”Ailəmin “kupçalı” torpağını zəbt edib, YAP üçün qərargah tikdilər”

Hüseyn Abdullayev məhkəmədə son söz deyib

Source:


Hüseyn Abdullayev məhkəmədə son söz deyib

2013-cü ildə Almaniyada siyasi sığınacaq almış, 2018-ci ilin aprelində isə Türkiyədə tutularaq Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev sentyabrın 30-da məhkəmədə son sözünü deyib.

H.Abdullayev, anası Zeynəb Abdullayeva və daha 7 nəfərin işinə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə baxılır.

H.Abdullayev son sözündə deyib ki, şahidlərin istintaqdan fərqli olaraq, məhkəmədə həqiqəti söyləməsi, onun günahsız, irəli sürülmüş ittihamların isə saxta, uydurma və siyasi sifarişli olmasını ortaya qoydu. Onun sözlərinə görə, şahidlərin çoxu istintaqda dindirilərkən təziqlərə məruz qaldığını, yalan ifadələrə imza atdıqlarını etiraf ediblər: “Şahin Qasımovun “bandotdel”ə aparılması, orada 7 saat təzyiq və qorxu atmosferində saxlanılıb, mənim əleyhimə ifadə verməyə məcbur edilməsi, bir vaxtlar mənim mühasibim olmuş yaşlı Azadə xanımın Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb pis rəftara məruz qalması, mənim əleyhimə yalan ifadə verməyə məcbur edilməsi bir çox şeylərdən xəbər verir. Şahin Qasımovun məhkəmədəki ifadəsindən o da aydın oldu ki, Elnur Məmmədov xəstə uşaqların valideynlərini aldadıb, guya humanitar yardım istəmək adıyla topladığı imzaları, sanki məndən şikayət etmiş şəxslərin imzalarıymış kimi təqdim edərək, dövlət başçısına məndən şikayət ünvanlayıb”.

Sabiq deputat bildirib ki, bütün bunlar ona qarşı qərəz və kinin göstəricisidir: “Siz də bilirsiniz ki, bütün bu cəfəng, zərrə qədər də cinayət tərkibi daşımayan ittihamlar siyasi sifarişin nəticəsidir”.

H.Abdullayev bildirib ki, Azərbaycan hakimiyyətinin məqsədi 2013-cü ildə yazdığı “Susma” marşının, parlamentdə səsləndirdiyi tənqidi fikirlərin intiqamını almaq, onu iqtisadi cəhətdən tam müflis etməkdir.

Almaniyada siyasi mühacir statusu aldığını vurğulayan və İnterpol xətti ilə axtarışda olmadığı halda, Türkiyədə saxlanılıb Azərbaycana gətirilməsini cinayət – adam oğurluğu kimi qiymətləndirən H.Abdullayev bildirib ki, bununla hər iki ölkə beynəlxalq hüquq normalarını da pozub.

Keçmiş deputatın sözlərinə görə, həbs olunandan bu yana ona ailə üzvlərilə telefon danışığı və görüş qadağası qoyulub: “Mən anamla həbsimdən düz bir il sonra – bu il aprelin 2-də və nə yazıq ki, onun ad günündə buradakı ilk məhkəməmdə görüşmüşəm. Həbsdə olduğum müddətdə anam və digər ailə üzvlərim barəsində heç bir məlumatım olmayıb. Yəqin bunun nə demək olduğunu başa düşürsünüz”.

Ona və ailəsinə məxsus əmlakların, torpaq sahələrinin zorla əllərindən alındığını, dağıdıldığını söyləyən keçmiş deputat bildirib ki, onlara məxsus ərazidə YAP üçün qərargah tikilib: “Buradan hakimiyyət nümayəndələrinə səslənirəm. Ən faciəvi, bu günə qədər dünya praktikasında görünməmiş, dövlət səviyyəsində baş vermiş cinayət bir iqtidar partiyasının, yəni Yeni Azərbaycan Partiyasının mənim ailəmə məxsus olan şəxsi, kupçalı torpağı qəsb etməsi, orada tamamilə qanunsuz olaraq özlərinin baş qərargahını tikdirməsidir”.

İttiham aktında H.Abdullayevin 2000-ci ildən 2018-ci ilə qədər metal biznesilə məşğul olduğu göstərilsə də, keçmiş deputat bunun yalan olduğunu bildirir: “Mən o müddətdə Azərbaycan əhalisini təmsil edən heç kimdən bir qram da olsun, metal alıb-satmamışam. İddia olunan metal biznesini Azərbaycanda yox, həm də 2000-ci illərdə deyil, Ukraynada 90-cı illərdə həyata keçirmişəm. 1991-ci ildən 1998-ci ilə qədər olan tarixdə Ukraynadan İrana, Türkiyəyə və digər ölkələrə, böyük həcmdə əlvan və qara metal ixrac edən uğurlu biznesmenlərdən biri olmuşam. Elə o biznesdən də əldə olunan vəsaitlərlə Bakıda ailə üzvlərim üçün mülk və torpaqlar alınıb.

Kimlərin əsl cinayətkar, kimlərin isə pak və ürəkdən öz xalqına bağlı olduğunu məhkəmələr yox, zaman müəyyənləşdirəcək. Mən ümid edirəm ki, Almaniya hökuməti, alman deputatlar mənim taleyimə biganə qalmayacaq, mənə qarşı qanunsuzluqlarla bağlı öz fikrini bildirəcək, yenidən Almaniyaya qaytarılmağım üçün zəruri addımlar atacaqlar”.

H.Abdullayev deyib ki, 2005-ci ildə parlament seçkilərində iştirakdan sonra biznes aləmindən uzaqlaşıb, bu işi valideynlərinə həvalə edib, onların da işinə qoşulmayıb. Ona qarşı 1 milyon 700 min manatlıq vergi iddiasının cəfəngiyyat olduğunu vurğulayan sabiq deputat anasının bank hesabına köçürülmüş vəsaitlərdən də danışıb: “Anamın bank hesablarına köçürülmüş pulların qanunsuz yolla əldə edilməsi barədə iddialar absurddur. Nə mənim, nə də anamın xaricdəki bank hesablarımıza Azərbaycandan 1 manat da olsun, hətta 1 qəpik də pul köçürülməyib. Əksinə, xaricdəki hesablarımızdan daim Azərbaycana ailəmizin ehtiyacları üçün pul köçürülüb. Azərbaycan qanunvericiliyi şəxsə ölkəyə istədiyi qədər pul gətirməyə icazə verir.

2007-ci ildə parlamentdə deputat Fəzail Ağamalı ilə davasını yada salan deputat bildirib ki, həmin baş verənlər əvvəldən hazırlanmış təxribat idi: “Hüquqlarımın kobud şəkildə pozulmasını Avropa İnsan Haqları Məhkəməsi də təsdiq edib. Növbəti dəfə də belə bir ədalətsizliyə, çox ciddi qanun pozuntusuna imza atmayın. Mən heç bir cinayət törətməmişəm, vicdanım da tərtəmizdir. Nədə ittiham oldunduğumu isə hələ də başa düşmürəm”.

H.Abdullayev çıxışının sonunda “Şər qəfəsi” adlı şeir səsləndirib. Bildirib ki, bu şeiri həbsdə yazıb.

Daha sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib və bu üzdən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Ana səhifəXəbərlər”Ailəmin “kupçalı” torpağını zəbt edib, YAP üçün qərargah tikdilər”