Allah ki bilirdi!…

Bilmirdi?

Source:

Dünyada minlərlə yamanla (şər hadisələrlə) qarşılaşırıq. Və hər dəfə də zehnimizdən ilk keçən sual bu olur: Allah niyə prosesə müdaxilə etmir, bədbəxt hadisələrin qarşısını almır?Axı dini etiqada görə, Allah hər şeydən xəbərdardır, mehribandır, ədalətlidir.

Güllə bilmirdi,

tüfəng bilmirdi,

ovçu bilmirdi:

Bir quş dimdiyində cücələrinə dən aparırdı.

Allah ki bilirdi!… Bilmirdi?

İranlı şairin – Hüseyn Penahinin uyğun mövzuda yazdığı şeirdir. Təsirlidir! Bir maşın qəzasını təsəvvür edin: hadisədə valideynlər həlak olur, körpə uşaqlar yetim qalır. Və istər-istəməz bu şeiri zümzümə etməyə başlayırıq.

“Yaxın dostumuzun balaca qız nəvəsinin faciəli ölümünü yada salırdıq ki, birdən Kamal Abdulla ağrı ilə dedi: “Göylər xəcalət çəkmir bu ölümdən?!” Sonra deyiminin qiyamçı səsindən diksinərək düzəliş etdi, “yəni mələkləri deyirəm”. ” Bu sitat Niyazi Mehdinin “Allah haqqında amansız suallardan” yazısındandır. Bu fikri oxuyanda qonşunuzda balaca qızın ölümü yadımıza düşür, göydə boy-boy düzülmüş mələklər o balaca fidanı niyə xilas etmədi, buna gücləri çatmırdımı? – deyə düşünürük.

“Əgər Allah varsa, niyə Xocalı faciəsi baş verib? Belə şeyləri yazmağı xoşlamıram, amma bir etiraf edim: Allahın varlığına ilk şübhəm 1992-ci ilin fevralında baş verib. Adamların dinə inanmağının səbəbləri olduğu kimi, dindən uzaqlaşmağının da səbəbləri olur.” Aşağıdakı sitat isə tanınmış yazar Zamin Hacıya məxsusdur. Xacalı faciəsinin ildönümü ərəfəsində “Facebook” səhifəsində paylaşıb. Xocalı faciəsini yadımıza salır, don vurmuş insanlar- körpələr, qocalar, qızlar, gəlinlər gözümüzün önünə gələndə, Çingizin “Ay Allah” deyib ağlaya-ağlaya çəkiliş aparmasını xatırlayanda- Ay Allah deyib, səslədiyimiz Allah bu soyqırım baş verəndə haradaydı?- fikirləşirik.

Allah da belə bir sualla çıxış edir. Amma o, günahkarı göydə axtarmır, əlini Yerə tuşlayır: “Axı o hansı günaha görə öldürüldü?” (Qurani-Kərim, 81:9)

Bəs əslində günahkar hardadır: göydə, yoxsa yerdə?

Bildiyimiz kimi, bu suallar hazırkı çağa aid deyil, lap əyyami-qədimdən bədbəxt hadisələr zamanı zehinlərdə dolaşıb. Fəlsəfədə, teologiyada da bu, geniş müzakirə predmetidir. Bu suallara dini aspektdən cavab tapmaq üçün öncə dünyanın qurluşunu (məqsəd baxımdan) aydınlaşdırmaq lazımdır: Allah dünyanı necə xəlq edib? O, Yer kürəsində hər bir hadisəyə yerindəcə cavab verib, günahkarı cəzalandırmağı qarşısına məqsəd qoyubmu? Şübhəsiz ki, yox!

Gəlin, lap əvvələ qayıdaq: ilk xəta törədən şəxs Adəmlə Həvvanı yada salaq:- onlar qadağan edilmiş meyvəni yeyib, cənnətdən qovulurlar. Müdaxilə prinsipini əsas tutsaq, Allah Adəm və Həvvanın fikrini dəyişdirib, onları bu işdən çəkindirməliydi. Qabilin Habili öldürməsində də eyni addım atılmalıydı. Və beləcə Habildən üzübəri baş verən bütün faciələrdə Allahın müdaxiləsini təsəvvür etdikdə, robot kimi idarə edilən, heç bir ixtiyarı, iradə azadlığı olmayan insan canlanır gözümüz önündə. Allah isə insanı belə görmək istəmir, onu belə xəlq etməyib. Varlıq aləminin ən üstünü saydığı insana şüur, təfəkkür, ixtiyar verib. Ona yol göstərən ilahi bələdçilər göndərib, səmavi kitablar endirib.

Sizin ixtiyarınıza aid olan işlərinizə (insana hər an varlıq bəxş etmək, güc-qüvvət vermək, yaradılış baxımdan onları idarə etmək, ümumi olaraq mərhəmət göstərmək bura daxil deyil) müdaxilə etmərəm, sizə yalnız kömək edərəm, deyə buyurub: “Hər hansı bir tayfa öz tövrünü (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişmədikcə , Allah da onun tövrünü (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) dəyişməz.” (13:11) Əgər hər bir işə Allah müdaxilə etsəydi, mələklər vardı (onlarda seçim haqqı yoxdur), insanı yaratmağa ehtiyac olmazdı. Dini əmr və qadağalar əhəmiyyətsiz olardı. Cənnət, cəhənnəm məna kəsb etməzdi. İlahi sınaq anlayışı qüvvədən düşərdi.

Demək, Allahın bədbəxt hadisələrin qarşısını yerindəcə almaması, bəndələrinin onlara bəxş edilən ixtiyar, ağıl və düşüncə ilə bütün baş verə biləcək hadisələrin qarşısını maksimal həddə alması istəyidir. Ona görə maksimal qeyd edilir ki, məhdud dünya və dəyişməz qanunlar çərçivəsində bütün bədbəxtliklərin qarşısını almaq mümkün deyil. Məsələn, insan hər nə qədər ehtiyatla, qaydalara riayət edərək avtomobilini idarə etsə belə qəzanın baş verməsi qaçılmazdır. Çünki hamı eyni qaydada qanunlara riayət etmir. Və ya düşmən təcavüzündən qorunmaq məqsədi ilə hərbi texnika ixtira edilirsə, o, dinc əhaliyə qarşı da istifadə edilə bilər. Silahın düşmənə qarşı işlək olub, dinc əhaliyə tuşlandıqda funksiyasınıitirmə gözləntisi yanlışdır. Yaxud, fizioloji, təbii səbəbdən bir körpə də dünyasını dəyişə bilər. Yenə də maşın qəzazını misal göstərək. Əgər maşın sürətlə idarə edilir, qaydalara riayət edilmirsə, qəzanın baş verməsi zəruridir və maşında kimliyindən asılı olmayaraq – uşaq, böyük və s. xəsarət ala bilər.

Doğrudur, dua, xeyirxah əməllər oxşar hadisələrin qarşısını almaqda təsirlidir, Allah duaları eşidir, haraylara yetir. Amma unutmamalıyıq ki, dualar da qanuna tabedir: təvəkkül əzmlə, iradəylə, elmlə, əməklə, zəhmətlə yanaşı olduqda qəbul olunur. Əks halda nəticəsizdir.

Ümumiyyətlə Allah dünyanı səbəbiyyət qanunu əsasında idarə edir. Bu çərçivədən kanarda nəyəsə ümid etmək yersizdir. Qeyd edilənləri nəzərə aldıqda, aydın olur ki, insanın tərəqqisi, kamilliyə doğru irəliləməsi, bədbəxtliklərdən maksimal sığortalanması ilahi proqram çərçivəsində öz ixtiyarı və düzgün addımlamasından asılıdır. Hər kəsin tənəzzülü də öz ucbatından baş verir.

Bir məsələni də qeyd etmək yerinə düşərdi: xeyirxah insanlar üçün bu dünyada da mükafatlar nəzərdə tutulub, axirətdə də. Pis insanlar da adətən bu dünyada cəzasız qalmırlar. Elə son illərdə xeyli sayda zülmkarın Allahın qəzəbinə tuş gəldiyinin şahidi olduq. Şübhəsiz ki, onları Axirətdə daha böyük cəza gözləyir. Amma unutmayaq ki, cəza və mükafatlar həmişə maddi xarakter daşımır.

Ana səhifəMənim FikrimcəAllah ki bilirdi!…