Şirkət məsələyə aydınlıq gətirmək üçün bəyanat hazırlayır
“
APA
-Economics”in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, şirkətin “Öz Volkan” neft məhsullarının nəqli və inşaat şirkətinə 7 mln. 237 min 16 lirə (təxminən 2 mln. 621 min 247 manat) borcunun olması səbəbindən Qaziantep 13-cü İcra Dairəsi tərəfindən “Akkord”un Türkiyədəki hesablarının həbs olunması ilə bağlı qərar verilib.
Məlumata görə, korporasiya Türkiyə Kömür İşlətmələrindən aldığı mədən yatağının qazılması ilə bağlı bəzi işlərin icrasını “Ada” Metal Mədənçilik şirkətinə həvalə edib. Lakin “Ada” Metal Mədənçilik şirkəti gördüyü işin məvacibini ala bilmədiyindən borcu yaranıb.
“Öz Volkan” neft məhsullarının nəqli və inşaat şirkəti məhz bu səbəbdən Qaziantep 13-cü İcra Dairəsinə müraciət edib. İcra Dairəsi isə həm Akkord, həm də “Ada” Metal Mədənçilik şirkətinin hesablarına həbs qoyulmasına qərar verib.
Türkiyə mətbuatı “Akkord” və “Ada” Metal Mədənçilik şirkətlərinin Qaziantep və Malatyada bəzi firmalara da borcunun olduğu barədə məlumatlar yayıb. 40 gündən çox bu vəziyyət hökm sürdüyündən firmaların mədən işlərini həyata keçirə bilmədikləri bildirilir.
“Akkord” Korporasiyanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyevanın “
APA
-Economics”ə verdiyi məlumata görə, şirkət tərəfindən məsələ aydınlıq gətirmək üçün bəyanat hazırlanır.
“Bu hadisə ilə bağlı Türkiyə ofisi ilə bağlı əlaqə saxlamışıq. İnformasiyada yanlışlıq var. Bu gün bizə məlumat verəcəklər. Biz Türkiyə ofisindən cavab istəyirik. Onlar cavabı verən kimi biz açıqlamanı verəcəyik” – deyə A. Quliyeva əlavə edib.