Almaniyanı dəyişən qətl

Foto: Meydan Tv

Yazar: Yadigar Sadıqlı

Hadisələr Qərbi Berlinin burqomistrinin istefası ilə nəticələndi

Avropada solçu gənclər hərəkatının vüsət aldığı bir zaman, 1967-ci ilin iyununda İran hökmdarı Məhəmməd Rza şah Pəhləvi və arvadı Fərəh qitəyə səfərə çıxdılar. Tacdar cütlük Çexoslovakiya və Fransadan sonra Qərbi Almaniyaya gəldi, mayın 28-də kansler Kurt Kizinqer ilə görüşdü, siyasi və iqtisadi münasibətləri genişləndirmək üçün bir sıra şəxslərlə danışıqlar apardı. Onlar iyunun 2-də o zaman ayrıca siyasi vahid olan Qərbi Berlini ziyarət edəcəkdilər.

Şahı “maarifçi monarx” kimi təqdim edən sağ mətbuat bu səfəri əlamətdar hadisə kimi öyürdü. İnsafən, şahın başladığı və “Ağ inqilab” adı verilən islahatlar proqramı bunun üçün müəyyən əsaslar da verirdi. Üstəlik, “Neue Revue” jurnalında şahbanu Fərəhin İrandakı vəziyyəti, xüsusən də həyat səviyyəsini çəhrayı tonlarla təsvir edən məqaləsi çap olunmuşdu.

O zaman tanınmış jurnalist, sonralar isə məşhur terrorçuya çevriləcək Ulrika Maynhoff buna cavab olaraq “Fərəh Dibaya açıq məktub” adlı məqalə yazdı. Məqalədə İranda Məhəmməd Müsəddiq hökumətinin devrilməsindən, əhalinin aşağı həyat səviyyəsindən,siyasi hüquqların yoxluğundan, həbsxanalardakı işgəncələrdən, korrupsiyadan bəhs edilirdi.

Özünün sol görüşlərinə görə mühacirətdə yaşamağa məcbur olan iranlı jurnalist və publisist, “Persiya, inkişaf edən ölkə modeli, yoxsa azad dünyanın diktaturası” adlı populyar kitabın müəllifi Bəhmən Nirumənd də iyunun 1-də Azad Berlin Universitetində 3-4 min tələbə qarşısında yaddaqalan çıxış etdi.

Nəticədə tələbələrin AStA təşkilatı etiraz aksiyaları ilə qarşılamaq barədə qərar qəbul etdi. Əsas aksiyalar iki yerdə olacaqdı: saat 12.00-da Şönenberq ratuşası qarşısında və saat 19.00-da Alman operası qarşısında. Hərçənd, ilk aksiya hələ iyulun 1-də baş tutdu. Çexoslovakiyanın hərbi missiyası qarşısına toplaşanlar sosialist ölkəsində şahın hörmət-izzətlə qarşılanmasına etiraz etdilər.


Səfər günü Qərbi Berlində fövqəladə vəziyyət hökm sürürdü. Bütün polis qüvvələri səfərbər olunmuşdu. Şahın gedəcəyi yerlər, keçəcəyi yollar ciddi mühafizə olunurdu. Gözlənilməz bir hadisənin baş verəcəyi təqdirdə tacdar cütlüyün təxliyəsi və ya təcili xəstəxanaya çatrıdılması üçün tədbirlər görülmüşdü.

Saat 11-də şah şəhərin fəxri qonaqları üçün nəzərdə tutulan kitabda bir şeylər yazmaq üçün şəhər ratuşasını ziyarət etdi. Binanın qarşısında həm şahın əleyhdarları (alman gənclərlə yanaşı iranlı müxaliflər), həm də tərəfdarları toplaşmışdı. Daha azsaylı ikincilərin əslində İranın gizli polisi olan SAVAK-ın əməkdaşları və idmançılar olduğu güman olunur.

Şah hadisə yerinə gələndə ona daha yaxın məsafədə olan tərəfdarları ucadan qışqırır, uzaqdakı əleyhdarlarının etiraz səslərini batırmağa çalışırdılar. Şah binaya daxil olandan sonra isə tərəfdarlar əleyhdarların üzərinə hücuma keçdilər. Sayları az olsa da onlar daha hazırlıqlı idilər. Buna görə də əleyhdarları xeyli əzişdirdilər. Əminliklə söyləmək olar ki, gər bu hücum olmasaydı, hər şey başqa cür, daha dinc yekunlaşa bilərdi.

Məhəmməd Rza və Fərəh Pəhləvilər həmin gün Qərbi Berlinin bir sıra görməli yerlərində oldular. Məsələn, Belvyu, Şarlottenburq saraylarını ziyarət etdilər və hər yerdə kiçik etirazçı qruplarla qarşılaşdılar. Amma əsas hadisələr axşam, Alman operasının qarşısında baş verdi.


Bismarkştrasse də yerləşən operada həmin gün Motsartın “Sehrli fleyta”sı oynanılırdı. Artıq saat 18.30-da etirazçılar yığışmağa başladılar. Gündüz baş verən hadisə üzündən gələnlər daha çox və daha radikal idilər. Qeyd edim ki, onların heç də hamısı əqidəli imperializm və monarxiya əleyhdarı, insan haqları tərəfdarı deyildi. Sadəcə gəncliyə xas olan macəraçılıq onları aksiyaya cəlb etmişdi.

Polis nümayişçiləri əvvəldən aqressiv qarşıladı. Ayrılmış yerdən kənarda qalmağa çalışanlara qarşı güc tətbiq olundu. Nümayişçilər də “gestapo, gestapo” deyərək qışqırmağa başladılar. “Bizi orta əsr despotuna görəmi döyürsüzünüz?” – polislərə ünvanlanan suallardan biri də belə idi.

Şah və Fərəh saat 20.00-a az qalmış avtomobillə opera qarşısına gəldilər. Nümayişçilər şahı “qatil, qatil” çığırtıları ilə qarşıladılar. Cütlüyə tərəf müxtəlif əşyalar atıldı, amma məqafə uzaq idi. Mətbuatın “şadlanan farslar” (Jubelpersern) adlandıracağı şah tərəfdarları da burada idilər və gündüz olduğu kimi monarxist şüarlar səsləndirirdilər.

Deyilənlərə görə, qonaqlarla birlikdə operaya daxil olan Berlinin burqomistri Henrix Alberts (maraqlıdır ki, o, hansısa sağçı partiyanın deyil, sosial-demokrat partiyasının üzvü idi) polis rəisi Erix Dünsinqə “mən çıxanda küçə boş olsun” tapşırığını verir. Dünsinq də tabeliyindəki işçilərə nümayişçiləri dağıtmağa tapşırır. Polislər anlaşılmaz şövqlə etirazçıları döyməyə başlayırlar (onların arasında bir polisin nümayişçilər tərəfindən bıçaqlanması barədə yalan şayiə dolaşırdı). Jubelpersern də həvəslə onlara kömək edirlər.

Faciə isə yaxınlıqda, Krummeştrasse 66 ünvanında yerləşən binanın həyətində baş verdi. Burada polis bir neçə etirazçını yaxalayaraq döydü. Sonra da, saat təxminən 20.30-da Karl-Haynts Kurras adlı polis heç bir ehtiyac olmadan silahını çəkdi və nümayişçilərdən birinin başının arxasına atəş açdı. Bu zaman hətta polislər də şoka düşdülər. Onlardan biri Kurrasa “sən dəli olmusan, atəş niyə açırsan?” deyə qışqırdı.

Yaralanan 26 yaşlı Benno Onezorq idi. O, Azad Berlin universitetinin tələbəsi idi və bir gün əvvəl Bəhmən Niruməndin çıxışına qulaq asandan sonra aksiyaya qoşulmaq qərarına gəlmişdi. Bu, onun iştirak etdiyi ilk siyasi aksiya idi. Hamilə arvadı Kristi də onu müşayiət edirdi. Amma bəzi mənbələrə görə, Kristi aksiyada atmosferin gərgin olduğunu görüb evə dönmüşdü, digər mənbələrdə isə ər və arvadın polis hücumu üzündən ayrı düşdükləri deyilir.

Polislər təcili yardım çağırmağa da tələsmədilər. Nəhayət hadisə yerinə gələn həkimlər Onezorqu xəstəxanaya götürdülər, amma o, yolda keçidi.


Onezorqun qətli Almaniyada geniş rezonans doğurdu. Almaniyanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 100 mindən çox insan iştirak etdi. Cənazəsi ailəsinin yaşadığı Hannover şəhərinə göndərilərkən Qərbi Berlin 15 minlik nümayiş keçirildi. Hannoverdəki dəfndə isə 7 min nəfər iştirak edirdi.

Hadisələr Qərbi Berlinin burqomistrinin istefası ilə nəticələndi. Henrix Alberts günahı nümayişçilərin üzərinə atmağa çalışdı, amma hətta mənsub olduğu sosial-demokrat partiyası ondan üz döndərdi. Berlin senatında dəstəyi itirən burqomistr istefa verməli oldu. Daxili işlər üzrə senator və polis rəisi də vəzifələri ilə xudahafizləşdilər.

Qatil özü isə, təəssüf ki, cəzasız qaldı. Kurras özünümüdafiə məqsədilə atəş açdığını iddia edirdi və həm özü, həm də iş yoldaşları yalan ifadələr verdilər. Əks ifadələr verən şahidlərin fikri isə məhkəmə tərəfindən inkar edildi. Kurrasa bəraət verildi. Federal məhkəmənin işi geri qaytarmasndan sonra ikinci dəfə bəraət aldı. Hüquqi prosedurlar bitəndən sonra Kurras 1971-ci ildə polisdəki işinə bərpa olundu və 1987-ci ildə təqaüdə çıxdı.

2 iyun hadisəsi Almaniyanın tarixində xüsusi yer tutur. O, solçu gəncliyin radikallaşmasına səbəb oldu. Həmin günlər keçirilən tədbirlərin birində Qudrun Enslin adlı gənc qadın deyirdi: “Onlar bizim hamımızı öldürəcəklər. Bu, Osventsim nəslidir. Siz Osventsimi inşa edən insanlarla mübahisə apara bilməzsiniz. Biz silahlanmalıyıq”. Onu da deyim, Enslin həqiqətdən uzaq deyildi. Həmin dövrdə Qərbi Almaniyanın kansleri olan Kurt Kizinqer 1933-1945-ci illərdə nasist partiyasının üzvü olmuşdu.

Hadisələrdən bir ay sonra Almaniyada “Qırmızı Ordu Fraksiyası” (Rote Armee Fraktion, RAF) adlı solçu terror təşkilatı yaradıldı. Onu qurucuları arasında məqalədə adı keçən Ulrika Maynhoff, Qudrun Enslinlə yanaşı Andreas Baader, Horst Maler vardı. Daha bir terror təşkilatı isə 1972-ci ildə yarandı və adı da “2 iyun hərəkatı idi”. Onlar qətllər, adam oğurluğu, bank soyğunu, təyyarə qaçırması, supermarketlərin yandırılması kimi terror aksiyaları törətdilər.


İki Almaniyanın birləşməsindən sonra kommunist Şərqi Almaniyanın gizli polisi olan Ştazinin sənədləri araşdırılmağa başlanıldı və 2009-cu ildə heyrətamiz bir fakt ortaya çıxdı. Benno Onezorqu öldürən Kurras 1955-ci ildən Ştazinin məxfi agenti, 1964-c ildən isə Şərqi Almaniyada hakim Almaniya Vahid Sosialist Partiyasının üzvü imiş. Başqa sözlə, Qərbi Almaniya solçularının və marksistlərinin bəlkə ən çox nifrət etdikləri adam özü solçu və marksist idi.

Doğrudur, qətlin Ştazinin göstərişi ilə baş verməsi barədə heç bir sənəd mövcud deyil. Əksinə, hadisəni agentlərinin törətdiyini bilən qurum rəhbərliyinin şoka düşdüyü məlumdur. Onlar Kurrasla bütün əlaqələri dərhal kəsdilər və daha əməkdaşlığa cəlb etmədilər. Bununla belə, maraqlıdır ki, İran şahına qarşı etiraz edən şəxsi öldürən Kurras partiyadan qovulmamışdı.

Ana səhifəMənim FikrimcəAlmaniyanı dəyişən qətl