Ali Məhkəmə Leyla və Arif Yunusların şikayətini təmin etdi

“İş yenidən apellyasiya baxışına qaytarıldı”

Source:


“İş yenidən apellyasiya baxışına qaytarıldı”

Dekabrın 27-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Leyla Yunus və Arif Yunusun kassasiya şikayəti üzrə məhkəmə prosesi bitib. Məlumatı vəkil Elçin Sadıqov yayıb. Xəbərə görə, məhkəmə onlar barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb:

“Kassasiya şikayətimiz qismən təmin olundu. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edildi. İş yenidən apellyasiya baxışına qaytarıldı”.

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb. Hazırda onlar müalicə üçün Hollandiyadadır.

Ana səhifəXəbərlərAli Məhkəmə Leyla və Arif Yunusların şikayətini təmin etdi