Aktual Lenin

İnqilab aşağıların əvvəlki kimi yaşamaq istəməməsi yetərli deyil…

Source:

“Tənqidin silahı, əlbəttə, silahlı tənqidi əvəz edə bilməz, maddi güc məhz maddi güclə devrilməlidir; ancaq kütlələri fəth edərsə, nəzəriyyə də maddi gücə çevrilir…” (Karl Marks. “Hegelin hüquq fəlsəfəsinin tənqidi”)

1913-cü ildə Vladimir Lenin “Rusiya proletariatının may bayramları” adlı məqaləsini yazır və iyunda “Sosial-demokrat” qəzetində dərc etdirir. Bu, kiçik həcmli qəzet məqaləsi idi (həcminə görə künc yazıları ilə müqayisə etmək olar), ancaq indiki dövrün yarımsaatlıq köşələrindən fərqli olaraq, 100 il sonra da proqram-yazı kimi oxunur.

Məqalə sanki bu günümüzü əks etdirir və 21-ci əsrin əvvəlindəki qlobal durumun analizini verir (Bu cür aktuallığa Cek Londonun və Mark Tvenin siyasi publisistikasında, yaxud Kamyunun “Kambio” qəzeti üçün yazdığı məqalələrdə də rast gəlinir). Və elə bu yazıda da Lenin ilk dəfə olaraq sonralar qanadlı kəlməyə çevriləcək “Aşağılar istəmirlər, yuxarılar isə bacarmırlar” formulunun birinci variantını işlədir (Son variantda bu ifadə “Kommunizmin solluq uşaq xəstəliyi” kitabında yer alacaqdı).

Leninin məqaləsi məşhur Lena gülləbaranının (Qızıl mədəni fəhlələrinin etirazlarının qan içində boğulması) 1 illiyinə və Piterdə May bayramının qeyd olunmasına həsr olunmuşdu. Əslində bu 2 hadisə yazı üçün bir təkandı, əsl məqsəd isə məşhur “Nə etməli” sualına növbəti cavab axtarışının aktuallaşmağında idi.

Bu da məqalədən sitat: “İstismar, nə qədər böyük olur-olsun, heç də həmişə ölkədə inqilabi şərait yaratmır. İnqilablar üçün əksər vaxtlarda aşağıların əvvəlki kimi yaşamaq istəməməsi yetərli deyil. Bunun üçün yuxarıların əvvəlki tərzdə ağalıq və idarə edə bilməməsi də tələb olunur”.

Birinci rus inqilabının məğlubiyyətindən qazanılan praktik təcrübə 1907-ci ildən başlayaraq Lenini istibdad rejiminin yalnız və yalnız inqilab yolu ilə dəyişdirilməsinin mümkünlüyü qənaətinə gətirmişdi. Sözügedən məqaləsində də o, bir daha bu fikri inkişaf etdirirdi. Məsələn, Lenin yazırdı:

“Bizim liberallar “Şükür ki, bizdə Konstitusiya var” kimi kəlmə haqda nə qədər çərənləsə və gündəlikdə bu və ya digər siyasi islahatların dayandığını təkrarlasa da (birinci və ikinci müddəalar arasındakı sıx əlaqəni yalnız dayaz adamlar anlamır), bu islahatçılıq suyu nə qədər axsa da, heç bir liberal hazırkə vəziyyətdən islahatlarla çıxmağın yolunu göstərə bilmir”.

Bununla da Lenin islahatçılıq yolunun kor dalan və daha çox dəbdə olan ritorika olduğunu ortaya qoyur və yazıda çıxış yoluna öz baxışını bu cür ifadə edir: “Aşağıların istismarı və yuxarıların böhranı hələ inqilabın yetişməsi demək deyil. Onlar sadəcə ölkənin çürüməsi deməkdir. Əgər ölkədə passiv qəzəbi aktiv narazılıq vəziyyətinə və qiyama çevirə biləcək inqilabçı sinif yoxdursa, inqilab olmayacaq”.

Sonralar oxşar fikirləri tamamilə fərqli cinahda dayanan Erik Xoffer özünün “Həqiqi inamçı”sında yazacaqdı və narazılığın istibdadı çökdürən faktorlardan olsa-olsa birisi olduğuna diqqəti çəkəcəkdi.

Lenin isə həmin dövr üçün ölkədəki siyasi vəziyyəti bu cümlələrlə xarakterizə edirdi: “Hamının gözləri qarşısında siyasi böhran yetişir. Burjuaziya əksinqilabı dəstəkləmək və bu əksinqilabın əsasında “dinc inkişaf” (Oxu: stabillik – M.S.) yaratmaq üçün əlindən gələni etdi… Pul kisələrini və əxlaqlarını qurban verməklərinə baxmayaraq, onlar “dinc inkişaf”, “nizam-intizam” və “qanunçuluq” üçün elementar şəraiti belə təmin edə bilmədilər”.

Unutmayaq: bu cümlələr 1913-cü ildə yazılıb. O vaxt ki, birinci rus inqilabının məğlubiyyətindən keçən 6 ildə dörd yanı əks-inqilab bürüyüb, devrimçiləri ictimai rəy qəbul etmir, mütləqiyyət daimi və əbədi görünür. Reallığı gözlənilməz dərəcədə dəyişəcək 1-ci Dünya Müharibəsinə isə vur-tut 1 il qalıb…

***

Dünya müharibəsi başlayanda Avropa sosialist partiyaları sinfi mübarizə və beynəlmiləlçilik prinsiplərini bir kənara tullayaraq imperialist hərbin tərəfinə durdular. Bolşeviklər azsaylı istisnalardan oldu. Lenin imperialist müharibənin kapitalistlər üçün kapital yığımının daha bir vasitəsi olduğunu əvvəldən görmüşdü. Leninin fikrincə, kapital yığımının prinsipcə son həddi yoxdur və bunun üçün müharibələr, texniki və texnoloji çevrilişlər kimi metodlara əl atılır.

Buradan nə nəticə çıxır? O nəticə ki, “kapitalizmin ölümü”nü oturub gözləyənlər yanılırlar. Həmin dövrdə kapitalist ekspansiyanın konkret inkişaf nöqtəsinədək davam edəcəyi, bundan sonra isə kapitalizmin mütləq məhv olacağı ideyası sosialistlər arasında geniş yer almışdı. Bunun üçün təkan rolunu Roza Lüksemburqun 1913-cü ildə çap olunmuş “Kapital yığımı” kitabı oynamışdı.

Lüksemburqa görə, kapitalizm yayıldıqca, qeyri-kapitalist areal daraldıqca sərvət yığımı da son həddinə yaxınlaşacaq. Yəni, qeyri-kapitalist ərazilərdə də kapitalist münasibətlər formalaşacaq, bazar rəqabəti və o ölkələrdə də istehsalın inkişafı get-gedə imperialist siyasətini gücdən salacaq. Qəribə odur ki, Lüksemburqdan əvvəl və onun fikirlərindən qətiyyən xəbərdar olmadan Cek London da “Dəmir daban” kitabında eyni müddəaları irəli sürmüşdü. Və Cekin də, “Qırmızı Roza”nın da proqnozlarına görə, kapital yığımı imkanları azaldıqca, bütün dünyada Sistem əleyhinə spontan çıxışlar başlayacaq.

Lüksemburqun kitabı ilə elə 1913-cü ildəcə tanış olan Lenin isə “kapitalizmin ölümü”nə inanmırdı. O, heç vaxt sistemin ölümündən yazmayıb, əksinə, sistemin devrilməsindən bəhs edib (Leninə yaxın mövqedə Antonio Qramşi dayanır. Qramşi “Türmə dəftərləri”ndə “kapitalizmə üstün gəlmək”dən bəhs edir).

Beləliklə, hələ Dünya müharibəsindən əvvəl Lenin kapitalizmin xoşluqla mövqelərini verməyəcəyini və böhranların heç də özü-özlüyündə kapitalizmin sonu olub Sistem əleyhinə uğurlu çıxışlarla müşayiət olunmayacağını yazır. Lüksemburqdan fərqli olaraq, Eduard Bernşteyn də (o illərin sosial-demokratiyasının mühüm siması) dövlətin böhranlara müdaxilə edərək onları zəiflədə bilməsi qənaətindəydi (1930-cu illərdə Franklin Ruzveltin “Yeni kurs”u bunu sübut etdi).

Müasir marksistlərdən Tamaş Kraus özünün “Lenin. Sosial-nəzəri rekonstruksiya” kitabında yazır: “Roza Lüksemburqun kapital yığımı nəzəriyyəsini qəbul edənlər kapitalizmin qaçılmaz “ölüm”ünə inanarkən adətən təşkilatlanmanın rolunu və onun ayrılmaz elementini – sinfi şüuru nəzərə almırdılar. Lenin isə yalnız kapitalizmin “devrilmə”sindən bəhs edirdi və bu vaxt prosesin aktiv-şüurlu elementini qabardırdı…”

Kapitalizmin ölümünü gözləyənlərə opponentlik edən Lenin 1913-cü ildə Avropa sosial-demokratiyasının qətiyyən üzdə olan, aparıcı fiqurlarından deyildi. O cümlədən, həmin vaxt ortodoksal marksistlər kimi bolşeviklər yox, menşeviklər nəzərdə tutulurdu (O menşeviklər ki, 1 il sonra imperialist müharibəsini müdafiə etdilər). Heç Dünya savaşı illərində də Lenin marksizmin tanınmış nəzəriyyəçisi sayılmırdı. Kautski, Bernşteyn, Bebel, Jores (1914-cü ildə qətlə yetirildi) kimi fiqurların yanında onu “kabinet nəzəriyyəçisi”, üslubunu isə “akademizm” sayırdılar. Yəni, rus mühacir oturub Avropada, Marksı konspektləşdirir, müharibə ərəfəsində aylarla və yenidən Hegelin “Məntiq elmi”ni oxuyur və bir neçə dəftəri qeydləri ilə doldurur, heç bir praktik təcrübəsi (1905-ci il epizodlarını çıxmaqla) yoxdur və ideyaları da dəbdən düşmüş doktrinyorluqdur.

Ancaq məhz bu “kitab adamı”, “akademik marksist” bütün oxuduqlarını və düşündüklərini cəmisi bir neçə il sonra reallaşdıra bildi. Həmin vaxt isə “sosializmin idolları” artıq bir-birinin ardınca tarix səhnəsini uğursuz və təslimçi personajlar kimi tərk edirdilər. Özlərindən sonra heç bir praktik əhəmiyyəti olmayan dağınıq mətnlər qoymaqla.

Lenin haqda məqaləsində Dyerd Lukaç yazmışdı: “İmperializm dövründə “opportunizm”in əsas problematikası həm də “inqilabi şüur” haqda sualla bağlıdır”.

“Kitab marksisti” Lenin məhz bunu qabartmışdı. Və təkcə bunu yox. “Kapitalizmin ölümü” konsepsiyası dəbdə olan bir vaxtda Lenin inqilabi nəzəriyyənin və təşkilatın misilsiz rolunu qeyd edirdi. Əvvəl Dünya savaşı, sonra isə 1917-ci il onun “akademizm”inin praktik tətbiqi və bəraəti oldu…


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəAktual Lenin