“Telekanalın yayımı Azərbaycanda güclü narazılıq yaradıb və adının dəyişdirilməsinə ehtiyc yaranıb”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 13-də Azərbaycanda səfərdə olan İran Televziya və Radio Şirkətinin başçısı İzzətullah Zərqamini qəbul edib.
A.Paşazadə öncə qonağı “Qədir-Xum” bayramı (632-ci ildə həcc ziyarətindən sonra “Qədir-Xum” adlı yerdə Məhəmməd peyğəmbərin Həzrəti Əlini vəsis təyin etməsi) münasibətilə təbrik edib.
İran-Azərbaycan münasibətlərində bəzən gərginliklər yaşansa da, son zamanlar iki dövlət arasında münasibətlərin sabit inkişaf etdiyi vurğulanıb. A.Paşazadə İ.Zərqaminin səfərilə bu münasibətlərin daha da yaxşılaşacağına ümidvar olduğunu söyləyib. A.Paşazadə dünya dövlətlərinin İrandakı hakim rejimə isti münasibət bəsləməməsinə də toxunub. “Dünya gördü ki, dünya siyasətinə təsir edən, ondan baş çıxaran molla da var”, – deyə İranın ali dini rəhbəri Xamneyi barədə mövqeyini ifadə edib.
İran rəsmisi də sözünə “Qədir-Xum” bayramı ilə başlayıb. Özü seyid olan İ.Zərqami “Qədir-Xum” bayramında xanımların əhd edərək seyid uşaqlarını şox öpdüklərini deyib. “Sifətindən də görünür səni uşaq vaxtı şox öpüblər”, deyə A.Paşazadə İ.Zərqaminin bu deyminə zarafatyana cavab verib.
Bundan sonra İ.Zərqami A.Paşazadənin görkəmli din və ictimai xadim kimi dünyada tanındığı haqda fikir bildirib. İranın 160 telekanala sahib olduğunu deyən İ.Zərqami 29 peyk vasitəsilə bu telekanalların bütün dünya ölkələrinə yayımlandığını nəzərə çatdırıb. Onun sözlərinə görə, İranın nüfuzlu din xadimləri, dini rəhbərləri islam dininə dair bilikləri dünyaya yaymağı şirkət qarşısında ən önəmli məsələ sayırlar.
Söhbətə qarışan A.Paşazadə İranın “Səhər” teleproqramının Azərbaycana qarşı mənfi mövqe sərgilədiyinə görə tənqid edib. Bu telekanalın yayımının Azərbaycanda güclü narazılıq yaratdığını deyib və adının dəyişdirilməsinin lazım gəldiyini vurğulayıb. İranla Azərbaycanın müştərək telekanal quracağı halda bu telekanalda dini biliklərin təbliğinə yer verilməsini istəyib.