Alpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilənlərə hökm oxundu

Mənbə: Meydan TV

General oğlunun evindən 150 min manatlıq qızıl, baş infeksionistin mənzilindən 120 min manat oğurlanıb

Bakıda alpinizm üsuluyla çoxsaylı mənzillərdən, o cümlədən vəzifəli şəxslərin evlərindən külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədovun məhkəməsi yekunlaşıb. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.
Hakim Zeynal Ağayevin sədrliyilə çıxarılan hökmə əsasən, Cavid Süleymanov 9 il, Əhməd Əhmədov isə 8 il azadlıqdan məhrum edilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə təqsirli bilinib.
Təqsirləndirilən şəxslərdən Əhməd Əhmədov son sözündə hakimlərdən xahiş edib ki, gənc olmasını, gələcəyini nəzərə alsınlar. Əməlindən peşman olduğunu vurğulayan Əhməd Əhmədov əlavə edib ki, onun işi ancaq taksi kimi aparıb-gətirməkdən ibarət olub.
Cavid Süleymanov isə son sözündə ekspert rəyindən şikayətlənib. Onun vəkili də məhkəmədə bildirib ki, Cavid Süleymanov uzun illər psixi xəstəlikdən əziyyət çəkib, buna görə dəfələrlə müalicə olunub, hətta bu səbəbdən hərbi xidmətə də aparılmayıb. Vəkil deyib ki, müvəkkilinin bu əməlləri törədərkən anlaqlı olub-olmadığını müəyyənləşdirmək üçün obyektiv ekspertiza keçirilməsinə ehtiyac var.
Lakin psixiatrik ekspertiza keçirilməsi haqda vəkilin məhkəmədə qaldırdığı vəsatət təmin olunmayıb.
Bu cinayət işində bəhs olunan oğurluqlardan biri də general Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin mənzilində olub. Xətai rayonu ərazisində yerləşən 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mənzildən 2021-ci ilin mayında 150 min dəyərində qızıl-zinət əşyalarının, 7 min manat, 3 min dollar və 1200 lirə pul oğurlanıb. Bu, təqsirləndirilən şəxslərin son oğurluq əməli olub. Məhz bu hadisədən sonra onlar tapılaraq tutulub.
Onlara qarşı ittihamlar arasında ölkənin keçmiş baş infeksionisti Cəlal İsayevin evindən oğurluq da var. Uzun illər Azərbaycanın baş infeksionisti olmuş, pandemiya dövründə vəzifəsindən azad edilən Cəlal İsayev məhkəmədə bu haqda danışarkən bildirib ki, hadisə günü evdə olmayıblar, həyat yoldaşı ilə rayona gedib: “Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar”.
Şikayətçi olduğunu və zərərin qaytarılmasını tələb edən sabiq baş infeksionistin sözlərinə görə, oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşüb.
Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov da var.
Zərgərlik bacarığı olan, xaricdə alpinizm kurslarına gedərək, mənzillərin eyvanlarına kəndirlə düşməkdə, qapıları xüsusi vasitələrlə açmaqda külli miqdarda oğurluqda suçlanan Cavid Süleymanov məhkəmədə bu barədə danışmaq istəməyib. O, hadisələri xatırlamadığını bildirib.

Ana səhifəXəbərlərAlpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilənlərə hökm oxundu