Gülağa Quliyev ölümündən iki gün əvvəl ifadə verib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş Gülağa Quliyev yol qəzasında ölüb.
Meydan TV-nin məlumatına görə, G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü vəzifəsində işləyib.
O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb. G.Quliyev aprelin 12-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə ifadə verib.
G.Quliyev məhkəmədə bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını bildirib.
Qəza aprelin 14-də saat 8:00 radələrində Suraxanı rayonu ərazisində – Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.