Alkoqollu şüşədə alkaqolsuz pivə içən…

İnsan insanlığını unutmamalıdır!

Source:

Qiyabi tanıdığım bir oğlan var idi, qəza keçirmişdi. Reabilitasiya mərkəzində yatanda o qədər üsyan elədi, o qədər halından şikayət etdi, vəziyyətin qəbullana bilmədi ki, axırda ürəyi partlayıb, öldü.  Bu hadisə həmin reabilitasiya mərkəzində könüllü işləyən tanışımın yanında baş vermişdi . Deyirdi ki, oğlanın aldığı travma elə də ciddi deyildi. Yəni oğlan bir müddət fizioterapiya alıb, məşq etsəydi, tez bir zamanda yerimə şanı var idi. Halbuki, o dözümsüzlük nümayiş etdirib, “ay Allah məni niyə bu günə qoydun?! Mən niyə belə oldum?!” deyərək, özünə mənfi aura təlqin edərək, ölümünü yetişdirdi.

Araşdırmaçıların  fikrinə görə, insan özünə nəyi ürəklə təlqin edirsə, bu baş verir. Hər hansı fikiri və ya hadisəni beyninə yeridirsə, bu, onun müsbət və ya mənfi olmasından aslı olmayaraq, yüz faiz reallaşır.   “National Geografic” kanalında insan zəkasına aid bir verilişə baxmışdım.  Alimlər özünə təlqin  üzərində araşdırma üçün bir qrup gənci bir yerə yığaraq, onlara alkoqollu içki ziyafəti təşkil edirlər. Lakin içki şüşələrinə ancaq alkoqolsuz içkilər dodururlar. Gənclərin isə bundan xəbəri olmur. Gənclərə guya içkidən sonra necə cəsarətlənəcəklərini müşahidə etmək üçün bura yığdıqlarını söyləyirlər. Alkoqollu şüşədə alkaqolsuz pivə içən, maxito və likör yerinə, onların analoqu olan alkoqolsuz limonadlar içirlər. Bir neçə saatdan sonra həmin gənclər əsl sərxoşlar kimi özlərini aparmağa başlayırlar. Bəziləri hətta otaqda yeriyərkən səndələyirlər də. Alimlər bu hadisə ilə özünə təlqinin şüura və ruha necə yüksək təsir etdiyini yenə də sübut etdilər.

İntensiv reanimasiyada olanda ağrılara və səs-küyə görə yaxşı  yata bilmirdim. Tibb bacılarından gündə iki-üç dəfə mənə ağır dozalı yuxu gətirən iynələr vurmağı tələb edirdim. Onları bezdirmişdim, həm də öz sağlığıma zərər vururdum. Anam bu vəziyyətimi görüb, tibb bacılarına çox ağıllı bir ideya təklif etdi. Deməli, hər dəfə mən belə şüvən salanda, tibb bacıları mənə yuxu dərmanı əvəzinə, askorbin turşusu, yəni bildiyimiz vitamin “C” vururdular. Bilsəniz, o vitamin “C”-lərdən sonra necə mışıl-mışıl yatırdım. Heç ruhum belə incimirdi. Bax budur özünə təlqin. İynə mənə vurularkən, özümü yatmağa hazırlayıb, yuxunun beş dəqiqədən sonra məni necə qucaqlayacağını təsəvvür edirdim. Bu oyun bir müddət işlədi, amma bir gün nəsə şübhələndim və iynəni şprisə yanımda doldurmağı tələb etdim. Oyunun üstünü açdım. İndi bu hadisəni gülərək xatırlayıram.

İnsan beyni problemləri çox böyük həcmdə qəbul edir. Güclü varlıq olan insan bəzi hallarda zəiflik edir. Problemlər beyinə şişirdilmiş halda qəbul edilir. Psixoloqların fikrinə görə problem nə dərəcədə pis olsa belə, insan onu şüurlu şəkildə qəbul etsə, bir o qədər tez çözüm yolu tapa bilər. Problemlərin üstündən adlayıb keçmək üçün bir nömrəli vasitə-səbrdir. Bir çoxları elə zənn edir ki, hadisələrə qarşı səbrlə yanaşmaq zəiflik əlamətidir. Bu fikir kökündən yanlışdır.Əksinə, həmin insanlar özləri kiçik hadisələri  fövqəl hadisələrə çevirirlər. Onlar heç kimi yola vermir. Çürükçülük edib, hadisələrə ən aqressiv şəkildə reaksiya verirlər. Həzrəti Ömər deyirdi ki, səbrli olmağımız mübarizəmizin əsas nişanəsidir.

Təəssüf ki, Azərbaycan cəmiyyəti çox səbrsiz və aqressivdir. Bəli, bunun əsas stimullaşdırıcı qüvvəsi ağır sosial və iqtisadi durumdur. İnsan insanlığını unutmamalıdır. Başımıza gələnlərin bir çoxu total savadsızlıqdan və tənbəlliyimizdən baş verir. İnsanların küçədə bir-birinə qəzəbli baxışlarına baxın.  Çaşasan, bilmədən kiminsə çiyninə toxunasan və ya ayağını tapdayasan. Pəhh… o dəqiqə qırğın başlayır. Bu hadisə ya sizin axşam kriminal xəbərlərinin “qəhrəmanı” edəcək, ya da ki xoşagəlməz sözlərin əhatəsi içində daha da qəzəbli sifət görəcəksiniz. Avropada və ya Amerikada bu cür hadisə ilə rastlaşsanız, ayağını tapdadığınız, çiyninə toxunduğunuz şəxs özü gülümsəyərək, sizdən özü üzr istəyir. Təsəvvür edin, Bakıda kimsə sizin ayağınızı tapdayır və siz ondan üzr istəyirsiniz. O adam birinci şoka düşər, ikinci təkəbbür damarı dombalıb, sizə “bir də belə şey olmasın” minnətini üzünüzə sillə kimi yapışdırar. Siz bir sözlə el arasinda işlənən “lox” olarsınız . Deyə bilərsiniz ki, guya gülümsəməklə ölkəmiz Norveçə, İsveçə dönəcək?! Aha, dönməyəcək, amma pozitiv bir əhval yarada biləcəksiniz.

Mən əlil arabasında olsam da, özümü heç əlil hesab etmirəm. Çoxlu problem və əngəllərimə rəğmən özümə ən pozitiv şeyləri təlqin edirəm. Günlərlə həyətə çıxa bilməsəm də, kitab oxumaqla xəyali olaraq nəinki dünyanı gəzir, hətta yer kürəsindən çıxıb, kosmosa da uça bilirəm. Dünya filmlərini izləyib, filmdəkilərin yerinə qoyuram özümü. İnternet vasitəsilə getmədiyim-bilmədiyim yerləri öyrənib, bilgimi qüvvətləndirirəm. Sevdiyim musiqilərə qulaq asarkən fiziki cəhətdən gəzə bilməsəm də , ruhən uçuram. Musiqinin notları ilə sevişirəm. Həyat qısa və gözəldir. İnanın ki, yaxşı şeylər düşünsəniz, özünüzə pozitivi təlqin etsəniz, hər şey yaxşı olacaq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəAlkoqollu şüşədə alkaqolsuz pivə içən…