Akif Çovdarov cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib

Kamandar Nəsibov: “Akif Çovdarovun səhhəti iş materilalları ilə gün ərzində iki saatdan çox tanış olmağa imkan vermir”

Source:

Kamandar Nəsibov: “Akif Çovdarovun səhhəti iş materilalları ilə gün ərzində iki saatdan çox tanış olmağa imkan vermir”

Oktyabrın 31-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən digər 4 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Meydan Tv-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında deyib ki, iclasda cinayət işinin 60 cilldən ibarət olduğu məlum olub: “Biz iş materiallarının heç 19 cildi ilə tanış olmamışıq. Ona görə məhkəmədən bizə 20 gün vaxt verilməsini istədik. Lakin məhkəmə vəsatəti qismən təmin etdi və iclası noyabrın 10-na təxirə saldı”.

K.Nəsibov deyib ki, iclasda vəsatətə münasibət bildirən A.Çovdarovun səhhəti iş materilalları ilə gün ərzində iki saatdan çox tanış olmağa imkan vermir. Vəkil A.Çovdarovun aclığı davam etdirdiyini də deyib.

A.Çovdarov ötən ilin noyabrında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçib. Sonradan həbs-qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub.

Ana səhifəXəbərlərAkif Çovdarov cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib