Ahıl qadınların müdafiəsinə qalxdığı şəxs həbs olundu

Prokurorun təqdimatı təmin olunub

Source: Meydan Tv


Prokurorun təqdimatı təmin olunub

Türkan qəsəbəsində ölmüş şəxs kimi rəsmiləşdirilib, torpaqları əllərindən alınmış yaşlı qadınların hüquqlarının müdafiəsində onlara kömək etdiyinə görə şərləndiyini deyən Natiq Məhəmmədsoy məhkəmə zalında həbs olunub. Martın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərov onun barəsində ev dustaqlığı qərarını ləğv edib. Onun istintaq dövründə həbsdə saxlanmasına qərar verilib və bu məqsədlə iyun ayına qədər həbs-qətimkan tədbiri seçilib.

Martın 5-də saxlanılan Natiq Məhəmmədsoya qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb. Xəzər rayon prokuroru Fəxri Ələsgərov məhkəməyə təqdimat verib ki, istintaq dövrü üçün Natiq Məhəmmədsoy barəsində həbs qətimkan tədbiri seçilsin. Lakin məhkəmə təqdimatı təmin etməyib, onun barəsində iyula qədər ev dustaqlığı qətimkan tədbiri seçilməsinə qərar verilib. Prokurorluğun qərardan verdiyi apelyasiya protesti bu gün Bakı Apelyasiya Məhkəməsində təmin olunub.

1966-cı il təvəllüdlü Natiq Məhəmmədsoy məhkəmədə günahsız olduğunu, evindən və maşınından tapıldığı iddia olunan silah və narkotik ona aidiyyəti olmadığını

deyib.

O bildirib ki, saxtakarlıqla mülkiyyəti əlindən alınan yaşlı qonşuların hüquqlarının müdafiəsində onlara kömək etdiyinə görə cəzalandırılıb.

Natiq Məhəmmədsoy, eləcə də əmlakları əllərindən alınmış olunmuş 81-yaşlı Əzizəxanım Atayeva və 91-yaşlı Xumara Şabanova hesab edir ki, onun şərlənərək həbs olunmasının arxasında Xəzər rayon prokuroru Fəxri Ələsgərov dayanır.

Əzizəxanım Atayeva və Xumara Şabanovanın ölmüş kimi təqdim olunub, əmlakının ələ keçirilməsilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar gedir. Əvvəlcə Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev və qəsəbə sakini Çingiz Səfərov həbs olunub. Daşqın Nəsirov barəsində isə axtarış elan edilib. Xalq artıisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ötən ilin dekabrında tutulub. Keçmiş icra nümayəndəsinə qarşı vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, digər iki nəfərə qarşı isə dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.

Cinayət işinin başlanması, həbslər qadınların müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra həyata keçirilib.

Əzizəxanım Atayeva Meydan TV-yə bildirib ki, onlar torpaqlarının ələ keçirilməsi ilə bağlı əvvəlcə Xəzər Rayon Prokurorluğuna şikayət ediblər. Amma onların şikayətləri araşdırılmayıb: “Bizə orada heç qulaq asmaq istəmirdilər. Ona görə də Natiqdən xahiş elədik ki, bizə yol göstərsin, bir vəkil tapsın. Natiq oğlumun dostudur, bizim evin içidir. O da bizə kömək elədi. Bundan sonra Natiqi 1-ci polis bölməsinə çağırdılar, hədələdirlər. Natiqə demişdilər ki, bizə kömək eləməsin. Mən bunu bilədən sonra dedim ki, çəkil kənara, sənə nəsə eləyərlər. Qorxduğumuz başımıza gəldi. Qala kəndinə maşın ustasına gedib, orada tutub qandallayıblar”.

Qadınlar Natiq Məhəmmədsoyun azadlığa buraxılması üçün Prezident Administrasiyası da daxil, müxtəlif dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirəcəklərini bildiriblər.

Ana səhifəXəbərlərAhıl qadınların müdafiəsinə qalxdığı şəxs həbs olundu