Alim Qasımovun kürəkəni polislərin onu döyməsindən şikayətlənib

Polis əməkdaşı: “Mənə dedi ki, 3-4 gün əvvəl qumar oynayanda mübahisə düşüb, orada qarşı tərəf başına külqabı vurub”

Source: Qafqazinfo


Polis əməkdaşı: “Mənə dedi ki, 3-4 gün əvvəl qumar oynayanda mübahisə düşüb, orada qarşı tərəf başına külqabı vurub”

Xalq artisti Alim Qasımovun evindən qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunan kürəkəni Elnur Mövlanov tutularkən polislər tərəfindən işgəncəyə məruz qalmasından, saxlandığı istintaq təcridxanasında telefon danışığı hüququnun məhdudlaşdırılmasından şikayətlənib.

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşı Rüstəm Quliyev şahid qismində dindirilib. O bildirib ki, Elnur Mövlanov axtarışda idi, əməliyyat-axtarış tədbirləri nəticəsində onun yerini müəyyənləşdirib həbs ediblər.

Elnur Mövlanov polisin dediklərinə etiraz edib. Onun sözlərinə görə, ittiham aktında yazılan yerdə tutulmayıb, onu Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin ərazisində saxlayıblar. Saxlanılan zaman polislər tərəfindən işgəncəyə məruz qaldığını deyən Elnur Mövlanov hakimdən xahiş edib ki, tutulduğu ərazidəki müşahidə kameralarının görüntülərinə baxılsın. Onun sözlərinə görə, həmin görüntülər onun ittiham aktında göstərilən yerdə tutulmadığını sübut edəcək.

Polis əməkdaşı Rüstəm Quliyev təsdiqləyib ki, saxlanılarkən Elnur Mövlanovun üzərində xəsarətlər vardı. Şahid iddia edib ki, o xəsarətləri polislər yox, bir neçə gün öncə mübahisə etdiyi şəxs yetirib: “Özündən də harada xəsarət aldığını soruşdum. Dedi ki, 3-4 gün əvvəl qumar oynayanda mübahisə düşüb, orada qarşı tərəf başına külqabı vurub”.

Polis əməkdaşı əlavə edib ki, Elnur Mövlanovun bu cavabını videoya da çəkib, həmin görüntüləri saxlayıb.

Dindirmə zamanı məlum olub ki, Alim Qasımovun evindən oğurlanan qızıl-zinət əşyaları və pul İsmayıllıya aparılıb, bir müddət Basqalda gizlədildikdən sonra yenidən Bakıya qaytarılıb. Polisin dediyinə görə, Elnur Mövlanov qızılların bir hissəsini narkotik satışıyla məşğul olan şəxsə vermişdi.

Elnur Mövlanov hakimlərə şikayətlənib ki, istintaq təcridxanasında ona yalnız atasına zəng eləməyə icazə verilir, digər şəxslərlə telefon danışıqlarına məhdudiyyət var.

Məhkəmə bu məsələnin araşdırılacağını bildirib.

Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.

1979-cu il təvəllüdlü Elnur Mövlanova qarşı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 180.2.4 (insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddələrilə ittiham irəli sürülüb. Bu cinayət işində Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

Elnur Mövlanovun Əməkdar artist Fərqanə Qasımova ilə evliliyindən 4 övladı var. Onlar xeyli vaxtdır ki, ayrı yaşayırlar.

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Allah bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin…“, – Fərqanə Qasımova bugünlərdə sosial media hesabında həyat yoldaşının həbsi barədə xəbərlərə belə münasibət bildirib.

Ana səhifəXəbərlərAlim Qasımovun kürəkəni polislərin onu döyməsindən şikayətlənib