İbrahim Nehrəmli isə şantaj olunduğunu iddia edir
Mayın 19-da Qazax rayonunun Yuxarı Əskipara kəndindən olan məcburi köçkün, iş adamı Elşad Məmmədov Qazax şəhərindəki Mütəfəkkirlər Parkında başına toplaşmış bir qrup insanla birlikdə aksiya keçirib. «Avesta» Konserninin sahibi İbrahim İbrahimova (İbrahim Nehrəmli kimi tanınan iş adamı) tərəfindən əmlakının mənimsənildiyini iddia edən sahibkar mayın 18-də ağzını tikib.
Azerlife.org saytının məlumatına görə, aksiya saat 9:30-da baş tutub. 50-dən çox adamın iştirak etdiyi aksiyanı polislər dağıtmaq istəsələr də, buna nail ola bilməyiblər.
Aksiya iştirakçılarını Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov qəbul edib. Görüşdə iştirak edən aksiyaçıların sözlərinə görə, icra başçısı Elşad Məmmədovun şikayətini ölkə rəhbərliyinə çatdıracağına söz verib.
İş adamı İ.Nehrəmli isə Publika.az-a açıqlamasında deyib ki, Elşad Məmmədov bütün məhkəmələrə müraciət edib və hər dəfə də uduzub: “Mən “Xəzər adaları”nda restoran tikdirirdim. Mən oranı 700 minə tikdirirdim. Ancaq bunlar mənə dedilər ki, bizim imkanımız var və oranı 500 minə tikərik. Sonra bu adamlar məndən pul aldılar, 300 mindən çox məbləğə isə ev götürdülər. Sonra isə onlar aldıqları 2 evin birini başqasına satdılar və Gürcüstana qaçıb getdilər. Mən onları tapdırıb Azərbaycana gətizdirdim. Məndən aldığı pulların əvəzinə də bir evini verdi. Məni də 300 min ziyana saldılar. Bu adamı məhkəməyə vermişəm. O, bütün bunları sonradan məhkəmədə də etiraf edib. Mən qanuna tabe olan adamam. Bizim boynumuz dövlətimizin qanunları qarşısında hər zaman qıldan incədir. Mən “bandit” deyiləm. İş məhkəmədədir. Onun özünə də dedim ki, mən işi verirəm məhkəməyə. Məhkəmə son qərarı nə çıxaracaqsa, o da olacaq. Məhkəmə desə ki, ev sənindir, o zaman elə də olacaq. İndi bu adam məhkəmənin qərarı ilə razılaşmır, ağzını tikməklə, özünü yandırmaqla məni şantaj edir. Belə hərəkətlərlə iş olmaz. Mən adam axtarıram ki, evi satım. İndi necə olur ki, mən gedib guya bundan evi geri alıram? Ümumiyyətlə, bu, məntiqsizdir. İndiyədək nə qədər xeyirxah işlər görmüşəm, 5 məscid inşa etdirmişəm və sairə. Heç mən gedib kiməsə ev satıb sonra geri alaram?”
Elşad Məmmədov deyir ki, iş təkrar Korrupsiya İdarəsində araşdırıldığı üşün Ali Məhkəmənin plenumu işə baxmağı təxirə salıb.
İbrahim Nehrəmli isə deyilənlərlə razılaşmır: “Bu adam indiyədək 3 məhkəmədə uduzub. İndi Korrupsiya İdarəsi nəyi araşdıracaq, onu mən bilmirəm. Eybi yox, qoy araşdırsın, dövlət orqanı olduğu üçün mənim bu işə heç bir müdaxilə etmək ixtiyarım yoxdur. Ancaq bunu hamı bilsin ki, Elşad Məmmədov mənə pul verməyib. Üstəlik də pul verməyə-verməyə dələduzluqla və şantajla məşğul olur. Bu adam seçkilər dövründə gah Cəmil Həsənlinin yanında jurnalistlik edir, gah məhkəmədə YAP-çı olur, gah AXCP üzvü, gah iş adamı, gah da qaçın olur. O adamın nə işə qulluq etməsi bəlli deyil. Bu adam qaçqın kimi gəlib yanıma mənə desəydi ki, mənə ev ver, mən ona çoxdan ev vermişdim. Amma kimsə məni şantaj edib məndən ev ala bilməz”.
Elşad Məmmədli ölkə rəhbərliyinin məsələyə reaksiyasını gözlədiyini deyir. Onun sözlərinə görə, haqqı bərpa olunmasa, intihar edəcək.