Akif Çovdarov: İstintaq yalançı, şərəfsiz adamlardan generala qarşı ifadə alıb (Yenilənib)

“Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun generala 60 min manat borcu olub”

Source:


Günün ikinci yarısında davam edən iclasda zərərçəkmiş şəxs Zakir Bədəlov ifadə verib.

Z.Bədəlov ifadəsində deyib ki, tanışı Tofiq Əliyev ona MTN-nə çağırıldığını deyib və buna görə o, MTN-ə gedib.

Onun ifadəsinə münasibət bildirən Akif Çovdarov isə deyib ki, Z.Bədəlovun nazirliyə pul alınması üçün yox, əməliyyat məlumatı üzrə çağırılıb:

“Bizə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat daxil olmuşdu. Həmin məlumat narkotik qaçaqmalçılığı ilə bağlı idi. Bizə altı nəfərin telefon danışığının dinlənilməsi barədə göstəriş də verilmişdi. Həmin şəxslərdən biri də Zakir Bədəlov olduğu üçün onu nazirliyə dəvət etmişdik. O, həm də bizim uzaq qohumdur və mənimlə görüşmək istəyirdi. Biz onunla söhbət etdik və bu işlə əlaqəsi olmadığı məlum oldu. Zakiri çağırmaqda başqa bir məqsəd isə onu agent kimi işə cəlb etmək idi. Ancaq onun həmin cinayətlə əlaqəsi olmadığı üçün sərbəst buraxdıq və işbirliyimiz də olmadı. Bir müddət sonra bizə verilən məlumat təsdiqini tapdı və cinayətkar dəstə zərərsizləşdirildi”.

Proses yanvarın 18-də davam edəcək.

İttiham aktına əsasən, Z.Bədəlov Gürcüstan Respublikasında anadan olduğunu və 1990-cı ildən Azərbaycanda yaşadığını deyib. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona onu MTN-in əməkdaşı Səlim adlı şəxsin axtardığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib. Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-ə qohumu olan A.Çovdarovun otağına daxil olub. A.Çovdarov ondan Zakir Mustafayevə 200 min ABŞ dolları borclu olduğunu, pulu qaytarmasa, onu əcnəbi kimi qeydiyyata aldırıb ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirib. Lakin o, A.Çovdarovla razılaşmayıb. Buna görə A.Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin Zakir Bədəlov Sabunçu Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu T.Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib. Daha sonra o, Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175 min ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib. Bununla bağlı Sabunçu RPİ-nə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu rayon prokurorluğuna göndərilib. A.Çovdarov və S.Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra o, qorxduğuna görə Daxili İşlər Nazirliyinə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.


***


“Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun generala 60 min manat borcu olub”

Yanvarın 16-da Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN -nin həbsdə olan sabiq idarə rəisi Akif Çovdarov, Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda Biləcəri qəsəbəsinin sabiq

bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər ifadə verib.

Akif Çovdarovun qohumu olan Natiq Hümbətov bildirib ki, hazırda zərərçəkmiş kimi tanınan İlham Xəlilovu Akif Çovdarovun evində olan məclisdə görüb: “Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun generala 60 min manat borcu olub, amma borc sənədi mənim adıma yazılıb. O, məndən istədi ki, natariusdan sənəd alım verim. Orada qeyd edilsin ki, İlhamın mənə borcu yoxdur. Mən də onun xahişini yerinə yetirdim. Çünki onun Akif Çovdarovla yaxın münasibəti var idi. Mən də istədiyini etdim”.

Daha sonra iclasda Akif Çovdarovun kürəkəni Rövşən Qasımov ifadə verib. R.Qasımov İlham Xəliovdan torpaq sahəsini almaq istədiyini təsdiq edib. Bildirib ki, həmin məsələdə Akif Çovdarovun rolu olmayıb və o, İlham Xəlilova heç bir təzyiq etməyib:

“Mən torpaq alıb atam üçün bağ evi tikmək istəyirdim. Lakin sonradan alınmadı”.

Daha sonra iclasda Binəqədi bələdiyyəsinin keçmiş sədri Elman Salmanov İlham Xəlilov epizodu üzrə əlavə ifadə verib. Elman Salmanov deyib ki, İlham Xəlilov ondan Çovdarova vermək üçün əlavə 16 min manat da alıb:

“İlham Xəlilov məndən Akif Çovdarova vermək adı ilə 150 mindən əlavə 16 min də aldı. O dedi ki, Novxanıda Akif Çovdarova tikilən bağ evinin birinci mərtəbəsini mən, qalan mərtəbələrini də İlham Xəlilov özü tikdirəcək. Lakin bunlar ittiham aktında yazılmadı”.

A.Çovdarov isə onun dediklərini təkzib edib və belə hal baş vermədiyini deyib:

“Narazılığım istintaq orqanındandır. Onlar yalançı, şərəfsiz adamları gətirib generala qarşı ifadə alıblar”.

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.

Ana səhifəXəbərlərAkif Çovdarov: İstintaq yalançı, şərəfsiz adamlardan generala qarşı ifadə alıb (Yenilənib)