Süleyman İsmayılov: “Qərarların icra edilməməsi vətəndaşlarda haqlı narazılıqlar yaradır”
“Hakimlər bəzən qanunsuz tikililərin rəsmiləşdirilməsinə qərar verirlər. Bununla vətəndaş mənafelərini qoruduqlarını düşünürlər. Ancaq bu qərarlar sonradan bir çox problemlər yaradır”, – Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun sözləridir.
S.İsmayılov tikinti şirkətlərinin adlarını çəkib: “Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik. Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi başlanıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilib, digər MTK-ların – “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri başlanıb, bu cinayət işlərinin bəzisi artıq yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıblar.
Süleyman İsmayılovun “Azərtac”-da bu haqda təhlil yazısı dərc olunub.
Yazıda ən çox narahatlıq doğuran məsələlərdən biri kimi məhkəmə qərarlarının vaxtında icra olunmaması göstərilir. Bildirilir ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi qərarların birtərəfli qəbul edilməsi, onların icrasının təmin edilməməsi barədədir. Qəbul olunmuş məhkəmə qərarlarının icrası aidiyyəti qurumlarda yubadılır:
“Ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara, korrupsiyaya şərait yaratdığına, digər neqativ hallara yol verdiyinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib. 12 hakim intizam məsuliyyətinə cəlb olunub. 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar verilib”.
Süleyman İsmayılov deyir ki, məhkəmələrin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri və onun Qaradağ, Səbail, Suraxanı, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Goranboy, Göygöl, İsmayıllı, Nizami (Gəncə), Saatlı, Sabirabad, Tovuz şəhər və rayonlarından müraciətlər nisbətən çoxdur.