Ali Məhkəmə Nazim Bəydəmirli haqqında verilmiş hökmü dəyişməyib

Nazim Bəydəmirli. Foto: Meydan TV

Bəydəmirlinin özünə və ailə üzvlərinə məxsus bir sıra əmlakın, hətta satılmış avtomobillərinin də üzərinə həbs qoyulduğu bildirilir

Bu gün Ali Məhkəmədə iki ildir həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirlinin hökmdən verdiyi şikayətinə baxılıb.

Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası onun kasasiya şikayətini təmin etməyib və haqqında verilmiş hökmü qüvvədə saxlayıb.

Nazim Bəydəmirlinin özü ərizə yazaraq məhkəməyə qatılmaq istəmədiyini bildirdiyi üçün prosesdə iştirak etməyib.

Vəkili Aqil Layıc bildirib ki, N.Bəydəmirli haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiəçi deyib ki, şəxsə 8 il həbs cəzası kəsilsə də, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir tutarlı sübut-dəlil yoxdur.

Vəkil qeyd edib ki, artıq ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndiyi üçün, məsləhətləşib Avropa Məhkəməsinə şikayət edəcəklər.

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Nazim Bəydəmirlinin özünə və ailə üzvlərinə məxsus bir sıra əmlakın üzərinə həbs qoyulduğu da bildirilir. Yaxınlarının sözlərinə görə, hətta vaxtilə etibarnamə ilə satılmış avtomobillərin də üzərinə həbs qoyulub.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.

Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.

Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır.

Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Nazim Bəydəmirli özü də “Bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Ana səhifəSiyasətAli Məhkəmə Nazim Bəydəmirli haqqında verilmiş hökmü dəyişməyib