Rəsulzadə küçəsinin sakinləri deyir, məhəllədə avtoqəza baş verib, köməyə gediblər, polis tərəfindən döyülüb-söyülüblər
“Küçəmizdə yol qəzası baş verdi, qaçıb getdik ki, yaralı varsa, kömək edək. Yol polisləri gəldi, bizi yaxın buraxmadılar. Hadisənin yaxınlığında dayanıb müşahidə eləyirdik ki, yaralı varsa, kömək eləyək. Bu vaxt post-patrul maşını gəlib yanımızda saxladı, Anar adlı polis əməkdaşı maşından düşən kimi “qoduq uşağı, qoduq, nə tamaşaya durmusuz, cəhənnəm olun xarabanıza” deyib bizi təhqir elədi, sinəmizdən itələdi. Abdulla adlı qonşum ondan vətəndaşlarla ədəbli davranmasını tələb edəndə itələyib yerə yıxdı”.
Bunu Meydan TV-yə Ağsu sakini Şöhrət Ələkbərov deyir.
Onun sözlərinə görə, bu il aprelin 27-də axşam saat 7 radələrində yaşadığı Ağsu rayonu, Rəsulzadə küçəsində avtomobil toqquşması baş verib. O və həmin küçədəki qonşular özlərini dərhal qəza yerinə çatdırıblar ki, yaralılara kömək etsinlər. Ancaq qəza yüngül keçdiyindən yaralı da olmayıb. Hadisə yerinə əvvəlcə yol polisləri, daha sonra Ağsu Rayon Polis Şöbəsinin post-patrul xidmətinin polisləri gəlib. Şöhrət Ələkbərov deyir, post-patrul xidmətinin əməkdaşı Anar Həmidov maşından düşəndən sonra oraya yığışanları təhqir edib, hətta fiziki zor da tətbiq edib.
“Polisin vətəndaşı döyməsi normaya çevrilib”
“Sərxoş idi, ayaq üstə zorla dayanırdı. Şəxsən məni küçə söyüşləriylə təhqir etdi, şikayət eləmişəm, baxan yoxdur. Prezidentə, prokurorluğa, daxili işlər nazirinə yazmışıq… Heç bir reaksiya yoxdur. Elə bil ki, bu, normadır, belə də olmalıydı, polis vətəndaşı söyə də, döyə də bilər, polis əməkdaşı olduğu üçün bütün hallarda haqlı odur… Bu, cəzasızlığın, arxayınçılığın nəticəsidir ki, həmin polis işçiləri qanunsuzluqlarını sonra da davam etdirirlər. Anar adlı həmin polis işçisi hadisədən 10 gün sonra post-patrul maşını ilə rayonun içində böyrümdən ötəndə maşını saxladı, şüşəni aşağı endirib qışqırdı ki, “bura gəl əəə, sən kimsən ki, Abdullaya şahid durursan, mənim əleyhimə izahat verirsən? Get izahatını geri götür, yoxsa var-yoxunu filan şey eləyərəm, beynimi döndərmə”. Bunu deyib, çıxıb getdi,”- şikayətçi deyir.
“Məni yerə yıxıb sürüdü, 24 gün müalicə aldım”
Şöhrət Ələkbərovun dediyi kimi, hadisə yerində olanlardan biri də qonşusu Abdulla Abdullazadə olub. Abdulla Abdullazadə deyir, polis işçisinin onu döyməsi və təhqir etməsi nəticəsində sarsıntı keçirib, 24 gün xəstəxanada qalıb:
“Hadisə yerinə gələn polis işçisi sərxoş idi, bizə “qoduğ uşağı, cəhənnəm olun, nə var əl-ayağa dolaşırsız” deyib, təhqir edəndə ona hadisə yerinə sərxoş gəlməsini irad tutduq. Vətəndaşlara qarşı ədəbsiz davranışına etirazımızı bildirdik. Çünki məndən əvvəl başqa bir nəfərə tərəf cummuşdu, onu vurmaq istəyəndə başqa bir polis işçisi qarşısına keçib dedi ki, işin olmasın, tanış adamdır, ayıbdır. O da həmin adama “qurban olasan buna, yoxsa səni şöbəyə aparıb cibinə nəşə atardım, ağlın başına gələrdi,”- dedi. Sonra da ondan əl çəkib mənim üstümə cumdu, boynumdan yapışıb məni sürüyə-sürüyə apardı, ayağıma təpik vurdu, təxminən 10 metr sürüyəndən sonra kürəyimdən yumruq ilişdirdi, səndələyib yıxıldım. Adamlar örtaya girdi, ondan sonra huşumu itirmişəm, orada olan adamların köməkliyi ilə evimə götürülmüşəm. Vəziyyətim ağır olduğundan təcili yardım çağırılıb, məni Ağru Rayon Mərkəzi Xəstəxanasına götürüblər, 24 gün müalicə almışam. Onu da bildirim ki, ürək xəstəliyinə görə 2-ci qrup əliləm. Ekspertizadan keçirilmişəm. Bununla belə, rayon prokurorluğu polisin qanunsuz hərəkətlərini ört-basdır etməklə məşğuldur”.
Ağsu Rayon Polis Şöbəsindən bildirilib ki, vətəndaşlar Şöhrət Ələkbərovun və Abdulla Abdullazadənin şikayətləri prokurorluq tərəfindən araşdırılıb, təsdiqini tapmayıb. Şöbədən əlavə məlumat almaq üçün prokurorluğa müraciət etməyimizi bildiriblər. Ağsu Rayon Prokurorluğundansa bildirilib ki, şikayətçi şəxs Abdulla Abdullazadənin həyat yoldaşı Gülnarə Abdullazadə olub. Məsələ araşdırılıb, cinayət işi başlanmasının rədd edilməsi qərarı çıxarılıb, qərarın surəti şikayətçi şəxsə də göndərilib.
Anar Həmidov prokurorluğa izahatında bildirib ki, Ağsu Rayon Polis Şöbəsinin post-patrul xidmətinin manqa komandiridir, polis baş serjantıdır. Rəsulzadə küçəsində avtoqəza ilə bağlı məlumat alan kimi həmin əraziyə gedib. Hadisə yerinə toplaşan vətəndaşlardan hadisə yerinin müayinəsinə maneçilik yaratdıqlarını bildirərək oradan kənarlaşmasını tələb edib. Adamlar tələbə əməl etmədikləri üçün tələbini daha yüksək səslə təkrarlamalı olub. Şikayətçilərin dediyi kimi, onlara qarşı kobudluq və fiziki zor tətbiq etməyib. Növbəti gün səhər ona məlum olub ki, Abdulla Abdullazadə onunla bağlı DİN 102 xidmətinə şikayət edib.
Hər iki şikayətçini məyus edən səbəb polis əməkdaşı ilə bağlı qanuni tədbirlərin görülməməsidir. Onlar bildiriblər ki, növbəti dəfə prezidentə, daxili işlər nazirinə və Baş prokurora müraciət edəcəklər.