Ağzını bağla, müharibə gedir

Diqqət, bu yazıda ruh yüksəkli və ya düşkünlüyü yox, ruh dirçəlişi var.

Source:

İki gündür ölkədə “müharibə” gedir. Azərbaycan mətbuatı belə xəbəri ilk ermənilərdən alır. Ermənilər deyir filan qədər Azərbaycanlı hərbçi öldürmüşük, sonra Müdafiə Nazirilyi açıqlamağa məcbur olur. Vurub əsgərlərimizi öldürüblər “hərbi sirr” kompleksinə sığınıb, heç bir məlumat vermirlər. Erməni nə hərəkət edirsə, ona görə də xalqa açıqlama verirlər.

İş o yerə çatır ki, İlham Əliyevin Sarkisyanla bu ayın 8-9 Soçidə (yenə Rusiya) görüşəcəyini də Azərbaycan mediası Ermənistan baş nazirinə istinadən xəbər tutur və yayır.

Azərbaycan jurnalistikası, televiziyası və mediası nə işlə məşğuldur? Deyim də, Leyla Yunusun qızının adına saxta hesab açıb, kütləyə kələk gəlməklə, hansısa erməni jurnalisti adına hesab açıb, erməni əsgərlərinin ölüm sayını artırmaqla. Boyunuzu heç yerə soxmuram, şəhidlərdən ayıbdır.

İki gündür hamı matəm-matəm, başsağlığı filan deyir. Hökümət rəsmiləri deyir sakit olun, 22 ildir bu vəziyyət var da, gərək o zaman hər gün matəm edək? Və “müharibə gedir” deyən xalq, bununla razılaşır.


Başsağlığı xalqı saymaqdır, statistika yox

Başsağlığı verilir, gedir hansısa məşhur azərbaycanlı futbolçuya. Əşi başsağlığınız təpənizə dəysin, Soma üçün ağlayırdız axı… Harda? Canlı yayımda! Bodrumdakı istirahətdən yeni dönmüş Zakir Həsənov niyə canlı yayıma çıxmır? Hardadır ali baş komandan? Niyə görsənmir? Türkiyənin Xarici İşlər Naziri canlı yayımda başsağlığı verdi. Hakan Şükür, Doğuş, Gülben Ergen və s. məşhurlar da həmçinin. Bununla heç nə olan deyil amma xalqı saymaq, onunla bir yerdə olduğunu nümayiş etdirmək, ölkəyə sahib çıxmaqdır bunun adı. Zaqulbada nə vaxta qədər istirahət edəcəksiniz, cənab prezident? Bir azdan açıqlamalarınızı da gözəl evlər verdiyiniz mətbuatımız ermənilərə istinadən yayacaq?

Bütün günü müharibə filmləri göstərən kanallar, çox sağ olun, sosial şəbəkələrdəki qınaqdan sonra güya dərs aldınız. Bizə Hollywood filmləri lazım deyil axı. Bir danışın görək cəbhə bölgəsində nə baş verir? Əsgər ailələri narahatdır, bu son şəhid sayının səbəbi nədir? Sabah müharibə olsa xalqımız buna hazırdırmı? Hansı addımlar atılmalıdır, xalq necə davranmalıdır? Kəndlər boşaldılır deyirlər, həqiqətdirmi? Hanı sizin bölgədən reportajlarınız? Hanı sizin hərbi ekspertləriniz, dəyirmi masalarınız, ciddi mövzuları müzakirə edəcək verilişləriniz? Nə vaxta qədər məişət ekspertləri, evlilikşünaslar, falabaxanlarla iyrəndircəksiniz tamaşaçıları? İki dəqiqə şəhid dəfnindən kadr göstərməkləmi başlayıb bu “müharibə” sədaları?


“Bilmirəm” müharibəsi gedir?

Mənə deyirlər birlik zamanıdır. Tənqid etmə, sus, müharibə gedir, sənsə ağzına gələni yazıb, ara qatırsan. Qardaşlar, bacılar, əzizlərim, harda gedir müharibə? Müharibə gedən ölkədə səfərbərlik elan olunar.

Güya “müharibə gedən ölkədə” jurnalistlər Azərbaycan prezidentinin cəbhədə baş verənlərlə bağlı reaksiyasını öyrəniblər. Xalqa başsağlığı diləyirmi? Bu və digər suallara cavab, ictimaiyyət üçün maraqlı olar deyə, prezidentin mətbuat katibilə əlaqə saxlayıblar. O da deyib ki, “vallah, bilmirəm”.

Birləşək əlbəttə amma müharibə gedən ölkədə gənclərin həbsi davam edər? Müharibə gedən ölkədə kanallar şou verlişlər, gic-gic kinolar, mənasız-axmaq verilişlər yayımlayar? Müharibə gedir amma Leyla Yunusa qarşı kadrlar yayımlayırlar. Müharibə gedir amma hüquq müdafiəçisi Rəsul Cəfərovu həbs edirlər, ictimai fəal Oqtay Gülalıyevin oğluna qarşı cinayət işi açırlar. Müharibə gedir amma Qubada hansısa məmurun oğlu, girib restorana camaata xəsarət yetirir, təhqir edir. Şuşanın icra hakimi villası ilə, Əli Həsənov şirkətləri ilə fəxr edir.  Ad da olur ki, Həbib Müntəzir xalqı ruhdan salır.

Bezmədiz hər il bu dava-dava oyunundan? Əsl oyun gələn ildir axı, Azərbaycan hakimiyyəti və xalqı Avropa Olimpiya oyunlarına hazırlaşır. Bu ərəfədə müharibədən söhbət belə gedə bilməz. Sadəcə hər il olduğu kimi qoşunların təmas xəttində atəşkəs şiddətli dərəcədə pozulub. Azərbaycan xalqı ilə təmasdan çox, Sarkisyanla görüşən İlham Əliyevin badına cavan-cavan vətəndaşlarımız gedirlər. Təbii ki, Rusiya hökümətinin razılığı və diqtəsi əsasında. Xatırladım ki, budəfəki Soçi görüşü İlham Əliyevin Serj Sarkisyanla 16-cı görüşü olacaq. Bu dəfə yaydır, xizək sürməyəcəklər, çox güman ki, at yarışı izləyəcəklər. Sonra da nahar edib, xalqlar üçün qarışan aranı sakitləşdirib, dağılışacaqlar.

Yadınızdadır şəhid Mübariz İbrahimov? Seçkilərə azca qalmış onun vəfatı və seçkilər günü dəfn edilməsi? İndi də ermənilər sevinirlər, forumlarında filan yazırlar ki, “Mübarizin intiqamı alındı”. Nə vaxta qədər? Müharibə istəyənlər, bir dönüb Suriyaya, Misirə, İraqa, Əfqanıstana baxsınlar. Torpaqlarımız işğaldan azad olmalıdır, ona söz yox. Amma bu iki qana susamış rejimlərlə yox! Bunlar problemin həllinə yox, problemlə xalqları manipulyasiya edirlər. Bu oyunlara aldanmayın, ayıq-sayıq olun. Bu saxta profil söhbətləri, qondarma rəqəm şişirtmələr, biganəlik, dövlətin laqeydliyi, ordudakı özbaşnalıq, əsgər ölümləri, əsgər ailələrinə olan diqqətsizlik, “Əsgər ölümünə son!” deyən gənclərin 6-8 il həbs olunması, Qarabağ qazilərinin özünə od vurması sizə heçmi heç nə demir?


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəAğzını bağla, müharibə gedir