Ali Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etmədi

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunur

Source:
foto azadliq.org
foto azadliq.org

Noyabrın 18-i Ali Məhkəmə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxıb.

Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etməyib.

İlqar Məmmədovla Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T.Yaqublunun şikayətini də təmin edib.

Bu ilin martında isə T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də, həbsdədir.

Ana səhifəXəbərlərAli Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etmədi