Cəmil Həsənli: Medal verilirsə, bu prosesdə rolu olanlara vermək olar
Bu həftə Milli Məclisin üzvlərinə, bir sıra tarixçilərə, hüquq müdafiəçilərinə, ictimai xadimlərə, media nümayəndələrinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının verilməsi ilə yadda qalıb.
Konkret olaraq, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarixçilər Nəsiman Yaqublu, Dilqəm Əhməd, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, APA-Holdinqin baş redaktoru Vüsalə Mahirqızı və digərləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunublar.
Təltif edilənlər arasında deputat Naqif Həmzəyevin də olması sosial şəbəkələrdə və mediada birmənalı qarşılanmadı.Tarixçi-alim Altay Göyüşov cümhuriyyətin əsaslarını sarsıdan avtoritar rejimin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalını verməsini lətifəyə bənzədir:
“Ümumiyyətlə, avtoritar rejimin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı təsis etməsi lətifəyə bənzəyir. Yəni, Cümhuriyyət medalını ölkəni feodal dövlətə çevirənlər verir. Mənim üçün bu məsələni izah etmək çətindir. Çox geri qalmışıq, Gürcüstandan da, Ermənistandan da”.
Altay Göyüşov hesab edir ki, indiki mövcud avtoritar sistemdən alınan medal və ordenin respublika ideyasına aidiyyatı yoxdur:
“Bu sistemin mahiyyəti bəllidir, ona görə də mənfi yanaşıram. O zaman Azərbaycan Respublikası adından verilən mükafatın qədrini bilərəm ki, mükafatını verən cümhuriyyət ideyasına uyğun olsun. Azərbaycan Respublikası nə deməkdir, müstəqil və demokratik dövlət. Belə bir şey varmı, yoxdur. Mənə cümhuriyyət medalının verilməsi yox, cümhurriyyətin özünün olması vacibdir. Azərbaycan xalqı özü seçirmi parlamenti, yox. Yaxud prezidenti seçirmi? Qanunun aliliyi varmı? Cümhuriyyət ideyasının bərpası lazımdır, medalı yox. Təsəvvür edin ki, Stalin kiməsə Çar Nikolay medalı verir, mümkün deyildi. Doğrusu, mən bu medalın kimlərə verilməsi ilə maraqlanmıram. Ona görə Naqif Həmzəyevi təbrik edirəm, elə ona yaraşır. Elə o cür adama medal verilməliydi”.
Milli Şuranın sədri, professor Cəmil Həsənli bildirib ki, əvvəla hökumət cümhurriyyət ideyalarına çox böyük sayğı ilə yanaşmalı və hörmət etməlidir.
“Medalla cümhuriyyətin nüfuzunu qaldırmaq olmaz. Medal verilirsə, bu prosesdə rolu, əməyi və zəhməti olan insanlara, cümhuriyyət ideyasının təbliğində, yazılmasında, sənədlərinin çapında, öyrənilməsində iş görənlərə vermək olar”.
Özünün medal və ordenlərin əleyhinə olduğunu ifadə edən Cəmil Həsənli bildirib ki, əgər medalı verirlərsə, Milli Məclisin Naqif Həmzəyev kimi deputatlarına verməsinlər:
“Bu adam Milli Məclisə gələndən, 2-3 çıxış edib, o da cümhuriyyətin əleyhinə olub. Belə bir adama medal vermək, cümhuriyyəti təhqir etməkdir, ideyalarını gözdən salmaq və sayğısız münasibətdir. Çünki AXC-nin banisi Məmməd Əmin Rəsulzadədir, qurucusu da, ideoluqu da odur. Bu adam isə
Rəsuzladə barəsində çox nalayiq ifadələr
işlədib, beləsinə cümhuriyyət adına təsis edilmiş medal vermək cümhuriyyət ideyalarını aşağılamaqdır”.
Ötən ilin mayı
nda təsis olunan medalın əsasnaməsində qeyd edilib ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.