Ah, şu … Türkler – 2

Türkiyənin Azərbaycana vurduğu iki ziyandan danışmaq istəyirəm…

Source:


„Ah, şu … türkler” yazısından sonra, Türkiyədəki canım dostlarımdan məktublar aldım. Aralarında biri var ki, onunla litrlərlə Rakı içib, “Bir şarkısın sen” mahnısını zümzümə edə-edə, Kuzguncuğun mehtablı gecələrində Boğaza işəmişik. Dostum redaktordur, Türkcənin incəliklərini öyrənməyimdə xidmətləri böyükdür. Ona olan sevgim və sayğım sonsuzdur.


Deyir ki, “Az bile yazmışsın. Ben olsaydım, türklere daha ağır hakaretler ederdim”.


Qardaşımız “özbəöz” Türkdür, Karamanlardandır. Sözüm onda deyil. Əslində o da məni səhv başa düşüb. Məqsədim türklərə söyüb-saplamaq olmadığına görə, mənə tutduğu iradı qəbul etmirəm. Ola bilsin dediklərim banal təhqir kimi anlaşılıb, yazım bitkin alınmayıb, xeyli suallar doğurub. Elədirsə, aydınlıq gətirim.


Bir ölkəyə, xalqa, topluma topdan hücum etmək tərzim deyil. Azərbaycanlılardan başqa heç kəsi söymərəm. Onları da ona görə söyürəm ki, özümdə bu haqqı görürəm. Puşkin demişkən “Təpədən dırnağa qədər vətənimə nifrət edirəm. Amma bir əcnəbi mənimlə razılaşsa, çox qəzəblənərəm”. Mən heç erməniləri bir etnik qrup olaraq söyməyi, təhqir etməyi özümə yaraşdırmaram, qalsın türkləri.

***

Türkiyənin Azərbaycana vurduğu iki ziyandan danışmaq istəyirəm. İkisi də ilk baxışda faydalı və xeyrimizə görünsə də, bir qədər dərinə getdikdə kələfin ucunu görmək mümkün olur.

Deyilir ki, nurçular gəldi, Azərbaycanda məktəblər açdı, uşaqlarımıza yüksək səviyyəli təhsil verdilər. Onlar olmasaydılar, azərbaycanlılar indi hamılıqla qoyun-quzu otarıb baş girləyirdilər.

Birincisi, bu təhsil heç də təmənnasız deyil. Fetoşçular Azərbaycana xeyriyyə məqsədi ilə gəlməyiblər. Bu yüksək təhsilin qiyməti də yüksəkdir.

İkincisi, bu təhsilin yüksək görünməsi, Azərbaycanın təhsil səviyyəsinin bərbadlığına görədir. Tutaq ki, fətoşçular yox ingilislər, fransızlar, almanlar, kanadalılar, hətta əmin olun ruslar gəlib ölkəmizdə kolleclər açsaydılar, fətoşçulardan daha keyfiyyətli təhsil verərdilər. Gəlmədilər, çünki nə maddi, nə də qeyri maraqları yox idi. Bunlar isə gəldilər, çünki maraqları bir deyil, iki deyil.

Namaz qılıb, oruc tutan şagirdlərə endirimlər etməklə, açıq-aşkar diskriminasiyaya yol verən bu məktəblərin açılmasında əsas məqsəd, Fetoşa sitayiş etməyə hazır bir nəsil yetişdirmək idi. Bu hədəfə artıqlaması ilə çatıblar. Yetişdirdikləri kadrlar bu gün Azərbaycanın dövlət strukturlarında – polisdə, vergi orqanlarında, orduda – təmsil olunurlar. Azərbaycandakı fətoşçuardan ən görkəmlisi – avrasiyaçı meylləri ilə məşhur, prezident aparatının yüksək vəzifəli işçisi, Ramiz Mehdiyevin sağ əli, Rəbiyyət Aslanovanın ceyran gözlü, şirin sözlü oğlu Elnur Aslanovdur.

Bir manıs da var, ictimai sektorda fırlanır, belə çox mədəni, bakir(ə) obraz qurub özü üçün, amma quyruğunu tapdalayan kimi Məsihvari xoşgörüsündən əsər qalmır – mırrrr eləyib, köpək dişlərini göstərir. Ruslar demişkən “очень скользкий тип». Allah gecindən versin, zamanı gələndə anlayarsınız.

Əmin olun – bunların hamısı, funksional olacaqları anın gözləntisi ilə yaşayırlar. Bu gün Türkiyədə yaşanan böhranı hamınız görürsünüz. Qosqoca və güclü bir hökumət bir təriqətin, camaatın əlində yesir qalıb.

Ana şeytanla bala şeytan yüksək bir təpənin üstündə oturub, aşağıdakı tarlaya tamaşa edirlər. Rəncbər bir babanın kotana qoşduğu öküz inad edir, yerindən tərpənmir. Kişi ona bir qamçı, iki qamçı, üç qamçı vurur və axırda bezib “lənət şeytana!” qışqırır. Bala şeytan anasından soruşur: “Ana, o niyə səni söydü? Sənin günahın nədir?” Ana şeytan cavab verir: “Bala, burda oturmağıma baxma. Barmağım ki, öküzün götündədir”.

İndi siz də Fəthullahın ABŞ-da oturmağına baxmayın. Bu qoca köpəyin barmağı Türkiyənin götündədir. Ölkənin altını-üstünə çevirib.

Bu beşinci kolon bir gün Azərbaycanı qarışdıranda artıq gec olacaq. Bunların kadrları hər yerə sızıblar – dövlət qurumları, QHT sektoru, mətbuat, məhkəmələr. Bığlı, eynəkli, kostyumlu fətoşçuların təbəssümü arxasında hansı məkrli planlar yatır, nələr dayanır heç xəbəriniz yoxdur.

Cənub bölgəsi və Bakı kəndlərində aktiv olan İran mollokratiyası, bütün Azərbaycanda tüğyan edən vahabi-sələfi-xəvaric müsibəti Türkiyənin Azərbaycana ixrac etdiyi fətoşçuluq bəlasından daha zərərsizdirlər. Çünki onları görmək olur. Fərqləndirici nişanları göz qabağındadır.

Bunlar isə buqələmun kimi rəngdən rəngə, cilddən cildə girib kölgədə qala, “krısa” kimi çoxala bilirlər.

Əlli faiz səs toplayaraq hakimiyyətə gələn Ərdoğanı taxtından devirməyə çalışan bu qüvvəni ciddiyə alın. Məndən deməkdir.

***

İkinci bəla, türk köşə yazarlarıdır. Bizim yazı əhlinin əzici çoxluğu onları yamsılayır. Bilmirəm bu köşə yazarları nə matah şeydir ki, üslublarını olduğu kimi daşıyıb gətiriblər Azərbaycan mətbuatına.

Türk köşə yazarlarını oxumusunuz? Oxumamısınızsa heç oxumayın. Bir yazı ilə sizə bu texnikanı nümayiş edə bilərəm. Məsələn, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Şahdağa getməsini Türk köşə yazarlarının 98% necə yazardılar? Gəlin baxaq.

“İlham Əliyev Şahdağda sürüşdü. Orda xizək sürdü.

Sürüşdü və sonra qayıtdı. İşinin başına, Bakıya.

Ora tək getməmişdi. Ailə üzvləri də yanında idi.

Bir: Göstərdi ki, Şahdağda sürüşmək yaxşıdır.

İki: Göstərdi ki, istirahətə ailə ilə getmək lazımdır.

Üç: Milli turizm inkişaf etdirilməlidir.

Amma tək Şahdağ deyil. Xizək sürməyə Qəbələ də var.

İlham Əliyev Qəbələyə də baş çəkdi. Yenə ailəsi yanında idi.

İlham Əliyev mesaj verdi ki,

Bir: Qəbələyə də getmək lazımdır.

İki: Qəbələ inkişaf edir.

Üç: Qəbələyə dünyadan turist cəlb edilməlidir.

İlham Əliyev dincəldi və qayıtdı. İşinin başına qayıtdı.

Biz də gərək Şahdağa gedək. Heç olmasa Qəbələyə gedək. Pul tapsaq gedərik.

Bəs məmur, müəllim, həkim, əsnaf necə getsinlər sürüşməyə? Qiymətlər bahadır, cibdə də pul yox.

Bu yoxluq üzür insanı. Prezidentin xizək sürməsinə baxır insanlar. Özləri sürə bilmirlər.

Güvəndiyimiz dağlara qar yağdı.

Bir: Yaxşı oldu yağdı.

İki: Bundan sonra həmişə yağsın. Xizək sürə bilsin insanlar.

Üç: Birinci qar, birinci qar, qəbimizin sevinci qar…“

Bu qədər. Bu yazının da orda qiyməti olsun min dollar.

Ya da belə:

…Dünən gəzməyə çıxmışdım.

Məqsədsiz… Öyləcə gəzməyə…

Qarşıma bir qoca çıxdı…

Onun qarşıma çıxışında bir fəlsəfə yoxdu… Sadəcə çıxmışdı.

Uzun-uzadı mənə baxdı və susdu… Mən də susdum. Sonra sordu qoca məndən:

– Övladım – dedi. – Bu həyat nədən böylə…

Susdum… Susuşumda bir məqsəd yoxdu… Öyləcə, sıradan bir susuşdu mənimkisi…

İndi mən sizdən soruşuram:

– Bu həyat nədən böylə…

Vəssalam. Oxu sayı yüz minlər, qonorar yenə ən azı min dollar, adam da ölkənin ən məşhur yazarlarından biri.

***

Boşboğazlıq, osturaqçılıq. Başqa adı varmı? Dünyada ən mənasız iş nədirsə onu tapın və üç gün boyunca o işlə məşğul olun. Məsələn, üç gün boyunca, dayanmadan suyu bir fincandan obirinə boşaldın, amma beşcə saniyə belə olsa türk köşə yazarının yazdıqlarını oxumayın.

Əlinizi vicdanınıza qoyun və deyin – Rusiyanın Bıkovu, Şenderoviçi, Çxartişvilisi hara, türklərin köşə yazarları hara? “Afişa”, “snob”, “slon”, “colta” kimi intellektualizmin zirvəsi olan rus saytları hara, türklərin bol məməşli, skandal xəbərli debil saytları hara? Türkiyədə Colta.Ru səviyyəsində bir sayt varmı?

***

Türklərin xeyri heçmi olmadı bizə? Əlbəttə oldu. Rusca, ingiliscə, almanca, fransızca bilməyən azərbaycanlıların dünya ədəbiyyatına çıxışı türkcə tərcümələr üzərindən təmin olunur. Sırf buna görə Türkiyəyə yekə bir təşəkkür düşür.

Ana səhifəMənim FikrimcəAh, şu … Türkler – 2