“Biz dindarlar şirdən, onun quyruğundan, müharibədən deyil, sülhdən danışmalıyıq”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin Azərbaycanla bağlı çıxışına cavab
verib
.
Bu barədə QMİ-nin sentyabrın 22-də yaydığı açıqlamada qeyd olunub.
Allahşükür Paşazadə bildirib ki, Seyid Həsən Amulinin fikirləri dindarların narazılığına səbəb olub: “44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı – Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanıb, dindarların haqlı narazılığına səbəb olub”.
Onun sözlərinə görə, Seyid Həsən Amulinin çıxışı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər edilib: “Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını – Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər, yəqin ki, şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”.
“Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməliyik. Müqəddəs Kitabımızda buyurulduğu kimi: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır” (Nəhl, 125). Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı“, – deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri bildirib.
Sentyabrın 20-də İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlərinə münasibət bildirib.
O, çıxışında Azərbaycanı hədələyib və “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Amili “şir” deyəndə İranı nəzərdə
tutub
.