Əkbər öngörənlik edib bunun ümumiləşdirmə olmadığını desə də

Source:

Başlıq yəqin sizə tanışdır. Bilməyənlər üçün deyim ki Günel Mövludun başlatdığı və Əli Əkbərin Naxçıvan üzərindən davam etdirdikləri yerlibazlıq və klançılıq müzakirəsində Əli Əkbərin Naxçıvan haqda işlətdiyi ifadədir. Buna ən sonda.

Mövzu bəlkə də bir yazıya sığmayacaq qədər vacib, aktual və gün keçdikcə də istər fərdi münasibətlərdə, istərsə də kütləvi informasiya vasitələri tərəfindən daima dilə gətirilən və bununla da təəssüflər olsun ki normal qəbul edilən bir haldır. Müxtəlif şou-programlarda bölgə adları ilə sms dilənçiliyinin, bizim məhəllə sizin məhəlləni döyər təfəkkürü ilə, meyxanaçıların yerlilərindən səs istəməsi şəxsi mənfəətlərimiz üçün savad və əxlaq qazancımızı deyil də “yerli”çiliyimizi istifadə etmə halları bunlardan sadəcə bəziləridir.

Məsələnin dövlətçilik tarixi prizmasından səbəbləri yəqin ki tarixçilərin incələməsi gərəkən haldır amma qənaətimcə xanlıqlar dövrünün müasir təcəssümü olaraq ifadə edə biləcəyimiz oliqarxların Azərbaycanın ayrı-ayrı bölgələrində söz sahibi olmaları təbii ki, müasir dünyada bizləri narahat etməyə bilməz. Xüsusən də bu oliqarx və ya klanların naxçıvanlı olması.

Düşünürəm ki, yerlibazlığın tənqid edilməsi nə qədər vacib və təqdirəlayiq işdirsə, bunun müəyyən bir yerin insanları (xüsusən naxçıvanlılar, irəvan türkləri) üzərindən edilməsi o qədər yanlış və millətin içinə fitnə və ayrılıq salacaq lazımsız hərəkətdir. Məni də bu yazını yazmağa sövq edən əsas səbəb də məhz bu düşüncədir. Hər nə qədər Əli Əkbər öngörənlik edib bunun ümumiləşdirmə olmadığını desə də, bu gün o yerlibazlığın cəmiyyətə vurduğu zərər ilə, insanların bir yerdən olan insanlara qarşı duyduğu mənfi münasibətin vuracağı zərər heç müqayisə olunmaz. Yəni birisinin “rüşvətxor” olmasından dolayı ictimai qınağa tuş gəlməsi ilə, öz seçimi xaricində hər hansı bir yerdən (bölgədən, qrupdan, kimlikdən) olmasından dolayı ictimai qınağa tuş gəlməsi arasında böyük fərq var. İçində naxçıvanlıya, şəkiliyə, lənkəranlıya, qazaxlıya qarşı kin bəsləməyə başlayan insan heç də yaxşı naxçıvanlı-pis naxçıvanlı nə bilim yaxşı tovuzlu-pis tovuzlu ayrımı etməyəcək. Ən azından erməni nümunəsində bunu görürük.


Məsələnin kökü.

Bu gün Azərbaycanda insanların “hara”lı olmasından daha da önəmlisi onların yaltaq, ikiüzlü, rüşvətxor ola bilməsidir. Oliqarxların gücünün səbəbini naxçıvanlı olmalarında axtarmaq asan çıxış yolu olardı. Onların gücünün səbəbi yalanı, millətin pulunu yeyə bilməyi, yaltaqlanmağı bacara bilən insanların, pula baş əyən alçaqların onların yanında olmasındadır. Və bu pulun köləsi olmuş insanların heç də hamısı naxçıvanlı deyil. Bu gün Azərbaycanda insanlarda elementar sırada durma kültürü yoxdursa,”bilirsən basməmmədiyə saldım keçdim” deyib qürrələniriksə, düzgünlüyü aşılayanı zəmanə adamı olmamaqla ittiham ediriksə inanın daha uzun zaman klançılıq davam edəcək.

Adı keçən şəxslərin məqalələrini bəyənən insanlar da inanıram ki heç zaman kefləri üçün rüşvət verməmiş, işlərini aşırmaq üçün ‘’dayday’’dan istifadə etməmiş, haqqa hüquqa riayət edən; bir sözlə yerlibaz naxçıvanlılardan, İrəvandan gələn klanlar kimi olmayan insanlardır və inanıram ki, sabah da elə olacaqlar. Elədir axı bu gün tənqid etdiyi, pislədiyi halları sabah əlinə fürsət düşən kimi özü edən insanlar cəmiyyətdə çoxluq təşkil edirlər.

Bir naxçıvanlı olaraq bu günə qədər ən çox ikrah hissi duyduğum mövzulardan olub yerlibazlılıq. Zarafatını belə xoş qarşılamamışam. Hər zaman da naxçıvanlı olduğumu biruzə verməməyə çalışmışam. İctimai fəallıqlarımda da bunu naxçıvanlıların adını təmizə çıxarmaq, günah yumağa çalışmaq naminə etməmişəm.

Bu gün Azərbaycanda ədalətsiz idarəetmə varsa bu sadəcə müəyyən yerdən olan insanların günahı deyil, bütün Azərbaycanlıların günahıdır və bunu hamılılqla yumalıdır. Naxçıvanı altıncı barmaq olaraq görmək isə ayrı bir biyabırçılıqdır. Altıncı barmaq artıq barmaqdır. Artıq olandan isə kəsib qurtulurlar. Necə deyirsiniz bəlkə kəsib qurtulaq? Bəlkə onda mentalitetimizdən, rüşvətxorluğumuzdan, bir-birimizin haqqını yeməktən orda-burda ‘’dayday’’ axtarmaqdan, yaltaqlıqdan bir sözlə mənfi xüsusiyyətlərimizdən qurtularıq.

Ana səhifəMənim FikrimcəAltıncı barmaq