Ali Məhkəmə Mehman Hüseynovun şikayətini təmin etmədi

Vəkil: Avropa Məhkəməsinə müraciət edəcəyik

Source:
Bloqqer Mehman Hüseynov belə etiraz etdi
Bloqqer Mehman Hüseynov belə etiraz etdi


Vəkil: Avropa Məhkəməsinə müraciət edəcəyik

İyunun 25-də Ali Məhkəmədə həbsdə olan bloger Mehman Hüseynovun kassasiya şikayətinə baxılıb.

Məruzəçi hakim İmran Hacıqayıbov məlumat verib ki, Mehman Hüseynov bir neçə gün əvvəl ona ərizə göndərib. Əvvəlki ərizəsində işinə baxılarkən məhkəmədə iştirak etmək istədiyini bildirəm bloger bu dəfə əksinə, prosesin onsuz keçirilməsinə etiraz etmədiyini qeyd edib. Onun istəyi nəzərə alınıb – şikayətə Mehman Hüseynovun iştirakı olmadan baxılıb.

Blogerin vəkili Fuad Ağayev kassasiya şikayətində yazılanları müdafiə edib. Bildirib ki, Mehman Hüseynov haqqında hökm qanunsuz və əsassızdır:

“Bugünkü kassasiya baxışı bir növ Ali Məhkəmənin özü üçün sınaqdır. Çünki apelyasiya instansiya məhkəməsi Mehman Hüseynov haqqında qanunsuz hökmü qüvvədə saxlamaqla hüquqda əks-inqilabi çevriliş eləyib. Cinayət Məcəlləsinin 147-ci maddəsində fiziki şəxsdən, onun şərəf və ləyaqətindən söhbət gedir. Mehman Hüseynov Musa Musayevi tanımayıb, müsahibəsində də onun haqqında heç nə deməyib. Mən onu tanımırdım, əminəm ki, jurnalistlərin əksəriyyəti də tanımırdı. Bu işlə neqativ mənada özü özünü məşhurlaşdırdı”.

Vəkilin sözlərinə görə, aşağı instansiya məhkəmələri heç bir sübutu araşdırmadan Musa Musyevin xüsusi ittiham qaydasında qaldırdığı iddianı təmin edib. F.Ağayev blogerin şəhərin mərkəzindən başına torba keçirilərək oğurlanması, Nəsimi Rayon Polis İdarəsində işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qalması haqda dediklərini xatırladıb. Bildirib ki, məhkəmələr blogerin dediklərinin doğru olub-olmadığını araşdırmaq üçün heç bir addım atmayıblar: “Dəfələrlə vəsatətlər verdik ki, şəhərin mərkəzində Mehman saxlanılan yerdəki, polis idarəsindəki kameraların yaddaşındakı görüntülərə baxış keçirilsin. O görüntülər Nəsimi Rayon Polis İdarəsinin sərəncamında idi. Ortaya qoyub, Mehmanın yalan danışdığını sübut edə bilərdilər. Məhkəmələr heç bir əsas olmadan vəsatətlərimizi rədd elədi”.

Vəkil əlavə edib ki, Mehman Hüseynova xüsusi ittihamçını – polis rəisi Musa Musayevi dindirməyə, ona suallarını verməyə imkan yaradılmayıb: “Halbuki, yerli qanunlar da, Avropa Konvensiyası da şəxsə onun əleyhinə ifadə verəni dindirmə hüququ tanıyır”.

Fuad Ağayev kassasiya şikayətinin təmin olunmasını xahiş edib. Bildirib ki, bu iş məhkəmə sisteminin peşəkar nüfuz probleminə çevrilib.

Xüsusi ittihamçının vəkili Əlirza Həbilov isə kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını xahiş edib. Qeyd edib ki, xüsusi ittihamçının şəxsən dindirilməsi zəruri deyildi və bu, aşağı məhkəmə instansiyalarının qərarlarında da öz əksini tapıb: “Hesab edirik ki, hökm də, onun qüvvədə saxlanması haqda apelyasiya məhkəməsinin qərarı da qanuni və ədalətlidir”.

Hakimlər kollegiyası bir neçə dəqiqəlik müşavirədən sonra blogerin şikayətinin təmin olunmadığını elan edib.

Fuad Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra bu işi Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəklər.

Ana səhifəXəbərlərAli Məhkəmə Mehman Hüseynovun şikayətini təmin etmədi